Möhtəşəm Zəfərdən Böyük Qayıdışa

Şübhəsiz, son illər ölkəmizin həyatında baş verən hadisələr arasında ən önəmlisi beynəlxalq müstəvidə tanınan ərazi bütövlüyümüzün bərpası, Vətən müharibəsində parlaq Qələbənin əldə olunmasıdır. Bəli, 44 günlük Vətən müharibəsinin Zəfəri bizə  sonsuz sevinc və qürur bəxş etdi. Digər tərəfdən, İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar yaratmaqla yanaşı, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu gücləndirdi. Azərbaycan lider dövlət və söz sahibi kimi mövqelərini daha da möhkəmləndirdi. İşğaldan azad olunan doğma yurdlarımızın bərpası istiqamətində bu gün Prezident İlham Əliyevin təşəbbüsü ilə ard-arda reallaşan layihələr isə bu  bölgəyə yeni ab-hava gətirməkdədir.

Mədəni sərvətlər xəzinəmizdə müstəsna yer tutan Novruz bayramı ərəfəsində – martın 15-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarında olarkən “Yenə işğaldan azad edilmiş torpaqlardayam” deyən  dövlətimizin başçısı bildirmişdir ki, bu gün Füzuli-Hadrut avtomobil yolunun təməlini qoyacağam: “Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Bu, birinci layihə deyil. Artıq bir neçə yol layihəsi icra edilməkdədir. Azad edilmiş torpaqların bərpası başlamışdır. Füzulidən Şuşaya yol çəkilir – Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcəkdir. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, müharibədən dörd ay keçməsinə baxmayaraq, böyük quruculuq işləri başlamışdır.”

Bütün bunlar belə deməyə əsas verir ki, artıq Azərbaycan möhtəşəm Zəfərdən Böyük Qayıdışa qədəm qoyub. Şübhəsiz, dövlət başçımızın bu səfərləri onun azad olunmuş torpaqların yenidən qurulmasına necə dərin həssaslıqla yanaşdığını göstərir. Prezident, Ali Baş Komandan İlham Əliyevin ailə üzvləri ilə birlikdə İlaxır çərşənbədə -Torpaq çərşənbəsində  igidlərimizin qanı və canı bahasına azad edilmiş Şuşada olması da diqqətdən yayınmamalıdır. Bu mənada demək olar ki, ulu əcdadlarımızın təbiətin əbədi nizamına ehtiramını ifadə edən müqəddəs yadigarı sayılan  Novruz bayramının Odlar diyarına builki gəlişi xüsusən əlamətdardır. Yəni bu  Novruz başqa bir Novruzdur. Bu bahar yurdumuza uzun illər həsrətində olduğumuz yeni həyatın, yeni günün gəlməsi deməkdir. Yeri gəlmişkən qeyd edək ki, dövlətimizin başçısı düşmən tapdağından azad olunmuş ərazilərimizə hər dəfə səfər edəndə Günəş doğur, hava aydınlaşır. Sanki təbiət də bu gəlişi bayram edir. Daha obrazlı şəkildə desək, Azərbaycanın öz haqqı olana qovuşmasına sevinir. Sevinir ki, o, bu Qayıdışla rahat nəfəs alacaq, daha erməni vandalizmi ilə qarşılaşmayacaq.

Bu il Novruz ölkəmizin  hər bir bölgəsində, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə qeyd edilir. Bir sözlə, müstəqilliyimizin bu baharına dövlətçilik tariximizdə qızıl hərflərlə əbədi qalacaq və həyatımıza hələ yeni-yeni nailiyyətlər bəxş edəcək parlaq Qələbə ilə qədəm qoymuşuq. Min illik adəti, baharın gəlişini babalardan bizə yadigar qalan Azərbaycan torpağının hər bir  guşəsində qeyd etmək necə də xoşdur, İlahi! Vətən necə də gözəl görünür. Şübhəsiz, belə xoş anları bizə yaşadan haqq işi uğrunda mübarizə duyğusundan aldığımız misilsiz mənəvi güclə yumruq kimi birləşərək əzəli torpaqlarımıza xaincəsinə uzanan əlləri kəsməyimiz, yurdumuzu bədxah düşməndən təmizləməyimiz və ədaləti qanımız bahasına bərpa etməyimizdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirdiyi kimi, ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir. Bundan sonra heç kim, heç bir qüvvə  bizi bu əbədi bahardan məhrum edə bilməz. Əbədi baharın  mübarək, Azərbaycan!

 Qvami Məhəbbətoğlu, “İki sahil”