“Müəllim hazırlığı islahatlarla uzlaşdırılmalıdır”

Azərbaycanda digər sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi islahatlar həyata keçirilməkdədir. Bütün bunlara baxmayaraq,universitetlərin müəllim hazırlığındakı nöqsanları hələ də qalmaqdadır. Müsahibimiz Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqramlar üzrə direktoru Elmina Kazımzadə ilə söhbətimiz ölkəmizdə müəllim hazırlığındakı problemlər və onların həlli yolları barədə oldu.
– Elmina xanım, müəllim hazırlığındakı əsas problem nədir?

– Azərbaycanda təhsildə aparılan müxtəlif istiqamətli islahatlar bir-biriləri ilə əlaqələndirilmir. İslahatlar məktəblərdə çox real aparılır və nəticəsi hiss olunur. Misal üçün, kurikulumların tətbiqini göstərərdim. Bu sistem artıq yeddi ildir ki, uğurla həyata keçirilir. Məktəb müəllimləri ixtisası artırma kurslarına cəlb olunur, onlara kurikulumun tətbiqi ilə bağlı treninqlər keçirilir. Bundan başqa, kurikuluma uyğun yeni dərsliklər hazırlanır. Bütün bu islahatların nəticəsini daha çox məktəb nəzdində görürük. Hesab edirəm ki, ali təhsil müəssisələri bu islahatlardan qıraqda qalıb.

– Pedaqoji fakültənin tələbələrinə kurikulum hansı səviyyədə öyrədilir?

– Məktəb kurikulumunun ali təhsildə olan tədris proqramları ilə əlaqəsi çox zəifdir. Hətta mən deyərdim ki, yox səviyyəsindədir. Universitetlər məktəblərə kadr hazırlığı işini özlərinin təsdiq etdikləri proqram əsasında aparırlar. Bu səbəbdən də müəllimlik fəaliyyətinə yeni başlayanlar ciddi çətinliklərlə üzləşirlər. Çünki onlar ali təhsil aldıqları müddət ərzində tanış olmadıqları və ya səthi tanış olduqları kurikulum əsasında dərs keçmək  məcburiyyətindədirlər. Bu da həmin müəllimlər üçün tamamilə yeni bir metod olduğundan o, dərsini səmərəli təşkil edə bilmir. Kurikulum məktəblərimizə yenilik gətirən sistemdir. Bu, fərqli, başqa tələblərə cavab verən yanaşmadır. Ali təhsil ocaqları isə ənənəvi proqramdan kənara çıxa bilmir. Hesab edirəm ki, müəllim hazırlığı ilə məşğul olan universitetlər pedaqoji kadr hazırlığı işini, məktəblərdə aparılan islahatlarla uzlaşdırmalıdırlar. Mən müəllim hazırlığındakı əsas problemlərdən birini də bunda görürəm.

– Pedaqoji kadr hazırlığı işində dünyadakı hansı təcrübənin ölkəmizdə də tətbiq olunmasını məqbul hesab edirsiniz?

– Pedaqoji ixtisaslar üzrə çoxdandır ki, xaricdə belə bir model tətbiq olunur. Bu model ondan ibarətdir ki, pedaqoji ixtisaslar üzrə ali təhsilini başa vuran tələbə müəllim diplomu almaq üçün mütləq bir il hansısa məktəbdə işləməlidir. O, həmin müddət ərzində müəllim kimi normal maaş alır. Həmin tələbənin müəllim kimi fəaliyyətinin bir ilini tamamladıqan sonra onun pedaqoji fəaliyyətinin səmərəliliyi dəyərləndirilir və müəllimlik diplomu verilir. Əgər pedaqoji ixtisas üzrə ali təhsil alan tələbə müəllim işləmək istəmirsə, ona müəllimlik diplomu verilmir. Sadəcə, ali təhsil almasına dair ümumi diplom verilir. Mənə elə gəlir ki, Azərbaycanda da müəllim hazırlığı işində belə bir mexanizmin işlənib hazırlanmasına böyük ehtiyac var.

