“Müəllimin qazancı onun yetirdiyi şagirdləridir”

0
522

Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Bu gün müəllim azad, müstəqil dövlətimiz üçün sağlam nəsil yetişdirir. Müəllim günü ərəfəsində bu şərəfli peşənin sahiblərindən biri ilə, ömrünün 30 ildən çoxunu gənc nəslin vətənpərvər və savadlı böyüməsinə həsr etmiş bir müəllim, Mingəçevir 4 saylı Tam Orta Məktəbin direktoru Azər Qazıyevlə görüşdük. Bir peşəkar müəllim kimi öz sənətini və şagirdlərini çox sevib və sevir. Çalışdığı bu illər ərzində gözəl tərbiyə, əxlaq və uğurları ilə məktəbin adını ucaldan şagirdləri olub. Elə bu əxlaq, tərbiyə və səliqə-sahman məktəbin dəhlizindən içəri daxil olanda nəzəri cəlb edir. Belə ki, məktəbdə yaradılan səliqə-sahman, dəhlizlərdəki gül-çiçəklər insanı valeh edir. Müəllimlərin və şagirdlərin məktəbli formasında olmaları bu təəssüratı daha da dərinləşdirir.

Azər müəllim bizimlə söhbətində müəllimlik sənətinin çətin və məsuliyyətli peşə olduğunu söylədi: “Öncə qeyd edim ki, bu gün sürətlə inkişaf edən ölkəmizdə təhsil sistemi daim yenilənir. Son illər məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində çoxsaylı proqram və layihələr həyata keçirilir. Təbii ki, bütün bunlar da biz müəllimlərin məsuliyyətini daha da artırır. Rəhbərlik etdiyim 4 saylı tam orta məktəb də 2013-cü ildə əsaslı təmirə dayanıb 2015-ci ilin fevral ayında təmir başa çatıb. Müəllim kollektivi ilə birlikdə çalışırıq ki, bu təmirli məktəbi təmiz və səliqəli saxlayaq. Şərt nəyi isə yaratmaq deyil, onu saxlamaq ondan 10 qat çətindir. Bu səliqə-sahman həmişə belə davam edəcək. Bu gözəl şəraitdə həm gözəl əhvali-ruhiyyəmiz var, həm də builki qədər uğurlarımız daha sevindiricidir. Belə ki, ali məktəblərə qəbul nəticəmiz 60,7 faiz olub. Nailiyyətlərimiz bununla bitmir. Təhsil Nazirliyinin keçirdiyi “Bu günün qənaəti, sabahın təminatı” elektron layihədə 4 nəfər şagirdimiz öncül yerləri tutub və onlara nazirliyin xüsusi hədiyyələri təqdim olunub. Təbii ki, bütün bu nailiyyətlər bir müəllim kimi bizi çox sevindirir”.

“Müəllim hər bir şagirdin iç dünyasına daxil olmağı bacarmalıdır”

– Öz müəllimlik təcrübəmə əsaslanaraq deyə bilərəm ki, müəllim hər bir şagirdin iç dünyasına daxil olmağı bacarmalıdır. Onları hər yöndə tanımalıdır. Bütün bunları müəllim, ilk növbədə, bilməlidir. Cəmiyyətə yararlı insan bəxş etmək üçün, ilk növbədə, tərbiyə, təhsil və inkişaf bir vəhdətdə götürülməlidir. Şagird də bir insandır, şəxsiyyətdir. Məktəbə ilk qədəm qoyan şagird ilk nə görsə, nə eşitsə dərhal beyninə həkk olunur və bu da onun xasiyyətini formalaşdırır. Onu da vurğulamaq yerinə düşər ki, müəllim öz mehribanlığı, səmimiliyi ilə şagirdi ələ almağı bacarmalıdır. Təcrübəli, mehriban və tələbkar müəllimi şagird də sevir. Bir də ki valideyn müəllimlə həmişə əlaqə saxlamalıdır. Ümumiyyətlə, ailənin təhsilə təsiri çox önəmlidir. Bu baxımdan deyə bilərəm ki, bizim məktəbin valideynləri bir ailə kimi məktəbin hər bir işində yaxından iştirak edirlər. Onu da deyim ki, bunu onlar könüllü olaraq edirlər. Məktəbin həyətyanı sahəsində hər həftə böyük iməcilik edirik. Bu kimi işlərin də görülməsi səliqə-sahmandan xəbər verir. Bir sözlə, müəllim həmişə axtarışda olmalıdır. Çünki hazırlıqlı müəllim şagirdin qarşısında bir ideala çevrilməlidir. Biz müəllimlərə cəmiyyətin gələcək sahiblərinin taleyi həvalə olunursa, bu ağır yükü çiyinlərimizdə daşımağı bacarmalıyıq.

Müəllim yeni cəmiyyət

quruculuğunun ən fəal iştirakçısıdır

– Ölkə rəhbərinin təhsilə olan diqqət və qayğısı biz müəllimləri vadar edir ki, çalışdığımız sahənin öhdəsindən layiqincə gələk. Şəhər rəhbərliyinə də öz minnətdarlığımızı bildiririk ki, mütəmadi olaraq məktəbimizlə maraqlanır, tədbirlərimizdə iştirak edirlər. Qarşıdan 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü gəlir. Bu gün müəllimin ən sevincli günüdür. Biz müəllim kollektivimizlə birlikdə bu günü məktəbimizdə qeyd edirik. Bu gün Azərbaycan müəllimləri 20-25 il əvvəl olduğu kimi uçub dağılmış, təmirsiz məktəblərdə dərs demirlər. Buna görə də Prezidentimizə minnətdarlıq edirik. Onlar üçün çox gözəl, rahat şərait yaradılıb. İndi biz müəllimlərdən daha ciddi işləmək, təhsilin keyfiyyətini yüksəltmək, gələcəyin sağlam düşüncəli qurucularını yetişdirmək tələb olunur.