“Monopoliya ləğv edilərsə, qiymətlər orta hesabla 60 faiz aşağı düşər”

565

Son günlər yerli mətbuatda dünyada müşahidə olunan iqtisadi böhranın ölkəmizə mənfi təsirlərini azaltmaq məqsədi ilə bir sıra vacib qərarların qəbul edildiyi bildirilir. Bu qərarlar içərisində isə ən vacib əhəmiyyətli addımlardan biri kimi gömrükdə islahatların aparıldığı qeyd olunur. Ötən ilin sonunda bu mövzuda yayılan xəbərlərdən birinə diqqət edək: “Bu günlərdə hökumət iqtisadi böhranın təsirlərini azaltmaq üçün daha bir vacib qərar qəbul edib. Hökumətdəki mənbələrdən daxil olan məlumata görə, 2016-cı il yanvar ayının 1-dən etibarən gömrükdə monopoliya aradan qaldırılacaq. Artıq indidən iş adamlarına öz firmaları vasitəsilə ölkəyə istənilən məhsulları, xüsusən ərzaq gətirməkdə sərbəst olduqları bildirilib. Yalnız dövlət rüsumları ödənəcək, Azərbaycana gətirilən məhsulların çeşidi ilə bağlı əvvəlki qadağalar isə birmənalı şəkildə aradan qaldırılacaq. Hökumət bu addımı atmağa məcbur qaldı. Çünki manat kəskin ucuzlaşır, ölkə idxaldan asılı vəziyyətdədir. Ölkəyə gətirilən bütün məhsullar dollar və ya avro ilə alınır. Dolların bahalaşdığı şəraitdə, təbii ki, bütün məhsulların qiymətləri artacaq, eyni zamanda gömrükdə iş adamlarından tələb olunan qeyri-rəsmi ödənişləri də bunun üzərinə gəldikdə, ölkədə dəhşətli bir bahalaşma yaranar. Bir faktı da nəzərə almaq lazımdır ki, əlində pulu olan əksər iş adamları bu şərtlər daxilində ticarət aparmırlar. Ya pullarını ölkədən çıxarırlar, ya da dollara çevirib evdə saxlayırlar. Bu da ölkədə bahalaşma ilə kəskin ziddiyyət təşkil edən pul qıtlığına, ticarət dövriyyəsinin zəifləməsinə gətirib çıxarır. Ölkə iqtisadiyyatında xaos yarana bilər, gömrükdə monopoliyanın aradan qaldırılması bu vəziyyətdən yeganə çıxış yoludur”.

“İdxal və ixracatda monopoliyanın

tamamilə aradan qaldırılmasına

ehtiyac var”

“Ötən ilin aprel ayında İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) ərzaq səbəti üzrə, Gürcüstan daxil olmaqla, bütün MDB dövlətləri üzrə qiymətlərin statistik təhlilini aparıb. CESD-nin statistik qiymət təhlili göstərir ki, Azərbaycan ərzaq məhsullarının qiymətinə görə MDB-də ən yüksək qiymətlərə malik 2 ölkədən biridir. Səbəb nədir? Səbəb əslində son zamanlar gündəmi zəbt edən monopoliyadır”. Mərkəzin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov belə deyir. Onun dediyinə görə, ölkəmizdə siqaret istehsalı ilə məşğul olan şirkətin olmasına baxmayaraq, xarici ticarətdəki monopoliya qiymətlərin azalmasına imkan vermir: “Səbəb, təbii ki, idxal monopoliyasıdır. Bu baxımdan bizim qiymətləndirmələr göstərir ki, əgər xarici ticarətdəki monopoliya tamamilə ləğv edilərsə, o zaman qiymətlər orta hesabla 60 faiz aşağı düşər. Monopoliyanı iqtisadiyyatda “irinləmiş yaraya” bənzədirlər. Onu kəsib atmasan bədəndə aparılan heç bir müalicənin xeyri olmur. Ona görə də idxal və ixracatda monopliyanın tamamilə aradan qaldırılmasına ehtiyac var”.

“Gömrük prosedurları

elektronlaşdırılsın və “ASAN xidmət” vasitəsilə aparılsın”

İqtisadçı deyir ki, sahibkar istədiyi malı sərbəst və heç bir baryer olmadan idxal və ixrac hüququna malik olmalıdır: “Əks halda, iqtisadiyyatın liberallaşması mümkün deyil.

