“Moskva bu müharibə ilə maraqlanmır”

568

“KİV-də Rusiyaya qarşı informasiya müharibəsi gedir, lakin Moskva bu müharibə ilə maraqlanmır”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Rusiya Federasiya Şurasında “hökumət saatı” çərçivəsində çıxış edən S. Lavrov bildirib ki, hazırda mətbuatda Rusiyaya qarşı “informasiya müharibəsi” gedir: “Bu yaxınlarda “amerikalılar informasiya müharibəsində Rusiyaya uduzur” bəhanəsi ilə ABŞ konqresində Avropa və Avrasiyada informasiya yayımına cavabdeh olan strukturların maliyyələşməsinin artırılması təşəbbüsü irəli sürülüb. Biz müharibələrlə maraqlanmırıq. Bu, “ruslar müharibə istəyirmi?” sualına cavabdır və bu cavab bütün müharibələrə, o cümlədən informasiya müharibəsinə aiddir”.

“Rusiya postsovet məkanında inhisarçılığa iddia etmir”

S. Lavrov həmçinin bildirib ki, Rusiya postsovet məkanında inhisarçılığa iddia etmir və öz qonşularının çoxvektorlu xarici siyasət hüququnu tanıyır: “Bizim postsovet məkanında fəaliyyətlə bağlı inhisar hüququmuz yoxdur. Biz qonşularımızın, keçmiş sovet respublikalarının, indiki suveren dövlətlərin çoxvektorlu xarici siyasət hüquqlarını tanıyırıq”.

S. Lavrov qeyd edib ki, Rusiya da çoxvektorlu xarici siyasət həyata keçirir: “Ona görə də biz, keçmiş sovet respublikalarının Avropa, Amerika və digər regionlardakı oyunçularla əlaqələrinə anlayışla yanaşırıq. Bircə onda təkid edirik ki, bu proseslər açıq olsun, heç bir gizli niyyətlər olmasın, Rusiya Federasiyasının qanuni milli maraqları nəzərə alınsın. Başqa sözlə, biz bütün bu prosesləri uyğunlaşdırmağa və maraqlar balansını axtarmağa hazırıq”.

“Ukraynanın NATO və Avropa İttifaqına üzvlük perspektivinə baxılmır”

S. Lavrovun sözlərinə görə, Ukraynanın NATO və Avropa Birliyinə üzvlük perspektivinə baxılmır: “Bu yaxınlarda Kiyevdə Ukrayna-Avropa İttifaqı sammiti keçirildi və yekun sənəd imzalandı. Həmin sənəddə Ukraynanın Aİ-yə üzvlük perspektivi haqqında bircə söz də yox idi. Bu günlərdə Brüsseldə Ukrayna-NATO Komissiyasının iclası keçirildi. Həmin iclasda da sənəd qəbul olundu. Sənəddə Ukraynanın NATO-ya daxil olacağı barədə heç bir vəd verilmir”, – deyə nazir Federasiya Şurasındakı çıxışında bildirib. S. Lavrovun sözlərinə görə, Rusiyanın Aİ və NATO ilə əlaqələri Ukraynanın bu iki təşkilata üzvlük perspektivinə baxılmadığını təsdiq edir.

“Makedoniyada baş verən hadisələr xaricdən idarə

olunur”

S. Lavrov onu da vurğulayıb ki, Rusiya Makedoniyada baş verən hadisələrin inkişafından narahatdır. O bildirib ki, Moskva bu ölkədə baş verən hadisələrin xaricdən idarə olunduğunu düşünür: “Bu, bizi çox narahat edir. Makedoniyadakı hadisələr kobudcasına xaricdən idarə olunur. Hökumət qabiliyyətsizlikdə, əhali qarşısında öhdəliklərini yerinə yetirməməkdə günahlandırılmağa cəhd edilir. Bütün bunların kökündə Makedoniya hökumətinin Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etməsi dayanır. Bundan başqa, hökumətin vaxtilə “Cənub axını”nı dəstəkləməsi, indi isə Rusiya enerji daşıyıcılarının Avropaya nəqlini həyata keçiriləcək digər variantlar, o cümlədən “Türk axını” layihəsi çərçivəsində əməkdaşlıq etmək arzusunda olduğunu bildirməsi Makedoniyada baş verən hadisələrin səbəbidir”.