Moskvaya “20 Yanvar” tapşırıq-mesajı hələ bir həftə əvvəl Yerevandan verilibmiş

0
445

1… Həmin dəhşətli günün baş verə biləcəyini ən pis, pessimist ehtimalla belə düşünmədiyimiz ərəfədə Bakı, eləcə də bütövlükdə Azərbaycan millətimizə xas olan arxayınçılıqla, böyük bir xülya ilə “möcüzə” gözləntisində idi. Hamı sadəlövhcəsinə belə bir qənaətdə idi ki, bu gün olmasa da, sabah, ya da o biri gün Moskva hökmən Ermənistana, Yerevana qoşun yeridəcək. Əslində Dağlıq Qarabağ ətrafında hadisələr elə gərgin şəkil almışdı ki, bütün SSRİ-də və hətta Ermənistanda da bunun qaçılmaz olduğunu düşünənlər az deyildi. Belə ki, 1989-cu ilin son və 1990-nın yanvarının ilk günlərində ermənilər Qarabağda yalnız azərbaycanlılara qarşı deyil, sovet-rus hərbçilərinə qarşı da hücum və təxribatları xeyli genişləndirmişdilər. Azərbaycanlılarla yanaşı, rus hərbçilərinin girov götürülməsi, qətlə yetirilməsi, kəndlərimizin ələ keçirilərək, dağıdılıb-məhv edilməsi, əhalimizə vəhşicəsinə divan tutularaq, diri-diri yandırılması, kütləvi şəkildə öldürülməsi, mühüm obyektlərin, o cümlədən körpülərin partladılması və s. hallar artmış, Ermənistanda və Qarabağda ruslara, Kreml rəhbərliyinə qarşı etirazlar, ixtişaşlar daha da güclənmişdi.
Ermənilər Dağlıq Qarabağın Azərbaycandan “alınıb” Ermənistana verilməyəcəyi halda, SSRİ-nin tərkibindən çıxacaqları ilə Moskvanı hədələyir, hətta bunun nümayişkaranə təsdiqi olaraq, “Hayastan”ın Amerikanın yeni ştatı kimi qəbul edilməsi üçün ABŞ Prezidentinə müraciət də etmişdilər (hiyləgərliyə, diplomatiyaya bir bax! Bu, ancaq xəyanətkar və hiyləgər erməni düşüncəsinin “bəhrəsi” ola bilərdi. SSRİ tərkibindən ayrılmaq istəyən, müstəqillik uğrunda vuruşan heç bir digər xalqın – nə litvalıların, nə estonların, nə də biz azərbaycanlıların, hətta bizdən daha radikal və qətiyyətli görünən gürcülərin də ağlına belə bir orijinal “ideya” gələ bilməzdi).
Bəs nə üçün ermənilərin özlərinin də Sovet qoşunlarının Yerevana hücumunu gözlədiyi halda, birdən hər şey gözlənilənlərin əksinə olaraq, məhz onların xeyrinə, Azərbaycanın isə növbəti dəfə faciəsinə səbəb olan tamam başqa xarakter aldı – qoşun Yerevana yox, Bakıya yeridildi?
O zamankı Sovet mətbuatında bu, son günlərdə guya Bakıda erməni ailələrinə qarşı təzyiqlərin artması və hətta qətllərin törədilməsi ilə izah olunurdu. Əlbəttə, Dağlıq Qarabağda onlarla kəndlərimizin yerlə yeksan olunması, yüzlərlə azərbaycanlının, xüsusilə də günahsız uşaqların, qadın və qocaların vəhşicəsinə öldürülməsi müqabilində Bakıda da tək-tük erməninin qətlə yetirilməsi istisna deyildi. Ancaq belə hallar, bu gün elə Moskvada, Yerevanın özündə də olduğu kimi, adi məişət zəminində də baş verə bilərdi. Daha çox ehtimalla isə ermənilərin 1988-ci ilin fevralında “uğurla” sınaqdan keçirdikləri “Sumqayıt ssenarisi” 1990-cı ilin ilk günlərində Bakıda da tətbiq olunmuşdu. Çünki Sumqayıtda olduğu kimi, Bakıda da həmin günlərdə gəncləri ermənilərə divan tutmağa, “qisas” almağa səsləyən neçə-neçə “qaraplaşlılar” peyda olmuşdular. Azərbaycanca sərbəst danışan (onlar elə Bakı erməniləri də ola bilərdi) həmin “qaraplaşlılar” gənclərimizi ermənilərə qarşı barışmaz olmağa çağırır, qətllər törətməyə, onları paytaxtdan qovmağa sövq etməyə çalışırdılar. Moskva bu hadisələrin Azərbaycan Xalq Cəbhəsi tərəfindən törədildiyini göstərsə də, əslində müxalifət cəbhəsində olan bəzi sayıq ziyalılar bu cür təxribatların kimlər tərəfindən törədildiyini vaxtında başa düşərək, gənclərimizi hiyləgər erməni təxribatına uymamağa çağırırdılar. Lakin minlərlə həmvətənlərinin faciə və müsibətlərinin ağrı-acısını yaşayan gəncləri yaxşı düşünülmüş erməni təxribatından tam çəkindirmək heç də mümkün deyildi və yəqin ki, bunun nəticəsində bir-neçə erməni bizimkilərin əli ilə “güdaza getmişdi”, ancaq bu, daşnakların Ermənistanda və Qarabağda azərbaycanlılara qarşı törətdikləri genişmiqyaslı amansız, qanlı cinayətlərin müqabilində çox cüzi bir şey ola bilərdi.
