Müəllim nüfuzu və müəllim…

510

Müəllimlər tarix boyu cəmiyyətin ən fədakar, cəfakeş, qayğıkeş, etibarlı dayağı olmuşdur. Bütün cəmiyyətin sifarişini yerinə yetirmək kimi ağır bir işi öz çiyinlərində daşıyan bu zümrə hər cür hörmət və qayğıya layiqdir. Gözünün nuru, beyninin ziyası, ürəyinin istisi ilə ömrü boyunca nəsil-nəsil vətəndaşlar yetişdirən bu insanlar qədirbilənlər tərəfindən yüksək qiymətləndirilmişlər. Bu və ya digər peşə sahibləri yetişdikləri mövgeyə görə daha çox öz müəlliminə borclu olduğunu iftxarla ifadə etmişlər. Makedoniyalı İskəndər müəllimin insan həyatında rolunu belə qiymətləndirmişdir: “Yaşamağım üçün atama, yaxşı yaşamağım üçün isə müəllimimə borcluyam” (Onun müəllimi əfsanəvi filosof Aristotel olmuşdur). Müəllim haqqında nə qədər qiymətli fikirlər söylənsə də, müəllim nüfuzunu yüksək tutmaq və onu enməyə qoymamaq ən çox müəllimin özündən asılıdır. Sirr deyil ki, hər kəs müəllim ola bilir, lakin o da həqiqətdir ki, əsl müəllim olmaq hər oğulun, hər qızın hünəri deyil. Bütün sahələrdə nüfuz qazanmaq çox çətin, onu itirmək də bir o qədər asandır. İllərlə qazanılan nüfuzu bir an içərisində itirmək olsa da, onu bərpa etmək qeyri-mümkündür. Ona görə deyiblər də: “Pis adın çıxmaqdansa, gözün çıxmağı yaxşıdır”.
Müəllim nüfuzunu ilk növbədə müəllim özü qazanmalıdır. Bu, ilk təəssüratdan başlamış ömrün sonunacan yüksələn xətlə davam edən, son dərəcə məsuliyyətli bir prosesdir. Müəllim nüfuzu yalnız özü üçün deyil, arxadan gələn müəllim nəsilləri üçün qazanmalı və qoruyub saxlamalıdır. Bir müəllimin yanlış hərəkəti bütün müəllimlərin ünvanına çevrilə bilir. On görə də müəllim hər sözünü, addımını yüz ölçüb bir biçməyə məhkumdur. Bir hekayətdə deyildiyi kimi:
Səyyar çətir təmirçisi bir yolun kənarında oturub xarab olmuş çətirləri təmir edirdi. Təmirçi çətirləri diqqətlə nəzərdən keçirib işinə davam edərkən kənardan onu diqqətlə seyr edən bir gənc yaxınlaşıb:
– İşinizi çox diqqətlə görürsünüz, – dedi.
Təmirçi əlindəki çətiri təmir edərək:
– Mən həmişə işimi belə edirəm, çünki gördüyüm işin yaxşı və ya pis olduğunu mən gedəndən sonra biləcəklər, – dedi.
– Bəli, haqlısınız. Buralara yenə gələcəksiniz?
– Xeyr.
– O halda niyə bu qədər can yandırısınız ki?
Təmirçi cavan oğlana çox ibrətamiz bir cavab verdi:
– Mən işimi çox diqqətlə, can yandıraraq görürəm ki, məndən sonra buralardan keçən çətir təmirçisinin işi asan olsun. Mən işimi başdansovdu görsəm, əvvəl-axır insanlar başa düşər və məndən sonra gələn təmirçilərə iş verməzlər.
Şəxsiyyətin formalaşmasında baş memar olan müəllim sərhəd əsgəri kimi öz şəxsiyyətinin saflığının keşiyində durmalı, öz kamilliyi ilə bu sənətin heyranlarının sayını artırmağa səy göstərməlidir. Bu işi özü haqqında ağızdolusu danışmaqla deyil, işi, əməli, nümunəsi ilə yerinə yetirməlidir. Necə deyərlər, haqqında yaxşı danışılmağını istəyirsənsə özün haqında az danışmalısan. Nüfuz təkcə malik olduğun
biliklə deyil, onun fəzilətini təmsil etməklə qazanılır. Savadlı boşboğazı özündən başqa heç kəsin alqışlayıb sevdiyini görmədim. Müəllim öz şəxsiyyətini şagirdləri arasında deyil, ictimai yerlərdə də qorumalıdır. O, həyata baxışı, ədaləti, səmimiyyəti, başqlarına qarşı diqqəti ilə fərqlənməli, fərqli fikir və mövqelərə hörmətlə yanaşıb, tolerantlıq nümayiş etdirməlidir. Yeri gəlmişkən, dünyamızın sinəsinə dağlar çəkməkdə olan müharibələrin əsas səbəbi tolerantlığın kasadlğıdır. Fikrimizcə, bu gün fəaliyyəti hiss olunmayan BMT yerinə bir qlobal tolerantlıq təşkilatı yaradılsa, dünyanın üzü gülər.