– Gənc müəllimlərin bəziləri bir-iki il müəllim işlədikdən sonra məktəbdən uzaqlaşırlar. Bu barədə nə deyə bilərsiniz?

– Bəli. Cavan müəllimlər arasında məktəbə gələn və müəyyən müddətdən sonra işindən yayınanların sayı çoxdur. Bunun üçün də, pedaqoji fəaliyyətə yeni başlayan gənc müəllimlərə ilk 5 il müddətində işlədiyi məktəb tərəfindən xüsusi dəstək verilməlidir. Əks halda, gənc müəllimlər arasında ixtisasından küsüb məktəbdən ayrılanlar olur. Təbii ki, bu dəstəyin hansı formada olmasının sistemli mexanizmi hazırlanmalıdır.

– Dünya məktəblərində müəllim işinin səmərəliliyini artırmaq məqsədilə tətbiq olunan metodlardan biri də mentorluq sistemidir. Ölkəmizdə bu sahədə vəziyyət necədir və buna nə dərəcə ehtiyac var?

– Məktəblərimizdə müəllimliklə məşğul olan yaşlı və kifayət qədər təcrübəli müəllimlər var. Düşünürəm ki, onlar arasında təqaüd yaşına çatan kəslər məktəblə vidalaşmalıdırlar. Amma məktəb həmin özünü doğruldan müəllimin təcrübəsindən mütləq yararlanmalıdır. Dünyada belə praktika var ki, həmin müəllimlər məktəbdə mentorluq işinə cəlb olunurlar. Mentorun əsas vəzifəsi yeni fəaliyyətə başlayan müəllimə dəstək olmaq və təzə metodika hazırlamaqdan ibarətdir. Bundan başqa, kollektivə iş zamanı kömək etmək, müəllimin tədris prosesində üzləşdiyi çətinlikləri aradan qaldırmağa dəstək olmaq da mentorun vəzifəsi olmalıdır. Hələ ki bizim məktəblərdə mentorluq sistemi yoxdur.

– Müəllim hazırlığı işi, ümumiyyətlə, necə təşkil olunmalıdır?

– Müəllimlik ixtisası təsadüfi ixtisas deyil. Bu ixtisas seçimində abituriyentin savadı ilə yanaşı, onun ailədə aldığı tərbiyə, psixoloji vəziyyəti və s. nəzərə alınmalıdır. Azərbaycanda valideynləri müəllim olduğu üçün bu peşəni sevib, onunla məşğul olanlar çox olub. Ölkəmizdə vaxtilə nəsillikcə müəllim olan ailələr olub. Bu çox dəyərli ənənə idi. Amma indi belə hallara çox az rast gəlinir. İnsanlarımıza şagird illərindən müəllimlik peşəsinin arxasında hansı dəyərlərin dayandığı öyrədilməlidir. Dövlətin pedaqoji kadr yetişdirmək siyasəti olmalıdır. Belə ki, müəllimliyə həvəsi olan kəslər məktəb illərindən, xüsusən də 9-10-cu siniflərdə müəyyən olunmalıdır. Həmin şagirdlərin bu həvəsi dəstəklənməlidir. Müəllim də,seçilmiş şagirdlərinə  şərait yaratmalıdır ki, o, dərsin təşkili işində müəllimi ilə birlikdə yaxından iştirak etsin. Daha sonra onlar istiqamətləndirilməlidir ki, pedaqoji ixtisas üzrə ali təhsil alsınlar və müəllim kimi fəaliyyət göstərsinlər. İndi biz müəllimlərin hazırlanması işlərinə daha çox sərmayə qoymalıyıq. Xaricdə qabiliyyətli şagirdləri müəllimlik ixtisaslarına cəlb etmək üçün maraqlı təqaüdlər var. Belə təqaüdlər müəllimlik peşəsinə qabiliyyətli şagirdləri cəlb etmək üçün çox əhəmiyyətlidir. Hesab edirəm ki, müəllim hazırlığında, xüsusilə ixtisasa giriş sistemli şəkildə dəstəklənməlidir. Bundan başqa, abituriyentlərin müəllimlik ixtisası seçiminə təsir edən və onu həvəsləndirən mexanizmlər olmalıdır.

