Mingəçevir İcra başçısı İlham İsmayılov bu dəfə sahibkarlarla görüşüb. Görüşdə icra başçısı çıxışında Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin bəhrələrindən danışıb. O, qeyd edib ki, ölkədə uğurla həyata keçirilən iqtisadi islahatlar hesabına sahibkarlıq fəaliyyəti geniş vüsət alıb, saysız-hesabsız sahibkarlıq subyektləri yaradılıb, istehsal müəssisələri tikilib istifadəyə verilib, yeni iş yerləri açılıb. Onun sözlərinə görə, ölkə rəhbərliyi tərəfindən sahibkarlığın inkişafına verilən davamlı dəstək, yaradılan əlverişli şərait iş adamlarını ruhlandıraraq onları daha həvəslə işləməyə sövq edib: “Bizim də qarşıda olan vəzifələrdən biri şəhərə iş adamları cəlb etmək, turizm və sənaye potensialını inkişaf etdirmək, yaxşı layihələri biz də şəhər rəhbəri olaraq reallaşdırmağa hazırıq. Şəhərdə sahibkarların işinə heç bir müdaxilə ola bilməz , maneəsiz layihələrini həyata keçirə bilərlər. Amma bu, qanun çərçivəsində olmalıdır”.
Görüşdə çıxış edən sahibkarlar bildirib ki, son 3 il sahibkarlıq fəaliyyətində məhsuldar iş olub. Lakin bəzi problemlər də yaşanıb. Çıxış edən sahibkarların əksəriyyəti qaz təsərrüfatından şikayətçi olublar. Bəzi sahibkarlar işıqla bağlı olan problemi dilə gətirərək qeyd ediblər ki, işıqda yaranan problem ən müasir aparaturaların sıradan çıxmasına səbəb olub. Sahibkarlar şəhərin inkişafında torpaq məhdudiyyəti olduğunu da vurğulayıblar. Əmlak komitəsindən də şikayət edən sahibkar onun işində problem yaratdığını bildirib. Digər bir neçə sahibkar yeni təkliflə çıxış edib. Bütün problemləri dinləyən başçı sahibkarlara bildirib ki, qarşıya çıxan hər hansı bir maneə aradan qaldırılacaq.
Sonda sahibkarlar onlara yaradılan əlverişli biznes mühitinə və işgüzar şəraitə görə ölkə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirməklə onun həyata keçirdiyi siyasi kursu daim dəstəkləyəcəklərini ifadə ediblər.
Esmira Hidayətova, Mingəçevir