Mövsümü “Varlı qadın”la yekunlaşdıracaq

642

Şuşa Musiqili Dram Teatrında Əli Əmirlinin məşhur “Varlı qadın” komediyasına daxili baxış olmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan əsərə Sumqayıt Dövlət Musiqili Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov quruluş vermişdir. 19 aktyorun iştirak etdiyi tamaşada baş rolları Püstəxanım Zeynalova, Teymur Məmmədov, Rasəf Mehdiyev və Nazir Rüstəmov ifa etmişlər. Mədəniyyət və Turizm Nazirliyinin məsul işçisi, teatrşünas Vəfa Novruzova tamaşanı yüksək qiymətləndirərək teatrın kollektivini maraqlı quruluş və yaxşı aktyor oyunu münasibəti ilə təbrik etmişdir. Şuşalı aktyorlar cari teatr mövsümünü “Varlı qadın”ın premyerası ilə yekunlaşdıracaqlar.

Onu da qeyd edək ki, tanınmış dramaturqun bu komediyası respublikamızın və bir sıra xarici ölkənin iyirmiyə yaxın teatrında azərbaycan, rus, qazax, tacik, özbək, gürcü, qırğız, krım-tatar, kumık, ləzgi dillərində tamaşaya qoyulmuş, dörd beynəlxalq teatr mükafatına layiq görülmüşdür.