Müəllimin dəqiqliyi də onun nüfuzunu qoruyub saxlamaqda mühüm amildir. Dərsə gecikən, cədvəlini qarışdıran müəllim şagirdlərindən dəqiqlik tələb edə bilərmi? Bu gün ağlayan qardaş Türkiyənin böyük şairi Mehmet Akifin həyatından dəqiqlik, sözünün sahibi olmağın gözəlliyinə bir nəzər salaq: Mehmet Akif dostlarından Cəmal adlı birisinə qonaq gedəcəyinə söz veribmiş. Qonaq gedəcəyi günün gecəsi güclü qar yağmış, İstanbul başdan-başa ağ örütüyə bürünmüş, qarla birlikdə qopmuş tufan şəhər nəqliyyatını iflic etmişdi. Uzaqda yaşayan Cəmal belə bir havada dostu Mehmet Akifin gələ bilməyəcəyini zənn edərək öz işləri ilə məşğul ikən günortadan sonra qapısı ilk dəfə olaraq döyülmüş. Qapını açdığında bığları buz tutmuş, üstündəki qarla birlikdə əsl qar adama oxşayan Mehmet Akifi görüb heyrət edir. Cəmal dostunu içəri alıb bir az rahatladıqdan sonra:
– Ustadım, nəqliyyatın durduğu, adamın evindən çölə çıxmağa qorxduğu bir zamanda niyə gəldiniz, gəlməməyiniz üçün bu, keçərli səbəb olduğu halda?
Mehmet Akifin verdiyi, günümüzün ən yetkin insanlarını belə heyrətləndirəcək cavab onun nə qədər dürüst və prinsipial olduğunu göstərir:
– Gəlməməyim üçün tək bir şey keçərli ola bilərdi- o da vəfat etməyim.
Bu, Qarabağ konfliktini vəd oyununa çevirən bütün beynəlxalq qurumlar üçün ibrət dərsidir.
Müəllimin taktı, pedaqoji ustalığı da onu nüfuzunun dayaq nöqtələrindəndir. Dərs müəllimin biliyini nümyiş etdirmə məkanı deyil, daha çox, şagirdlərin elmlərin əsaslarına yiyələnmələrini təmin etməyin optimal yollarını tətbiq etməklə qarşıya qoyulan məqsədə nail olmaq üçün kollektiv çalışma prosesidir. Müəllim ilk baxışda ən çətin görünən materialı elə incələyib hazırlamalıdır ki, öyrənənlər müsbət nəticəyə sevinə bilsinlər. Bütün müəllimlər yaxşı bilirlər ki, müəllimin özünə dumanlı görünüən informasiya şagird üçün zülmət olur. Yaradıcı müəllim, xəstəsini dərmandan əvvəl şirin, ruhlandırıcı dili ilə müalicəyə çalışan həkim kimidir. Şəfa tapacağı üçün həkiminə güvənən xəstə kimi, şagird də ən mürəkkəb elmi problemlərin həllini tapmaqda öz müəlliminə güvənməlidir. Müəlliminin professional səriştəsinə heyran olmayan şagirddə kifayət dərəcədə motivasiya yaratmaq da mümkün deyil. Motivasiya özü də müəllim nüfuzunun yaranması və qorunub saxlanmasına xidmət edir.
Müəllimin nüfuzunu qorumaqda onun şagirdlərinə qarşı diqqətli olmağı da böyük rol oynayır. Ev tapşırığını yerinə yetirməyən bir sinif və iki müəllim təsəvvür edək. Müəllimlərdən birincisi ev tapşırığının yerinə yetirilmədiyini biləndə, ən azından, şimşək kimi çaxıb sinfi lərzəyə salır, həm öz qanını qaraldır, həm də dərsin ritmini alt-üst edir.
İkinci müəllim isə tapşırığının yerinə yetirilməməsinin səbəbini səmimiyyətlə soruşub, keçdiyi mövzunu yenidən, daha sadə formada, həmin ev tapşırığından nümunələr verərək izah edir, onu şagirdləri ilə birlikdə tamamlayır. Şagirdlər də, müəllim də müsbət əhval-ruhiyə ilə dərsə davam edirlər.
