“MRT İnşaat”: Örnək komanda

243

Azərbaycan xalqının qəhrəmanlıq dastanı XXI əsrdə də davam edir. Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız Vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan şəhidlik mərtəbəsinə yüksəlirlər. Bununla yanaşı ordumuza dəstək nümayiş etdirən Azərbaycanımızın igid oğulları da arxa cəbhənin bir qəhrəmanı olublar. Onların hər an dövlətin, ordumuzun yanında olması və dəstəyini göstərməsi bir daha onu sübut etdi ki, vətənpərvər oğullarımız hər an vətən üçün canından-qanından keçməyə hazırdırlar.

 

Arxa cəbhədən Şanlı ordumuza dəstək göstərən mingəçevirli  oğullardan biri də “MRT inşaat” tikinti materialları mağazasının   rəhbəridir. “MRT inşaat”ın əməkdaşı Ramin Əhmədovla bu günlərdə həmsöhbət olduq.

Söhbətdən aydın oldu ki, müharibə dönəmində xalq ilə dövlətin ayrılmaz birliyi, vətəndaşların bir-biriləri arasında doğmalığı bu qələbənin əsas müjdəsi olub.  Bu baxımdan “MRT inşaat” da öz dəstəyini əsirgəməyib. Belə ki, bu qurum cəbhə bölgəsinə taxta və taxta materialları,  paltar,  əsgərlər üçün  ərzaq, yatacaq, alt geyimləri göndərməklə yanaşı, Silahlı Qüvvələrə Yardım Fonduna 10000 manat da köçürüb. Bundan başqa 130 aztəminatlı ailəyə qida paketi və qurbanlıq ət göndərən rəhbərlik Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10000 manat vəsait də ayırıb.

“MRT İnşaat” müharibədə iştirak edən 5 əməkdaşının ailəsini də diqqət mərkəzində saxlayıb. Belə ki, onlara yardım paketləri ayrılıb, əmək haqları ailələrinə çatdırılıb. Eyni zamanda MRT İnşaat tərəfindən Zəfər Paradı münasibətilə 10 qazi ilə görüş keçirib və onların hər birinə  yardım göstərib. Bir sözlə, MRT İnşaat mütəmadi olaraq qaziləri ziyarət edir, şəhid ailələrinə yardımlar edir. Bayram günlərində də onlar unudulmurlar. Belə ki, “MRT İnşaat” tərəfindən müqəddəs Ramazan bayramı münasibətilə 60 dan çox 2-ci Qarabağ müharibəsi qazisinə Ramazan sovqatı, Qurban bayramında isə qurbanlıq əti paylanılıb.

 

Ramin Əhmədov, həmçinin qeyd etdi ki, “MRT inşaat” ailəsi  bu sadalanan yardımları ötən ildən bu günə qədər hər ay  davam etdirib: “Bu gündən   sonra da komandamız öz yardımsevərliyi ilə həmişə dövlətin yanında olacaq, əlindən gələn köməyi əsirgəməyəcək. Yeri gəlmişkən qeyd edim ki, “MRT İnşaat” komandası 44 gün davam edən Vətən müharibəsində  vətənpərvərlik nümunəsinə görə Müdafiə Nazirliyi İdeoloji İş və Mənəvi Psixoloji Təminat İdarəsinin rəisi – Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev tərəfindən Fəxri Fərmanla təltif olunub”.

Esmira Hidayətova, Mingəçevir