Müəllim və…

659

Üçüncü sinifdə oxuyan nəvəm Əkrəm rəngli kağızlardan bir ev şəkli çəkib, yanında da böyük hərflərlə “BABA, SƏNİ MÜƏLLİMLƏR GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏBRİK EDİRƏM” yazdığı vərəqi uzadıb məni təbrik edəndə çox sevindim, bağrıma basıb, diqqətinə görə təşəkkür etdim.

İçimdə müsbət cavab verməyə cəsarət eləmədiyim bir sual sətirləndi: “Mən müəllim ola bilmişəm, görəsən?” Bir neçə il bundan əvvəl bir nəfərlə mübahisə zamanı ona otuz ilin müəllimi ilə danışdığını vurğuladım. O Allah saxlamış da mənə çox qısa və aydın bir cavab verdi: “Sən heç üçqəpiklik də müəllim deyilsən”.

Əvvəlcə, bərk hirsləndim. Bir neçə gün qəzəbimi uda bilmədim. Sonra anladım ki, kişi bacardığı qədər qiymət verib mənə. Qiymətli müəllim belə bir cahilə baş qoşmaz. Ondan sonra sakitləşdim. Bu epizodu tez-tez təbəssümlə xatırlayıram, çünki kimin kim olduğunu, dəyər-qiymətini bircə Allah bilir.

Dünya Müəllimlər Günü 1994-cü ildən bəri dünyanın hər yerində qeyd olunur. Oktyabrın 5-ci günü müxtəlif yerlərdə fərqli şəkildə qeyd olunsa da, mahiyyəti eynidir. Bu gün əksər insanlar öz müəllimlərini yad edir, imkan dairəsində onları təbrik eləməyi özlərinə borc bilirlər. Təbrik bir yana qalsın, həyatlarının formalaşmasında əvəzsiz rolu olmuş müəllimləri kövrək hisslər, xoş xatirələrlə yad edirlər. Müəllimin missiyası yalnız dərs dediyi sinifdəki şagirdlər deyil, ətrafındakı hər kəsin kamilləşməsinə çalışmaqdır. Dünyanın hansı nöqtəsi olur-olsun, yetişmiş hər hansı bir dahi bütün dünya üçün xeyirli insan kimi düşür tarixə. Müəllim insanlara ölməzliyə gedən yolun açarı olan elm adlı bir nemətə yiyələnməkdə kömək edir. Sözümüzə həzrət Mövlanənin ölməz sözləri ilə qüvvət verək:

Elmli bir adam: “Hindistanda elə bir ağac var ki, onun meyvəsini yeyənlər nə qocalır, nə də ölürlər,” – deyir. Bunu eşidən padşah onun dediklərini doğru sanıb, o ağaca və meyvəsinə aşiq olur. Saray adamlarından ən bilikli birisini ağacı axtarıb tapması üçün Hindistana göndərir. Yazıq adam illərlə Hindistanı addım-addım gəzib ölməzlik ağacını axtarır, gəzmədiyi şəhər, ada, dağ, düz qalmır. Ağac haqqında kimdən soruşursa, hamı onu dəli adlandırır, ələ salıb gülürlər. Bəzən ona müxtəlif yerlərdə bitən qəribə ağaclar haqqında məlumat verir, o da axtarışını davam etdirir. Qürbətdə arayıb axtarmaqdan yorğun düşmüş adam öz acizliyini dərk edir, ümid ipi qırılır, daha axtarmır. Ağlaya-ağlaya geri dönən nadim keçdiyi məmləkətdə bir şeyx haqqında eşidir. Gedib onu görüb yoluna davam etməyi qərara alır. “İstədiyimi tapa bilmədim, ümidim kəsildi, barı duası yoldaşım olsun,” – deyir. Gözləri yaşlı halda şeyxin hüzuruna yetişir. Başına gələnlərdən, çəkdiyi zülmlərdən, insanların onu dəli hesab etdiklərindən danışır. Şeyx gülümsəyərək deyir: – Axtardığın o ağac elm sahibindəki elmdir. Çətiri ətrafa yayılan bu uca, nəhəng ağac hər tərəfi tutan dəniz kimidir, abi-həyatdır, sahibinə əbədi həyat bağışlar.

Oxuduğum yazılardan birində yaxşı müəllimi çiçəklərdən nektar çəkən arıya bənzətmişdilər. O da gül kimi gənc insanların ən gizli qabiliyyətlərini axtarıb tapır, onları bal kimi insanlığın xidmətinə verir.

