“Moskva Ermənistan-AB yaxınlaşmasını həzm etməyəcək”

402

Ermənistanın Avropa Birliyi (AB)ilə inteqrasiya istiqamətində atdığı addımlar, o cümlədən” Şərq tərəfaşlığı” proqramı çərçivəsində əməkdaşlıq barədə anlaşma imzalaması Rusiya tərəfindən diqqətlə izlənilir. “Yeniavaz”ın 1in.am-istinadən verdiyi məlumata görə, bunu Ermənistanın Birinci İnformasiya telekanalına verdiyi müsahibəsində politoloq, siyasi məsələlər üzrə ekspert Gevorq Melikyan deyib. Ermənistanla AB arasında imzalanan anlaşmanın mətninin hələ də mətbuata açıqlanmadığını xaturladan politoloq bununla belə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində vizasız gediş-gəlişin liberallaşdırılmasının nəzərdə tutulduğunu, Gürcüstanın və Ukraynanın artıq bundan istifadə etdiyini vurğulayıb: “Ermənistanın AB ilə inteqrasiyasına mane olan ən böyük amil ölkəmizin Avrasiya Birliyinin üzvü olmasıdır. Bu amil Ermənistanın inkişafına da mane olmaqdadır. AB buna baxmayaraq bizimlə əməkdaşlığa getdi. Buna səbəb Avropa ilə inteqrasiyanın Ermənistanın iqtisadi, siyasi inkişafı üçün nə qədər böyük önəm daşıdığını ölkəmizi idarə edənlərə başa salmaqdır”.

Gevorq Melikyan eyni zmanda Ermənistanın Avropa Birliyi ilə əməkdaşlığı genişləndirməsinə Rusiyanın biganə qalmayacağını da vurğulayıb: “Moskva AB-Ermənistan yaxınlaşmasını asanlıqla həzm etməyəcək. Amma digər tərəfdən də Rusiya bu prosesin qabağını da tam şəkildə almağa qadir deyil. Təbii ki, Rusiya Ermənistana AB ilə tam şəkildə inteqrasiyanı genişləndirməyə imkan verməyəcək. Bununla belə Moskvada anlayırlar ki, AB ilə əməkdaşlığa görə Ermənistana təzyiqlər edilməsi əks nəticələr verə bilər. Amma Rusiyanın məsələ ilə bağlı gözlənilməz addımlar ata biləcəyini də istisna etmək olmaz. Bundan isə Ermənistan daha çox itirə və zərər görə bilər”.