Mollanın gününə düşmüş “Neftçi” və yaxud “ağ-qara” qarğış

530

Bəli, daha iki komandanın çempionluq şansı bitib. Söhbət “İnter” və “Kəpəz”dən gedir. Topaz Premyer Liqasının XXX turunda məhz bu iki klub üz-üzə gəldi və görüş 1:1 hesabı ilə nəticələndi. Lider “Qarabağ”ın “Neftçi”yə səfərdə (2:1) qalib gəlməsi isə turnir cədvəlinin 3-cü və 4-cü pilləsində qərarlaşan “İnter”lə “Kəpəz”in birincilik ümidinin üstündən rəsmən xətt çəkdi. Belə ki, 30 turdan sonra “İnter”in aktivində 49, “Kəpəz”də isə 46 xal var. “Qarabağ” “bankirlər”i 20, gəncəliləri isə 23 xal qabaqlayıb. Sona 6 tur qaldığını nəzərə alsaq, hər iki komandanın artıq Qurban Qurbanovun kollektivinə çatmasının qeyri-mümkün olduğu açıq-aydın görünür. “Zirə” “Xəzər Lənkəran”dan xal almaqla isə “Neftçi”nin ikincilik şansını tam bitirib.

Bu kiçik analizdən sonra keçək əsas mətləbə… Bəli, 30 oyundan 38 xal toplamış “Neftçi” xeyli vaxtdır ki, on komandanın iştirakı ilə keçirilən Premyer Liqanın turnir cədvəlinin yeddinci pilləsindədir. Nə illah edirsə, bu pillədən ayrıla bilmir ki, bilmir. Bu mənada “Neftçi” elə günə düşüb ki… Bu yerdə bir baməzə əhvalat yadıma düşdü, izn verin onu söyləyim: Günlərin bir günü Xan Şuşinski ilə xanəndə İldırım Həsənov Bakıya getmək istəyirlər. İldırım arvadı Şərqiyyəni də özü ilə bərabər şəhərə aparmağı qərara aldığı üçün ona tapşırır ki, şəhər qaydası ilə geyinib-kecinsin. Uzun sözün qısası, İldırım arvadı ilə bərabər Xana yaxınlaşanda o, gözlərinə inanmayıb soruşur:

– Ə, İldırım, o yanındakı kimdir?

– Şərqiyyədir də, – deyə İldırım cavab verir.

Xan Şərqiyyənin görkəminə, bəzək-düzəyinə işarə edib deyir:

– Atama lənət, əgər mən belə Şərqiyyə görmüşəmsə!

Bəli, Müşahidə Şurasının sayəsində “Neftçi” elə vəziyyətə salınıb ki, indi onu əsla tanımaq olmur. Hətta bu komandanın ilk dördlüyə düşərək avrokuboklara qatılıb-qatılmayacağı belə böyük bir sual işarəsi altındadır. Amma “Neftçi”nin rəsmiləri bu məsələdə hələ də nikbindirlər. Hətta deyərdim ki, çalıb-oxuyurlar. Onların nikbinliyi isə hazırda Premyer Liqada 2-ci pillədə olan “Zirə”nin avrokuboklarda iştirak üçün tələb olunan 3 illik fəaliyyət müddətinə çatmaması, 3-cü pillədəki “İnter”in isə maliyyə “feyr-pley”ini pozması səbəbindən avrokuboklara buraxılmayacağı ilə dolaşan söhbətlərlə bağldır. Bu yerdə deyiblər də, utanım yerinizə… Gör bir nəyə ümid edirlər, nə ilə təsəlli tapırlar? Bu məzəli söhbətdən sonra yadıma bir məzəli əhvalat da düşdü. Atalar əbəs yerə deməyiblər ki, məzə məzə gətirər. Molla bir gün eşşəyini itirir. O, həm eşşəyini axtarır, həm də şikəstə deyib oxuyur. Görənlər soruşurlar:

– Ay Molla, eşşəyi itən də oxuyarmı?

Molla deyir:

– Hələ tapmağa ümidim var. Odur ki, şikəstə deyirəm. Elə ki axtarıb qurtardım, tapmaqdan əlim üzüldü, onda sən gəl mənim ağlamağıma bax…

Deyirəm, nə olaydı, “İnter”in də, “Zirə”nin də problemləri həll olunaydı və onlar avrokubok yarışlarına buraxılaydı, onda “Neftçi”nin ağlamağına baxardıq. Mənə elə gəlir ki, artıq “Neftçi”nin ağlayıb ürəyini boşaltmasının vaxtı yetişib. Kim nə deyir-desin, mənim fikrimcə, bu “ağ-qaralar”buludlar kimi dolmuş ürəyini boşaltmasa, daha doğrusu, kədərini, həyəcanını söyləyib yüngülləşməsə işi gələn mövsümdə də çox ağır ola bilər.

QVAMİ MƏHƏBBƏTOĞLU