Mingəçevirlilər 613 ağac əkdilər

“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində bu gün  Mingəçevirdə  ağacəkmə aksiyası keçirilib.  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun da iştirak etdiyi aksiyada Samux  küçəsində boş ərazilərdə  eldar şamı, akasiya və ağcaqayın növlərindən  olan 613 ədəd ağac əkilib. Bu sayda ağacın əkilməsi heç də təsadüfi deyil. Belə ki, Xocalı soyqırımı zamanı erməni vəhşiləri 613 nəfər xocalı sakinini vəhşicəsinə qətlə yetiriblər.

Pandemiya dövrünün qaydalarına uyğun təşkil olunan ağacəkmə aksiyasında fəal iştirak edən MDU-nin tələbəsi Dağlar Babayev bizimlə söhbətində bu tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilir: “Kampaniyanın fəaliyyəti, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə, sağ qalmış ailələrə dəstək göstərilməsinə, bu hadisələrin yaddaşlarda yaşamasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib”.

 

Esmira Hidayətova, Mingəçevir