Müəllim əslində nəsillərin tərbiyəçisidir. Qarşısındakı şagird öyrəndiklərini yaşadığı ailəyə, ətrafa daşıyır, müəlliminin təmsilçisi olur.

İtaliyalı astronom Qalileo Qaliley deyirdi: – Siz adama heç nə öyrədə bilməzsiniz. Sadəcə olaraq, ona nəyi isə öz içində kəşf etməyə kömək edə bilərsiniz. Böyük alimin sözlərindən belə çıxır ki, müəllim sinifdə şagirdlərinə dərslikdəki cüzi biliyi öyrətməklə kifayətlənməməli, onları elmin ucsuz-bucaqsız üfüqlərinə həsrətlə boylanmağa, elm səmasının ənginliklərinə yüksəlməyə hazırlamalıdır.

Müəllim təkcə öyrədən deyil, həm də öyrənəndir. Öyrənmədən öyrətmək heç bir zaman mümkün olmamışdır. Günümzdə bu məsələ daha da aktualdır. Dərsliyin qulu olaraq öyrətmək zamanə ilə ayaqlaşa bilməmək, hətta çox geri qalmaq deməkdir.

Müəllim peşəsinin çətinliklərindən biri də pedaqoji prosesi reseptlə təyin etməyin qeyri-mümkünlüyüdür. Müəllim dərs prosesində hər an gözlənilməz, cavabı ən mükəmməl pedaqoji dərsliklərdə belə əksini tapmayan hadisələrlə üzləşə bilər. Bu cür situasiyalardan uğurla çıxmaq bəzən mümkün olmur. Pedaqoji fəaliyyətimin ilk illərində yaşadığım hadisələrdən biri ilə fikrimi aydınlaşdırmağa çalışım. Dərs zamanı partalar arasında, sinif boyunca gəzmək vərdişim vardı. Özüm də bilmədən, deyəsən, bu vərdişim həddi aşıbmış. Bir gün yenə adətim üzrə lövhədən arxaya, arxadan da lövhəyə doğru danışaraq addımlayarkən sinfin sakitliyi içərisində üzü lövhəyə gedərkən arxamca birisinin addımladığını hiss etdim, ancaq bildirmədim. Daha bir dövrə vuranda döşəmənin qıjıltısını və bir-iki şagirdin gülüşlərini boğub pıqqıldadığını açıq-aydın eşitdim. Üçüncü dövrədə lövhəyə doğru bir neçə addım atıb, cəld arxaya çevrildim və dəfələrlə ardımca addımlayıb tez də əyləşən Tərlan adlı şagirdimlə üz-üzə dayandım. Bayaqdan nə deyəcəyimi, necə hərəkət edəcəyimi bilmədiyim halda, Allah mənə bu cümlələri deməyi nəsib elədi: – Müəllimi yamsılamaq çox yaxşıdır. Şadam ki, məni yamsılamaq istəyirsən, ancaq istərdim ki, məni və ya digər bir müəllimini həyatda təqlid edəsən, daha yaxşı müəllim, şəxsiyyət olasan. Təbiətcə mehriban və utancaq olan şagird üzr istədi, bir an sonra heç nə olmamış kimi dərsimizə davam etdik. Bu epizod mənim üçün də dərs oldu – dərs zamanı şagirdlərin diqqətini çəkəcək heç bir artıq, yeknəsəq hərəkətə yol vermək olmaz.

Müəllimlər həmişə böyük hörmət və etimad sahibləri olublar. Bunun əsas səbəbi müəllim sənətinin ucalığı, unikallığındadır. Məktəbin ilk siniflərindən tutmuş, günümüzə qədər həyat yolumuza nəzər salsaq, bu müqəddəs peşə sahiblərinin həyatımızdakı əhəmiyyətini görərik.

