Mövsüm dəyişikliyi xroniki xəstəliklərin üzə çıxmasına səbəb ola bilər

0
590

Artıq bir neçə aydır ki, təravəti ilə könülləri oxşayan yaz fəslini yaşayırıq.

Yazın gəlişi ətrafın yeni rəngə, yeni nəfəsə bürünməsi deməkdir. Soyuq qış aylarından sonra baharın gəlişi insanlarda canlanma yaratsa da, orqanizmə göstərdiyi mənfi təsirləri də qeyd etmək lazımdır. Belə ki, havanın qeyri-sabit keçməsi, temperaturun kəskin dəyişməsi bir çox xroniki xəstəliklərin ortaya çıxmasına şərait yaradır. Bu mövsümdə insanlarda soyuqdəymə, mədə-bağırsaq xəstəlikləri, revmatizm, ürək-damar sistemi, allergik və endokrin xəstəliklər daha çox müşahidə olunur. Bəs yazın mövsümi xəstəliklərindən qorunmaq üçün nə etmək lazımdır? İnsanlar sözügedən xəstəlikləri aradan qaldırmaqda hansı qidalara üstünlük verməlidirlər?

“Zaman-Azərbaycan” qəzetinə müsahibə verən ATU-nin həkim-qastrolnteraloqu Habil Hüseynov fəsil dəyişkənliyi dövründə orqanizmdə fiziki dəyişikliyin baş verdiyini bildirdi: “Orqanizmdə adaptasiya deyilən xüsusi mexanizmlər mövcuddur. Bu mexanizmlər müxtəlif xəstəliklər zamanı pozulmuş olur. Məsələn, normal insan istidən soyuğa düşdüyü zaman dərisinin damarları yığılır, daxili orqanların enerji istehsalı artır, qaraciyər buna uyğun olaraq qlikogen verir və s. Lakin bu proses getmədikdə orqanizm zəifləyir və daxilində olan şərti mikroblar immun sistemini zəiflədir, orqanizmin dəyişən hava şəraitinə uyğunlaşa bilməməsi bir çox xroniki xəstəliklərin də kəskinləşməsinə səbəb olur. Buna görə də sağlam insanlar, adətən, mövsüm dəyişmələrini yaxşı keçirsələr də, xəstə adamlarda müəyyən problemlər ortaya çıxır”.

“Düzgün qidalanma mövsümi xəstəliklərin qarşısını almaqda faydalıdır”

Yaz və payızı iki əsas kritik mövsüm olaraq dəyərləndirən H. Hüseynov bu ərəfədə orqanizmin zəiflədiyini vurğuladı: “Biz hazırda mövsüm dəyişikliyi yaşayırıq. Qışda orqanizm vitamin və minerallarla yetərincə təmin olunmadığından yazın əvvəlində insan daha çox zəifləyir. Bu hal eyni zamanda yaydan payıza keçən dövrdə də yaşanır. İlk əvvəl vəziyyəti pisləşən xəstənin həkimə müraciət etməsi daha məqsədəuyğundur. Mövsüm dəyişkənliyi zamanı bu cür halların qarşısını almaq üçün daha çox vitamin və minerallarla zəngin qidalar qəbul etmək tövsiyə olunur. Əsasən səhər saatlarında açıq havada gəzmək, tozlu yerlərdən uzaq durmaq, mövsümündən əvvəl yetişdirilmiş meyvələrdən uzaq durmaq məsləhət görülür. Səhər gimnastikasını mütəmadi həyata keçirmək, yatmazdan öncə axşam gəzintisinə çıxmaq, vitaminterapiya ilə orqanizmin immun sistemini möhkəmləndirmək, qidaya diqqət yetirmək, meyvə-tərəvəzə üstünlük verməklə mövsümi xəstəliklərdən qorunmaq mümkündür. Bundan başqa, virus və bakteriyalardan qorunmaq üçün gigiyenik qaydalara da əməl olunmalıdır”.

H. Hüseynov qeyd etdi ki, bu cür insanları daim hava şəraitini əvvəlcədən izləməli və ona uyğun olaraq hərəkət etməlidirlər: “İnsanlar hava proqnozunu izləməli və ona uyğun hərəkət etməlidirlər. Temperatura uyğun geyinmək lazımdır. Bəzən günün birinci yarısı hava günəşli olur, ikinci yarısında isə birdən dəyişir, havanın hərarəti enir. Belə havada uzun müddət yüngül geyimlə qaldıqda, bədənin temperaturunun aşağı düşməsi soyuqdəyməyə gətirib çıxarır. Soyuqdəymə isə xroniki xəstəlikləri, məsələn, xroniki bronxit, faringit və başqa fəsadların ortaya çıxması ilə nəticələnir”.

Xəyalə Sadıqova

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here