Lakin ermənilər Bakıda adda-budda, bir-iki yerdə baş vermiş “erməni qətli”ni əlüstü “kütləviləşdirib”, siyasiləşdirməyə, onu Rusiya və dünya mətbuatına öz istədikləri, şişirdilmiş şəkildə çatdırmağa, dünya ictimai fikrini öz mənafeləri naminə dəyişdirməyə nail ola bildilər. Bizim o zamankı “durbinsiz diplomatiyamız”ın uzaqgörməzliyi, vətənpərvərlik ideyası ilə deyil, “qoz-fındıq” ideyası ilə yaşayan respublika rəhbərliyinin siyasi diletantlığı, yalançı, həm də yabançı “kosmopolitizmi”, loyallığı şəraitində bu, ermənilər üçün heç bir çətinlik törətmirdi.
1987-90-cı illərdə mən “Vışka” qəzetinin Naxçıvan MR və Dağlıq Qarabağ üzrə xüsusi müxbiri işlədiyimdən (Boris Kevorkovla, separatçı rejimin ilk və sonrakı rəhbərləri Robert Koçaryan və Arkadi Qukasyanla həmin dövrlərdə görüşmüşdüm – bu haqda gələcək yazılarda) ermənilərin niyyətlərini və bizim haqqımızda fikirlərini öyrənmək, Qarabağ münaqişəsi ilə bağlı onların, həmçinin Moskva jurnalistlərinin yazılarını izləmək məqsədi ilə “Pravda”, “İzvestiya”, “Trud” qəzetləri ilə yanaşı, Ermənistanın rusca nəşr olunan “Kommunist” qəzetinə də abunə yazılmışdım. “Sovetakan Karabax” qəzetinin rus versiyası isə mənə Stepanakertdən abunə olmadan, pulsuz göndərilirdi (Xankəndidən yox, Stepanakertdən. Nə vaxt o yerlərə Qələbə ilə qayıtsaq, onda o şəhər Xankəndi olacaq, ancaq nə qədər ağrı-acılı olsa da, bunu qəbul etmək istəməsək də, o şəhər, hələlik, Xankəndi yox, Stepanakertdir). Hələ SSRİ dağılmadığından qəzetin hər nömrəsini 3-4 gün sonra da olsa alırdım. 90-cı ilin yanvarından isə erməni “Kommunist”i böyük fasilələrlə gəlməyə başladı (”blokada” və s. söhbətlər yalan idi). Bizim üçün müdhiş faciəyə çevrilmiş 20 Yanvardan sonra həmin qəzeti Yerevandan ara-sıra göndərirdilər.
20 Yanvar müsibətindən çox sonra aldığım 14 yanvar 1990-cı il tarixli Yerevan “Kommunist”inə diqqətlə nəzər yetirərkən ermənilərin Qarabağ məsələsində nə dərəcədə tədbirli olduqlarına, saxtakarlıq “dühalarına” heyrətlənməklə yanaşı, eyni zamanda özlərinin onlara hələ qədim dövrlərdən xas olan saxtakarlıqlarını, nədənsə, bu dəfə böyük bir “səhv”ə yol verərək (bu, onlardan gözlənilməyən, “yolaverilməz” bir “səhlənkarlıq”dır), gizlədə bilmədiklərini, özlərini açıq-aydın ifşa etdiklərini, yırtıcı, iblis maskalarının arxasında necə gizləndiklərini aşkar etməli oldum. Yol verdikləri həmin səhvlə onlar dünyaya danılmaz bir şəkildə bəyan edə bilməyimiz üçün bizə nə cür unikal bir şans verdiklərini, çox qəribə də olsa, nədənsə ağıllarına gətirməmişdilər. Bəlkə də sonradan duyuq düşüblər, erməni imicinə (əslində – xislətinə) zərbə vurmuş qəzet redaktorunu və məsul katibi “erməniliyə yaraşmayan” siyasi səhlənkarlığa görə bəlkə də işdən də çıxarıblar. Bu, doğrudan da, ermənilərin sayıqlığı əldən verdikləri çox nadir bir haldır.
