“Müəllim elə müəllim olsa daha yaxşıdır”

654

Müəllim maaşının hər il qalxmasına baxmayaraq, əksər müəllimlər aldıqları məbləğin az olmasından şikayətçidirlər. Bəs aldıqları maaşla kifayətlənməyən müəllimlər başqa hər hansı bir işlə məşğul olmalıdırlarmı? Bu, cəmiyyət tərəfindən necə qarşılanar? Bütün bu suallarımıza cavab tapmaq üçün təhsil üzrə ekspert Nazim Əkbərova müraciət etdik. Nazim Əkbərovun fikrincə, müəllimin əlavə olaraq başqa işlə məşğul olmaması daha münasib olardı: “Müəllim, sadəcə, müəllim olmalıdır. Digər peşə sahibləri başqa işlərlə də məşğul ola bilərlər. Ancaq müəllimin əsas vəzifəsi təlim və tərbiyədir. Əgər bir valideyn övladının təlim-tərbiyəsi ilə məşğul olan müəllimin başqa bir işlə məşğul olmasını görərsə, o zaman həmin müəllimə hörməti qalmaz. Yaxud əksinə, şagird müəllimini bənna və ya ticarətlə məşğul olarkən görərsə, müəlliminə olan sevgisi, hörməti tamam itər. Bütün bunlara görə mən düşünürəm ki, müəllim yalnız müəllimliklə məşğul olmalıdır”.

 “Müəllimlik peşəsini seçən şəxslər də bilməlidirlər ki, müəllimin yaşayış tərzi budur”

“Hər bir insan peşə seçərkən diqqətli və hərtərəfli  fikirləşməlidir”,-deyən ekspert bildirdi ki, müəllimlik peşəsini seçən şəxslər də bilməlidirlər ki, müəllimin yaşayış tərzi budur: “Müəllim seçdiyi sənətin məsuliyyətini, ağırlığını dərk etməlidir. Yox, əgər yaxşı maaşla yaşamaq istəyirsə, o zaman daha gəlirli sahələri seçməlidir. Əgər valideynlərinin və başqalarının məsləhəti ilə müəllimlik sənətini seçibsə və sonradan aldığı maaş onu qane etmirsə, bu zaman o, müəllimlikdən imtina eləməlidir. Başqa sahələrdə işləməməlidir. Bu vəziyyət əvvəl də belə olub, indi də belədir. Sovet dövründə də müəllim orta təbəqənin nümayəndəsi olub, indi də belədir. Bu, müəllimliyin fitrətində var. Allah müəllimə nə az, nə çox pul verir. Çünki bu zaman müəllim müəllimliklə məşğul olmaz.  Müəllim orta səviyyənin nümayəndəsidir. Bu peşə sahiblərinin işi insan yetişdirməkdir. Müəllim olmaq istəyən bütün bunlari bilməli və bu cür həyat tərzi ilə razılaşmalıdır”.

 “Müəllimin dərsdən əlavə repetitorluqla məşğul olması da təbiidir”

 N. Əkbərov onu da əlavə etdi ki, müəllimin dərsdən əlavə repetitorluqla məşğul olması da təbiidir. Buna müəllimdən çox, şagirdlərin ehtiyacı olur. Məsələn, şagird dərsi başa düşmür və ya tapşırıqlarını etməkdə çətinlik çəkirsə, əlbəttə, bu zaman yaxşı olar ki, müəllim onu pulsuz hazırlaşdırsın. Ancaq nəzərə alsaq ki, müəllim həm vaxt, həm də əmək sərf edir, buna görə də çox olmamaq şərti ilə pul da ala bilər.

 “Azərbaycanda bir nəfərin minimum şəraitdə yaşaması üçün təqribən 240 manat lazımdır”

Mövzu haqqında  müsahibə verən keçmiş millət vəkili, iqtisadçı ekspert Nazim Məmmədov bildirdi ki, Azərbaycanda 2015-ci il üçün rəsmi yaşayış minimumu 136 manatdır. “Bazarda qiymətlərin 30-40 faiz bahalaşdığı bir vaxtda bu məbləğ azdır. Azərbaycanda bir nəfərin qidalanması, minimum tələblərini qarşılaması üçün lazım olan gəlir təqribən 240 manatdır. Nəzərə alsaq ki, 4 nəfərdən ibarət olan orta statistik Azərbaycan ailəsində əksər hallarda, adətən, bir nəfər işləyir. Yəni bu o deməkdir ki, bir ailə üçün minimum istehlak şəraitini nəzərə alaraq zəruri ehtiyaclarını qarşılamaq üçün 920 manat məvacib lazımdır”,- deyə N. Məmmədov bildirdi.

 “150-200 manat müəllim maaşı ilə ailənin aylıq təlabatlarını qarşılamaq mümkün deyil”

“Təxminən 150-200 manat aylıq əməkhaqqı alan müəllim ailəsini necə dolandırır, yerdə qalan 720 manatı haradan tapır?” deyə sözlərinə davam edən N. Məmmədov: “Bu zaman müəllim yəqin ki, əlavə hansısa bir işlə məşğul olur. Müəllimlərin əksəriyyəti dolanmaq üçün repetitorluqla məşğul olur. Yox, əgər bir müəllim ailəsində iki nəfər çalışarsa, bu zaman ailə büdcəsinin kəsiri bir az azalar və yaşayış şəraiti yaxşılaşar. Əgər müəllim ailəsində bir nəfər müəllimdən başqa heç kim işləmirsə, 150-200 manat gəlirlə ailənin aylıq tələbatını qarşılamaq mümkün deyil. Belə olduqda müəllimin qeydə alınmayan bir işlə, məsələn, bizneslə, təsərrüfatla məşğul olması normaldır”.

Nərmin Haqverdiyeva