Dünya Bankının “Bizneslə məşğul olmaq” hesabatında hər il ölkəmizin yerinə ən çox mənfi təsir edən faktor məhz idxal və ixrac üçün tələb edən prosedurların və günlərin sayının çox olmasıdır. Bu sahədə islahatların aparılmasını təklif edirəm:

1) Struktur islahatlarının gömrük idarəetmə sferasını da əhatə etməsi. CESD-nin 2011-ci ildə hazırladığı dövlət sənədində bu sferada idarəetmənin vahidləşməsi təklif edilirdi. Bizim təkliflər Dövlət Gömrük Komitəsinin ləğv edilərək, Vergilər Nazirliyinə birləşdirilməsini və səlahiyyətlərin “ASAN xidmət”lə bölüşdürülməsini əhatə edirdi. Bu isə idarəetmənin təkmilləşdirilməsinə imkan yarada bilər.

2) Gömrük prosedurlarının elektronlaşdırılması və “ASAN xidmət” vasitəsilə aparılması. Gömrük rəsmiləşdirilməsi və ödənişlərin elektron qaydada sözügedən xidmət vasitəsilə aparılması şəffaflığın formalaşdırılmasına imkan verəcək.

3) Məmur-sahibkar münasibətlərinin minimumlaşdırılması üçün elektron keçid sistemindən istifadə edilməsi. Elektron rəsmiləşmə və ödəniş prosedurlarından keçən sahibkar elektron kartlar vasitəsilə ölkədən mal aparmaq və ya gətirmək imkanına malik olmalıdır. Yalnız istisna hallarda malların yoxlanması hüququ saxlanılmalıdır.

3) Dünya ticarət təşkilatları ilə danışıqlar çərçivəsində yol verilən limitlər daxilində gömrük rüsumlarına baxılması və optimallaşdırılması. Bütün qeyri-rəsmi ödənişlərin ləğv edilməsi həmçinin rüsumlara yenidən baxılmasına imkan yaradacaq. Daxili bazarı qorumaq üçün yerli istehsal olan məhsulların idxalına rüsumların artırılması mümkündür. Digər bütün məhsullar üzrə aşağı rüsumların saxlanılmasına ehtiyac var.

4) Rüsumsuz ölkəyə gətirilən ərzaq məhsullarının vətəndaşlar tərəfindən gətirilməsi ilə bağlı bütün süni baryerlərin aradan qaldırılması və ərzaq limitinə yenidən baxılması. Vətəndaşlar qanunvericilikdə nəzərdə tutulan çəkidə ərzaq məhsullarını ölkəyə gətirmək hüququndan istifadə etməlidirlər və yerli istehsal olmayan və ya tələbi tam ödəməyən məhsullar üzrə bu kvota 3 dəfə artırılaraq 30 kiloqrama çatdırılmalıdır.

5) Vətəndaşların 10 min dollaradək şəxsi tələbat üçün ölkəyə rüsumsuz mal idxalındakı bütün süni baryerlər aradan qaldırılmalıdır və bunun icrası üçün şəffaf və aydın prosedurlar müəyyənləşdirilməlidir.

6) Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyünün bu il ərzində tamamlanması. Artıq MDB-nin əksər ölkələri adıçəkilən təşkilatın üzvüdür. Bu təşkilata üzvlük gömrük prosedurlarında şəffaflığın güclənməsinə, sahibkarların hüquqlarının qorunması üçün yeni və şəffaf mexanizmlərin formalaşmasına imkan verəcək. Eyni zamanda bu, gələcəkdə yenidən monopoliya qurmaq cəhdlərinə imkan verməyəcək.

7) İxracdakı bütün süni baryerlərin aradan qaldırılması və ixrac subsidiyasının tətbiq edilməsi. Qeyri-neft sektorunun ixrac qabiliyyətinin artırılması üçün yeni ixrac subsidiyalarının tətbiq edilməsinə ehtiyac var. Rüblük ixrac dövriyyəsi 100 min dollardan çox olan sahibkarlar ixrac etdiyi məhsulun həcminə uyğun olaraq subsidiya almaq hüququna malik olmalıdırlar.

