Minsk Qrupunun kinoçıxaranları

0
451

Bəli, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andiu (Fransa), Ceyms Uorlik (ABŞ) yenə ölkəmizə gəlirlər. Hər dəfə bu xəbəri eşidəndə “Bəyin oğurlanması” filmindəki bir epizod yadıma düşür: “Xeyir ola, ay Miriş? – Xeyirdir. Şəhərdən kino çıxardanlar gəlib”. Yəqin deyəcəksiniz, niyə onların hər gəlişində məhz bu epizod yadıma düşür? A kişilər, məgər həmsədrlərin də işi elə kinoçıxaranların işinə oxşamırmı? Vallah, oxşayır. Amma burada bir yanlışlığım ondan ibarət ola bilər ki, son illər onlar həmin filmdəki kinoçıxardanlaran daha tez-tez görünürlər. Buna baxmayaraq, hər dəfə gəlişlərində eyni film üzərində, eyni ssenari üzərində işləyirlər. Di gəl, yenə də ortalığa beynəlxalq səviyyəli bir şey qoya bilmirlər ki, bilmirlər. Bu mənada onların gəlişləri həm ağlamalıdır, həm də gülməli…

Hə, yenə həmin filmdən epizod: Miriş dediyim kəs o qədər o tərəf, bu tərəfə qaçır ki, atası (Amanoğlu) illərlə onu görə bilmir. Toylarda üz-üzə gələndə atasının təəccübünü görən oğul özünü belə tanıdır: “Mənəm də, ay dədə, Miriş!” Atası da “Hə, sənsən, nə böyümüsən!” – deyir. Lakin biz Mirişin atasından fərqli olaraq, Minsk Qrupunun həmsədrlərini daha tez-tez görürük və bu səbəbdən onları yaxşı tanıyırıq. Hətta onların nəinki danışıqlarından, hətta, addım səslərindən belə bilirik ki, bu, cənab İqor, bu, müsyö Pyerdir, bu, mister Ceymsdir (Yeri gəlmişkən, bu qrup düz 22 il əvvəl Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması məqsədilə təşkil olunub). Daha onların Miriş kimi, yəni: “Bizik də, ay camaat, Minsk Qrupunun həmsədrləri” deməyinə ehtiyac yoxdur. Bəli, onlar bölgədə tez-tez görünürlər. Lakin onların, eləcə də onlara qədər bu işlə məşğul olanların sayəsində Miriş kimi Qarabağ problemi də böyüyür. Onlar isə Mirişin atasından fərqli olaraq, bu “inkişafı” görmürlər, yaxud da özlərini görməməzliyə qoyurlar.

Yenə bu yerdə həmin filmdən Mirişlə bağlı başqa bir epizod yadıma düşdü:

– Salam, mən sənə demək istəyirdim ki…

– Elə mən də…

– Nəyi?..

– Səni sevdiyimi…

Bizim Mirişdən fərqli olaraq, ATƏT-in Minsk Qrupu Ermənistana olan sevgisini açıq-aşkar dilə gətirmir. Onlar bu missiyanı özlərinəməxsus ifadələrlə vurğulayırlar. Qoy mən də “mıs-mıs” deməyib, elə birdəfəlik “Mustafa” deyim: nə qədər qəribə olsa da, istər Azərbaycan torpaqlarının işğalında erməni separatçılarına hərtərəfli yardım edən Rusiya, istərsə də siyasi və maliyyə dəstəyi verən ABŞ və Fransa öz aralarında ciddi ixtilafların olmasına baxmayaraq, dünyəvi maraqları daxilində Dağlıq Qarabağın Azərbaycandan qoparılması məsələsində yekdil mövqedən çıxış etməkdədirlər. Görün onlar nə deyirlər də: deyirlər ki, məsələni hər iki tərəf razılığa gəlib həll etməlidir. Sual olunur: əgər biz özümüz razılığa gələcəyiksə, onda Minsk Qrupu nəyə lazımdır? Belə də mövqe olar? Bu, heç bilirsinizmi nəyə oxşayır: 3 məşhur riyaziyyatçının bir riyazi məsələnin cavabını sıfır çıxarmalarına… Əcəb mövqedir. Digər tərəfdən, əgər həmsədrlər, doğrudan da, bu münaqişənin Azərbaycan və Ermənistan arasında, beynəlxalq hüquq normaları çərçivəsində danışıqlar yolu ilə həllini istəyirsə, niyə müxtəlif vasitələrlə Azərbaycana təzyiq edir, haqsız olaraq Ermənistana dəstək verir? Görünən odur ki, Minsk Qrupu hələ də bu münaqişədən yararlanaraq təmsil olunduğu ölkələrə gün ağlamaqdadır. Bu yerdə isə “Alma almaya bənzər” filmindəki bir kəlam yadıma düşdü: “Almanı neyləyirəm, mənə onun içindəki qurd lazımdır, qurd”. Bəli, bu münaqişədən hər kəs özünə lazım olanı-qurdu axtarır. Amma mənə elə gəlir ki, onların “göz yaşları” içində Azərbaycan özünə gün ağlaya bilər. Çünki ölkəmizin hazırkı mövqeyi, imkanları və beynəlxalq vəziyyət buna imkan verir. Əks halda, onlar monqol turistlər kimi bu bölgəyə hələ çox gəlib-gedəcəklər. Bəli, onlar hər dəfə gələndə yenə “əjdaha”dan danışacaqlar. Lakin bizim həmin “əjdahaya” əsla ehtiyacımız yoxdur. Onların kino çıxartdıqları yetməzmi?

Qvami Məhəbbətoğlu

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here