Mövlud Çavuşoğlu: “Ermənistan günahkardır və bunu etiraf etmək istəmir”

370

Üçtərəfli görüş formatı həm ölkələrimiz, həm də region üçün olduqca faydalıdır. Bu fikri dekabrın 20-də Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında nazir Məhəmməd Cavad Zərif söyləyib.

İranlı nazir əlavə edib ki, hər üç ölkə geniş əlaqələrə, birgə tarixi ənənələrə malikdir. Beşinci üçtərəfli görüşdə ölkələrimiz arasında tranzit, enerji və turizm sahələrində məsələlər müzakirə edildi, özəl sektorda fəaliyyətin artırılması ilə bağlı razılıq əldə olundu.

“Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün məqbul həll yolunu dəstəkləyir. Ermənistan günahkardır və bunu etiraf etmək istəmir. Türkiyənin Ermənistanla əlaqələrinin bərpa olunması üçün əvvəlcə Ermənistan qoşunlarını Azərbaycan torpaqlarından çıxarmalıdır. Ermənistan qonşu dövlətlərə qarşı münasibətinə yenidən baxmalı, ərazi iddialarından əl çəkməli və Azərbaycanın ərazi bütövlüyünə hörmət etməlidir.

Bu sözləri isə Bakıda Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında nazir Mövlud Çavuşoğlu deyib.

Nazir qeyd edib ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və İran arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı səmərəli fikir mübadiləsi aparıldı. Üçtərəfli görüşün faydasını daha da artırmaq üçün bu formatın genişləndirilməsi nəzərdə tutulur. İran tərəfinin təklifi nəzərə alınaraq növbəti görüş Türkiyədə keçiriləcək.

 

Qeyd edək ki, Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü başa çatıb. Görüşün yekununda birgə Bəyannamə qəbul olunub.