Mingəçevirli uşaqların çoxdankı arzusu reallaşıb…

597

23 aprel hər il Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd edilir. Bu bayrama dünyanın müxtəlif ölkələrindən olan uşaqlar da qatılırlar. Bu il də Azərbaycandan olan uşaqlar da bu tədbirə qatılıblar. Bakı məktəbliləri ilə yanaşı, Mingəçevir və Quba Uşaq Yaradıcılıq Mərkəzinin (UYM) “Sevinc” rəqs qrupunun kollektivi başda rəqs dərnəyinin rəhbəri Mələk xanım Tağıyeva olmaqla Türkiyənin İstanbul şəhərinin Sarıyer bələdiyyəsində keçirilən 23 aprel Beynəlxalq Uşaq Festivalına qatılıblar. Festivaldan qayıdan uşaqlar öz sevinclərini “Zaman-Azərbaycan” qəzeti ilə bölüşüblər. “Sevinc” rəqs qrupunun üzvləri bildiriblər ki, artıq bir neçə dəfədir Türkiyədə festivalda olublar. Festival ərəfəsində özünə çoxlu dostlar qazanan Mingəçevir Təbiət Riyaziyyat Humanitar Elmələr Təmayüllü Liseyin 5-ci sinif şagirdi Vəliyeva Fidan bildirdi ki, festivaldan çox böyük təəssüratla qayıdıb: “Bu ilki təəssüratlarım ötən ilkindən daha çox oldu. Çünki bu il Suriyadan qatılan uşaqlarla da tanış olduq. Biz orada Azərbaycanın milli rəqsləri ilə çıxış etdik. Hətta yenə də festivala qatılan ölkələrdən dəvətlər də aldıq”.
Uşaqların sevincinə şərik olan valideynlər də bu festivalda onların uşaqlarına dəstək olan hər bir kəsə öz minnətdarlıqlarını bildiriblər. Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Ədalət Quliyevanın dediyinə görə, çoxdankı arzuları reallaşıb: “Həmişə qardaş ölkədən dəvətlər alırdıq, lakin maddiyyat səbəbindən uşaqları bu festivallara apara bilmirdik. Bizə dəstək olan iş adamlarına kollektivimiz adından dərin təşəkkürümüzü bildiririk. Uşaq Yaradıcılıq Mərkəzi məktəbdən kənar müəssisə olsa da, həm yerli, həm də beynəlxalq tədbirlərdən kənarda qalmır. Uşaqlar bizim ən dəyərli varlığımızdır. Çalışırıq ki, Mərkəzimizdə yaradılan dərnəklərdən onlar səmərəli istifadə etsinlər”.
Dərnəyin rəhbəri Mələk Tağıyeva öz təəssüratlarını bizimlə bölüşərək qeyd edib ki, budəfəki festival çox yüksək səviyyədə keçirilib. Mingəçevir 3 saylı məktəbdən festivala qatılan direktor müavini Almaz Məmmədova 20 nəfər heyyətlə bu festivala qatıldıqlarını vurğuladı: “10 gün ərzində Türkiyədə olduq. Uşaqlarımız burada yalnız təkçə mədəniyyətimizi nümayiş etdirmədilər. Çox fərqli bir tədbir keçirildi. Burada uşaqlar tərəfindən bütün dünya dövlətlərinə siyasi müraciətlər olundu. Həm Avropa dövlətlərindən, Asiyadan, Qafqazdan ümumiyyətlə, 10-a yaxın dövlətin uşaqları bu festivalda iştirak edirdi. Uşaqlar oradan sülh müraciəti etdilər. Onlar biz müharibə istəmirik, bütün dünyada uşaqların xoşbəxt, firavan yaşamasını istəyirik dedilər”.
Esmira Hidayətova, Mingəçevir