Valideynlərlə əlaqə, onların pedaqoji maariflənməsinə yardımçı olmaq da müəllim nüfuzuna böyük təsir göstərir. Müəllim işinin müasir dörvrdə çətinliyini yaxşı başa düşən, ona yardımçı olmağa çalışan valideynlərlə yanaşı, işi-peşəsi yerli-yersiz məktəb və müəllimdə nöqsan axtaran, vasvası valideynlərə də rast gəlmək olur. Ona görə də valideynləri planlı şəkildə, sinif rəhbərinin köməyi ilə dərslərə dəvət etmək, müəyyən şagirdlər haqqında onlarla üzbəüz söhbət eləmək məktəb və müəllim haqqında təssüratların aydınlaşmasına gətirib çıxarır. Öz təcrübəmdən bir epizod:
Şagirdlərimdən birinin valdeyni dərsimdə iştirak etmək istədiyini bildirdi. Mövcud əyani və texniki vasitələrdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə yeni dərsin izahını yekunlaşdırıb testlərlə onun möhkəmlənməsinə başladıq. Bir ara valideynin əlini qaldırıb icazə istədiyini gördüm. Çölə çıxmaq istədiyini zənn edib: “Buyurun, çıxa bilərsiniz”, – dedim. Valideyn isə bir şeylər demək istədiyini bildirdi. İcazə verdim. Orta yaşlı valideyn dərsi özünün də başa düşdüyünü, bunun üçün sadəcə diqqətli olmağın vacibliyini vurğuladı. Dərsində iştirak etdiyi şagirdin də tez-tez diqqəti yayınırdı. Ona görə də sözünü belə bitirdi:
– Mən indi bildim ki, Mayis niyə zəif qiymət alır.
Bəzən valideynlər övladlarının potensialından, onların hansı şəraitdə daha yaxşı oxuya bildiklərindən xəbərsiz olur, yalnız yüksək qiymət tələb etməklə işlərini bitmiş hesab edirlər. Belə valideynlərə müəllimin pedaqoji yardımı vacibdir.
Pedaqoji prosesin ən çətin anlarından biri də şagird biliyini qiymətləndirməkdir. Şərhsiz verilən qiymət kənardan ya “şişirdilmiş”, ya da “kəsilmiş” kimi görünə bilər. Düzgün qiymətləndirmə müəllim nüfuzuna çox böyük təsir göstərir.
Yüksək əhvali-ruhiyyə, müsbət enerjili olmaq da müəllim nüfuzunu qoruyan amillər sırasındadır. Ona görə də müəllim öz sağlığının, səhhətinin qayğısına qalmalı, idmançı kimi həmişə formada olmalıdır.
Həmkarlarının nüsuzunu qorumayan müəllim öz nüfuzunu qoruya bilməz. Yeri düşəndə pedaqoji kollektivin digər üzvləri haqqında müsbət rəy söyləməkdən, onların nailiyyətlərindən, nümunəvi xüsusiyyətlərindən, bəzi şeyləri onlardan öyrəndiyini belə şövqlə danışmaqdan çəkinməmək lazımdır.
Şagird şəxsiyyətinə hörmət müəllim nüfuzunu artıran digər bir amildir. Şagirdlər sinifdə müəllimin onlar üçün şam kimi əridiyini hiss etməlidir.
Müəllim şagirdləri kamilləşdirdiyi kimi özünü də daim təkmilləşdirməli, aramsız olaraq elmi-metodiki hazırlığının qayğısına qalmalıdır. Klassik pedaqogikada qəbul olunmuş “Müəllim oxumadığı gün ölür” fikri bu gün də aktualdır.
Sinfə hakim olmağı bacarmaq müəllim nüfuzunun tərkib hissələrindəndir. Məktəb rəhbərliyinin nəzarəti olmadan dərs keçə bilməyən müəllimlər də görmüşük. Bu, yerinə düşməməkdir, müəllimin faciəsidir.
Peşəsinə sədaqət müəllimin nüfuzunu, qiymətini artırır. Fürsət düşən kimi müəllimliyini tərk edən əsl müəllim üçün bu hərəkəti nəsillərə xəyanət kimi də qiymətləndirmək olar.
Biz müəllim nüfuzunu artıran və onu qoruyub saxlamağa xidmət edən bir neçə amildən bəhs etməyə çalışdıq. Əslində bu amillərin sayı çoxdur və müəllimin çalışdığı mühit və şəraitə görə dəyişə bilər. Dəyişməz olan həqiqət isə, bir müəllifin dediyi kimi, budur ki, “günəş ol, yarasalar səni görməsinlər”. Müəllim öz nüfuzunu qoruya bilsə, onun ziyası bütün qaranlıq könüllərə nur saçar.
Rahib Sədullayev
ADPU-nun Quba filialı ədəbiyyat və dillər
kafedrasının ingilis dili müəllimi,
Qabaqcıl təhsil işçisi