– Müəllimliyi sevərək bu ixtisasa qəbul olan tələbələrin bəzisi universitet illərindən başlayaraq,öz gələcək peşələrindən soyuyur. Bunun səbəbləri barəsində nə deyə bilərsiniz?

– Ümumiyyətlə,bizdə müəllimlər də, məktəblər də cəmiyyətdən təcrid olunan fərdlər və qurumlar kimi qavranılır; Pedaqoji fakültə və onun tələbələri də həmçinin. Hazırda universitetlərdəki pedaqoji fakültələr təcrid olunmuş haldadır. Belə ki, universitetlərin bütün yay proqramları, başqa universitet və ölkələrlə tələbə mübadilələrinin hamısı mühəndis, iqtisadiyyat, menecment və s. fakültələrdə oxuyanlara aiddir. Amma çox yaxşı olardı ki, pedaqoji fakültənin tələbələri üçün də belə bir proqramlar həyata keçirilsin. Bu pedaqoji kadrların hazırlığına müsbət təsir edər.

– Orta məktəb müəllimlərinin attestasiyası keçirilir. Necə düşünürsünüz, universitet müəllimlərini də belə bir sınaq dəyərləndirməsinə cəlb etmək lazımdırmı?

– Universitetlər müəllimlərini yeniliklərə yönəltmək istəyirsə, onları attestasiyadan keçirməlidirlər və bu işin meyarları dəyişməlidir. Hər müəllimin vəzifəsinə yeni müsabiqə elan olunmalıdır. Biz məktəb müəllimlərini, direktorları sınaqdan keçiririk, bəs universitet müəllimlərini niyə keçirmirik? Çünki onlar pedaqoji kadrlar hazırlayırlar.

– Cəmiyyətimizdə müəllimlərə hörmət böyükdür. Amma insanlarımız müəllim olmağa o qədər də həvəsli görünmürlər. Bu nəyin nəticəsidir?

– Bilirsiniz,ali məktəbə sənəd verən abituriyentlərin əksəriyyəti kəsilməmək üçün ixtisas seçimində axırıncı yerlərin birində müəllimliyi qeyd edirlər. Bu isə o deməkdir ki, həmin şəxsin peşə dəyərləri sistemində müəllimlik axırıncı yerdədir. Amma son illər belə bir maraqla tendensiya da müşahidə olunmaqdadır ki, müəllimlik ixtisasını seçən abituriyentlərin qəbul balları əvvəlki illərlə müqayisədə yüksəlir. Biz belə bir tətqiqat aparmışdıq. Məqsədimiz peşələrin reytinqinə görə müqayisəsini aparmaq idi. Sorğumuzda min nəfər pedaqoji fakültənin tələbəsi və min nəfər də vətəndaş iştirak etmişdir. Onun nəticələri çox maraqlı idi. Respondentlərimiz müəllimliyi reytinqinə görə axırlarda olduğunu qeyd etmişdilər. Amma sorğuda o da qeyd olunmuşdu ki, müəllimlik cəmiyyətdə kifayət qədər hörmətli məsləkdir.

– Bu nəticə müəllimliyin həm də karyera imkanlarının məhdud olması ilə əlaqədardırmı?

– Müəllimlik çətin peşədir. Məsuliyyətinə və faydasına görə digər sahələrdən heç də geri qalmır. Ona görə də hesab edirəm ki, bu sənətin karyerası olmalıdır. Müəllimlərimiz öz əməyinə görə, dərəcə almalıdırlar, fərqləndirilməlidirlər. Bizdə bu məqsədlə hər il “İlin ən yaxşı müəllimi” müsabiqəsi keçirilir. Amma hesab edirəm ki, bu,yetərli deyil. Misal üçün,Litvada müəllimlərə adi müəllim, kurikulum üzrə mütəxəssis və ekspert dərəcələri verilir. Bu dərəcələr onların maaşlarına da təsir edir. ELVIN ƏLIYEV,