Müəllim öz maaşı ilə dolana bilirmi?

635

Azərbaycanda müəllimlərin yaşayış şəraitini yaxşılaşdırmaq üçün Təhsil Nazirliyi müxtəlif addımlar atır. Diaqnostik qiymətləndirmə, “İlin müəllimi” mükafatı və s. Ancaq bu gün aldığı maaşla dolana bilməyən müəllimlər də az deyil. Odur ki, bir çox müəllimlər repititorluq edirlər. Bəs repititorluq etməyən və ya əlavə iş görməyən müəllimlərin maaşı onların dolanışığı üçün yetərlidirmi? Mövzu ilə bağlı təhsil ekspertlərinin rəyini öyrəndik.
“Yeni Avaz” qəzetinin mövzu ilə bağlı sualına Təhsil Şurasının sədri Əjdər Ağayev münasibət bildirib: “Azərbaycanda müəllimlərin maaşı ildən-ilə artır. Və müxtəlif formada artır. Əvvəlki vaxtlarda gözləyirdilər ki, Maliyyə Nazirliyi vəsait ayıracaq, göstəriş verəcək ki, maaş bu qədər artsın. Ancaq indi Təhsil Nazirliyinin keçirdiyi imtahanlarla müəllimlərin maaşı artırılır. Bundan başqa, müəyyən tədbirlər, layihələrdən qazanılan pullarla da müəllim öz yaşayış səviyyəsini yaxşılaşdıra bilir. Yenicə ali təhsili bitirmiş müəllim belə nazirliyin təşkil etdiyi diaqnostik imtahanda iştirak edir, lazımi nəticəni göstərirsə, onun əməkhaqqı da artırılır. Tutaq ki, 12 saatlılq yük səviyyəsində çalışan müəllimdirsə, artıq onun dərs yükü 18 saata qaldırılır. Əgər 5 il, 10 il və daha yuxarı təcrübəsi olan müəllimlərdə diaqnostik imtahandan keçirlərsə, onların da əməkhaqqı buna uyğun olaraq qaldırılır. Dediyim kimi, müxtəlif formalardan istifadə olunaraq, Azərbaycanda müəllimlərin əməkhaqqı artırılmaqdadır. O, müəllimin maaşı qaldırılmır ki, öz üzərində işləmir, müasir təhsil metodlardan xəbərsizdir, passivdir, sadəcə sinifə girib-çıxmağı müəllimlik hesab edir. İnnovasiyalar tələb edir ki, müəllim müasir texnologiyalardan istifadə edə bilsin. Buna görə də mən Təhsil Nazirliyinin bu xəttini dəstəkləyirəm. Yəni cənab nazir fərdlər şəklində müəllimləri qiymətləndirir. Elə müəllimlər var ki, kifayət qədər yüksək əməkhaqqı alırlar. Bəzi müəllimlərin müxtəlif layihələri var və oradan da onlara pul gəlir. Həmçinin Azərbaycanda repititorluqla məşğul olan kifayət qədər müəllim var. Onlar öz bilikləri, elm-təfəkkürləri hesabına məktəbdə qazandıqları gəlirdən iki dəfə artıq qazanırlar. Azərbaycanda artıq bu problem deyil. Deyilənlər öz əksini tapmır ki, müəllimin əmək haqqı azdır, dolana bilmir. Yox, artıq bütün bunlar aradan qaldırılır. Əlbəttə, mən ideallıq gözləmirəm, ideal səviyyə demirəm, bazar səbətini təmin etməkdən gedir söhbət”.
“Orta hesabla 30-40 min müəllimin maaşı qaldırılıb”
Təhsil eksperti Şahlar Ələsgərov isə Azərbaycanda müəllimlərin əməkhaqqının stabil olmadığını dedi: “Yəni elə ali təhsil müəssisəsində çalışan müəllim var ki, 1000 manat, eləsi də var ki, 500 manat maaş alır. Bu o deməkdir ki, elmi araşdırmalarla məşğul olan, kitabı çıxan, xarici təhsil ocaqları ilə əməkdaşlıq edən müəllimlərə yaxşı maaş verilir. Orta məktəbdə bu tendensiya fərqlidir. Belə ki, diaqnostik qiymətləndirmədən keçməyən müəllimlərin maaşı az olur, keçənlər isə öz balına görə qiymətləndirilir. Son illər orta hesabla 30-40 min müəllimin maaşı bu yolla artırılıb. Bu o deməkdir ki, müəllimlərin maaşı 1-1,5 dəfəyə yaxın qaldırılıb. Bu artımların müsbət nəticəsi olaraq, cənab nazirin də öz məqaləsində qeyd etdiyi kimi, IX, XI siniflərin buraxılış imtahanlarında müsbət dəyişiklik qeydə alınıb”.
Ruzbeh Məmməd