Fikrimcə, gömrük prosedurlarının elektronlaşdırılması və “ASAN”laşdırılması bu sahədəki bütün süni baryerlərin və monopoliyanın aradan qadırılmasına və bazarda qiymətlərin azalmasına gətirib çıxaracaq xalis rəqabətin yaranmasına səbəb ola bilər.

Ailəsinə bazarlıq etmək üçün

tez-tez Gürcüstana üz tutur…

Bəs yanvarın 1-dən bu günədək gömrük buraxılış məntəqələrində bir dəyişiklik varmı? Vətəndaşlar nəyin dəyişilməsini istəyir və təklif edirlər? Qazax rayonunda “Sınıq Körpü” Gömrük Sərhəd Buraxılış Məntəqəsinin xidmətindən tez-tez istifadə edənlər arasında Qazax və Ağstafa rayonunun sakinləri kifayət qədərdir. Onlar Gürcüstana daha çox üz tuturlar. Səfərlər ticarət, istirahət və müalicə məqsədi liə olur. Gürcüstanda qiymətlər münasib olduğundan ailəsi üçün tez-tez ərzaq məhsulları almağa gedən Elnur adlı Ağstafa rayon sakini deyir ki, ticarət məqsədi ilə Gürcüstandan mal gətirən maşınlar gömrük məntəqəsinin ayrıca bir hissəsində yoxlanılsa, sıxlığın qarşısı alınmış olar: “Məsələn, həm ticarət məqsədi ilə, həm də müalicə məqsədi ilə sərhədi keçənlərin maşınları bir yol üzərindən yoxlanılır. Bu isə tıxaca səbəb olur. Ticarət məqsədi ilə məhsul gətirənlərin maşınlarının yoxlanılması bəzən yarım saat, bəzən 1 saat vaxt alır. Bu da tıxacın böyuməsinə səbəb olur. Bu zaman arxa maşında növbə gözləyən hansısa xəstənin günahı nədir?”

Həmsöhbətimiz deyir ki, özü də ailəsinə bazarlıq etmək üçün tez-tez Gürcüstana üz tutur. Dediyinə görə, gömrükdə rüsümsuz olaraq, ancaq 10 kiloqram ərzaq məhsulu gətirməyə icazə verilir: “Artıq nə gətirsən, qəbul olunmuş qanun əsasında rüsum ödəməlisən. Gəlin insafla danışaq, 4 nəfərdən ibarət ailə üçün 10 kiloqram ərzaq nə qədər bəs edər? Təxminən 2 kiloqramdan hesablasaq, cəmi 5 növ ərzaq məhsulu edir”.

“Qonşu ölkələrdən daha çox məhsulun gətirilməsinə ona görə razıyam ki…”

Bəziləri təklif edirlər ki, gömrükdən rüsumsuz daha çox ərzağın keçirilməsinə icazə verilməlidir. Həmsöhbətimiz deyir ki, bu fikirlə həm razıdır, həm də yox: “Daha çox məhsulun gətirilməsinə ona görə razıyam ki, tez-tez Gürcüstana getməyəcəyəm. Daha çox ərzaq gətirəcəyəm, qalan vaxtımı isə buradakı işlərimə sərf edəcəyəm. Amma ona görə narazıyam ki, əgər başqa ölkələrdən daha çox məhsullar gətirilməsinə imkan verilsə, onda Azərbaycanda bu sahələr üzrə istehsala diqqət azalacaq. Hər halda bu mənim fikrimdir. Azərbaycanda kənd təsərrüfatının inkişafına dəstək verilməlidir. Hər özünə sahibkar deyənə güzəştli kredit verilməsin. Qazax-Ağstafa torpaqlarının əkin üçün münbit olduğunu diqqətə çatdıran Elnur deyir, ki bu torpaqda lazımi qədər məhsul yetişdirmək olar, amma suvarma üçün su qıtlığı bu işləri görməyə imkan vermir”.

Həmsöhbət olduğumuz digər vətəndaşlar da Elnurun fikri ilə razılaşdılar. Qeyd etdilər ki, yerli problemlər davam edənə qədər ərzaq məhsulları almaq üçün Gürcüstana üz tutmaqda davam edəcəklər.

Vüqar Nəbiyev, Nicat İntiqam