“Minimum yaşayış həddi üçün ən azı 450-500 manat lazımdır”

537

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2017-ci il üzrə yaşayış minimumu haqqında qanun layihəsi qəbul edilib. Qanun layihəsində əsasən gələn ildən Azərbaycanda yaşayış minimumu 13,97 faiz artırılaraq 155 manat həcmində müəyyən edilib. Bəs, 155 manat yaşayış minimumu milli valyutamızın dollar qarşısında sürətlə dəyərini itirməkdə olduğu və qiymətlərin durmadan artdığı bir vaxtda normal yaşamaq üçün kifayətdirmi? “Yeniavaz com” ekspert və mütəxəssislərin məsələyə münasibətini öyrənib.

Nazim Bəydəmirli: “Təbii ki, 155 manat yaşayış minimumu üçün çox aşağıdır. Bu məbləğlə dolanmaq çətindir. Amma son iki devalvasiyadan sonra büdcənin də imkanları çox deyil. Hələ son devalvasiyadan əvvəl minimum yaşayış həddi təxminən 300 manat hesab edilirdi. İndi isə belə hesab edirəm ki, minimum yaşayış həddi üçün ən azı 450-500 manat müəyyələşməli idi. Yenə də sağ olsunlar ki, bunu artıra biliblər.”

Samir Əliyev: “Gələn il üçün yaşayış minimunun 155 manata qaldırlması zahirən pis təsir bağışlamır. Lakin son iki devalvasiyadan sonra qiymətlər sürətlə artmaqda davam edir. Üstəlik gələn ildən qiymətlərin qalxmasına işıq və qaz tariflərinin təxminən iki dəfə artırılması da güclü təsir göstərəcək. Təbii ki, belə vəziyyətdə yaşayış minimunun 155 manat müəyyən edilməsi azdır və onunla dolanmaq mümkün deyil. Hazırda insanların normal yaşaması üçün yaşayış minimunun indikindən azı 2-3 dəfə çox olması qənaətindəyəm.”

Əziz Mustafa