***

Müəllimlə yanaşı müəllimlər müəllimi də vardır. Onlar bəşəriyyətin tərəqqisini sürətləndirən, tarixin gedişatını dəyişdirə bilən insanlar yetişdirirlər. Tarix belə nümunələrlə zəngindir. Biz insanlığın inkişafına müsbət təsir göstərən müəllim və onların yetirmələrini nəzərdə tuturuq. İstanbulu fəth edən Fateh Sultan Mehmetin müəllimi Ağ Şəmsəddin həzrətləri belə müəllimlərdəndir. Əksər saray alimlərinin Bizans ordusunun müqavimətini qırmağın mümkün olmadığında israr etdikləri və sultanın az qala vaz keçəcəyi anda böyük müəllim: – Nəbadə! Əsla vaz keçmə! – deyir. Şanlı zəfərdən sonra Fatehin müəlliminə məhəbbəti daha da artır, o həddə çatır ki, Ağ Şəmsəddindən onu öz dərvişlərinin arasına qəbul etməyi xahiş edir. Müəllim şagirdinə nə qədər məhəbbət bəsləsə də, sevimli şagirdinin xahişini ciddi şəkildə rədd edib deyir: – Xeyr! Osman oğullarının dərvişə deyil, sultana ehtiyacı var! Şagirdinin inadkarlığına yaxşı bələd olan müəllim başını götürüb ən ucqar bölgəyə getməyə məcbur olur. Allah Ağ Şəmsəddin və onun kimi saysız-hesabsız müəllimlər müəlliminə rəhmət eləsin! İnsanlığın ən böyük müəllimləri Allahın göndərdiyi peyğəmbərlər, xüsusilə də peyğəmbərlər peyğəmbəri Həzrət Muhamməddir (s.a.s). İnsanlığın İftixar Tablosu (s.a.s) hər sahədə olduğu kimi, öz missiyasına sadiq qalmaqda da gözəl nümunə göstərmişdir. Peyğəmbər Əfəndimizin (s.a.s) Meracdan sonra yenə insanların arasına dönməsi ilə öz missiyasına, gözəl əxlaqı tamamlamaq, insanlığın xilasına xidmətə hədəflənmənin şah nümunəsi oldu. Bunun nə qədər ehtişamlı bir addım olduğunu Abdul Quddüsün sözləri daha aydın göstərir: – Peyğəmbər Əfəndimiz (s.a.s) ağılların almayacağı nöqtələrə yetişdi və geriyə gəldi. Allaha qəsəm edərəm ki, məni o aləmlərə çağırsaydılar, vallahi, billahi, tallahi geriyə dönməzdim.

Peyğəmbər Əfəndimiz (s.a.s) isə insanların əlindən tutub duyduğu, gördüyü, hiss etdiyi, məzhər olduğu şeyləri duyurmaq üçün yenidən o çiləli aləmə – bu dünyaya döndü.

Kimsə deyib ki, yaxşı müəllim zəif şagirdi yaxşı, yaxşı şagirdi isə əlaçı edir. Bir epizodda deyildiyi kimi:

Artıq üç məktəbdən qovulmuş şagird gətirilmişdi məktəbə. Bir müəllim sinfə gəldi, yeni şagirdə baxdı və düşündü:

– O məktəbdən ancaq belələri çıxar…

İkinci müəllim gəlib yeni şagirdi görüb, qəzəblə dedi:

– Bircə sən əskik idin…

Üçüncü müəllim sinfə gəldi:

– Yeni şagirdimiz varmı? – deyib sevindi. Şagirdə yaxınlaşdı, əlini sıxdı, gözlərinin içinə baxdı, gülümsədi və dedi:

– Salam! Mən səni gözləyirdim!

O ki qaldı “Mən müəllim ola bilmişəm, görəsən?” – sualına, bunu deyə bilməyəcəyəm. Bir şeyi dəqiq bilirəm ki, mənim kimi bacarıqsız, yöndəmsiz birinin bu səviyyəyə çatmasında böyük əməyi olmuş bütün müəllimlərimə hər iki dünyada borcluyam. Ümidvaram ki, bütün nöqsanlarına baxmayaraq, müəllimlərim bu misralarımı da bəyənərdilər.

Ucalsam da göylərə,

Dursam dağlar tənində,

Zirvələrin qarıdı

Mənim müəllimlərim.

Şanlı ömür yolları

Günəş kimi nur saçar,

Aytək təmiz, arıdı

Mənim müəllimlərim.

Toxum nəsihətləri

Boylanar sünbüllənib.

Ağlın laləzarıdı,

Mənim müəllimlərim.

Kədərini bölüşüb,

Sevinər sevincinə.

Elin dostu, yarıdı

Mənim müəllimlərim.

Gözlərimin üstünə

Qoyaram əllərini,

Qəlbin iftixarıdı

Mənim müəllimlərim.

Dünyamızın üzünə

Aman! Qan çilənməsin!

Sülhün tərəfdarıdı

Mənim müəllimlərim.

Ucalsam da göylərə,

Dursam dağlar tənində

Zirvələrin qarıdı

Mənim müəllimlərim

Əziz müəllimlərim!

RAHIB ALPANLI