Məsələ ondadır ki, qəzetin həmin nömrəsinin eyni səhifəsində, lap yuxarı hissədə əsas informasiya olaraq M.Qorbaçova ünvanlanmış müraciətdə Ermənistan SSR-in 11-ci çağırış Ali Sovetininin sessiyasında fasilə verilməsi erməni hiyləgərliyi ilə bir cür yozulur (saxtakarlıqla), sessiya haqqında elə həmin səhifənin aşağısında dərc olunmuş rəsmi məlumatda isə tamam başqa cür (olduğu kimi) əsaslandırılır.
“Armenpress”in rəsmi informasiyasında sessiya haqqında məlumatın sonunda qeyd olunur ki, deputat komissiyalarının bəzi məsələlər üzrə hazırlıq işlərinə yekun vurulması, Ermənistan SSR-in konstitusiyasına dəyişiklik etmək üçün təkliflərin hazırlanması məqsədilə Ermənistan SSR Ali Sovetinin sessiyasında fasilə elan edilmişdir. Həmin informasiyada Qarabağ və Azərbaycan-Ermənistan münasibətləri barədə, çox qəribə də olsa, bircə kəlmə belə işlədilməmişdir.
Keçmiş SSRİ Ali Sovetinin sədri M.Qorbaçova ünvanlanmış müraciətdə isə Bakıda, keçmiş Xanlar rayonunda, Azat, Getaşen və Kamo kəndlərində guya ermənilərin qırğınlara məruz qaldığı əsas gətirilərək, Ermənistan Ali Sovetinin sessiyasının öz işini dayandırmağa məcbur olduğu iddia edilir. Sonra da M.Qorbaçovdan “ermənilərin təhlükəsizliyinin təmin edilməsi, katastrofik nəticələrin baş verməməsi üçün təxirəsalınmaz tədbirlər görülməsi” xahiş edilir. Və bu, dövlət səviyyəsində, açıq-aşkar bir saxtakarlıqla Ermənistan SSR Ali Soveti tərəfindən edilən və təəssüf ki, təsirsiz ötüşməyən bir təklif olmuşdu.
Budur, erməni hiyləgərliyi, analoqu olmayan erməni saxtakarlığı. “Katastrofik nəticələrin baş verməməsi” deyəndə, heç şübhəsiz ki, ermənilər də, elə Qorbaçov özü də bunun ermənilər üçün baş verməməsini nəzərdə tuturdular. Yoxsa, normal dövlət başçısı Bakı kimi beynəlmiləl bir şəhəri qanına qəltan edərdimi, guya qarşısını almaq istədiyi “katastrofik nəticələrin” daha ağır və daha “katastrofik”, dəhşətli formada baş verməsinə yol verərdimi?
Qəzet 14 yanvar tarixli olsa da, təbii ki, çapa bir gün əvvəl – ayın 13-də hazırlanmışdı. Məhz həmin gündən etibarən, ermənilərin xahiş etdikləri kimi – “təxirə salmadan” Bakıya hücum hazırlığına başlanılmışdı. Və qarşıdakı 6-7 gün bunun üçün kifayət idi. Son iki-üç gündə Xalq Cəbhəsinin bu təxribatın, hücumun qarşısını almaq təşəbbüsü isə uğursuz oldu. Nəticədə 5-10 erməniyə görə Azərbaycan paytaxtında dəhşətli qırğın törədildi.
… Bu, növbəti qırğın idi. Qədim yurd yerlərimiz Göyçə və Zəngəzurda, Əskəranda başlayaraq, Bağanis-Ayrımda, Əskiparada, Daşaltıda, Malıbəylidə və neçə-neçə el-obamızda davam edən qırğın…
Rəhman ORXAN,
Osman Mirzəyev adına
Respublika Mükafatı laureatı.
P.S. Ermənilər bu saxtakarlıq faktını – 20 Yanvar faciəsinin “təşəbbüskarları” olduqlarını heç zaman inkar edə, qətiyyən dana bilməyəcəklər. Çünki Ermənistan “Kommunist”inin 14 yanvar 1990-cı il tarixli nömrəsi əlimizdədir (ola bilsin ki, həmin nüsxə respublikamızda yalnız bu yazının müəllifindədir). Həmin nüsxə əsrlər boyu davam edən erməni riyakarlığının, saxtakarlığının inkaredilməz dəlil-sübutu kimi qorunub-saxlanılmaqdadır.