Mingəçevirli gənclər minnətdarlıq etdilər

864

Mingəçevir şəhəri “Ağ saray” otelində Gənclər evi və Mingəçevir Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il şənliyi qeyd edilib. Tədbirdə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev, Mingəçevir Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli də iştirak edib.

Mingəçevir şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sahib Əliyev tədbir iştirakçılarını bayramlar münasibəti ilə təbrik edib və gənclərə İcra baçcısı Niyazi Bayramovun təbriklərini çatdırıb. O daha sonra deyib: “1991-ci il dekabr ayının 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin birinci iclasında Heydər Əliyevin təşəbbüsü ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib. Sonra Ulu Öndər Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldıraraq bu qərarı qəbul etməyə çağırıb və dünya azərbaycanlılarının birlik və həmrəylik ideyasını dövlət siyasəti səviyyəsinə qaldırmağa nail olub. Dünya azərbaycanlılarının birliyi ideyası məhz ümummilli lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısında göstərdiyi tarixi xidmətlərdən biridir”. O həmçinin Yeni illə bağlı fikirlərini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Daha sonra çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli bildirib ki, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi prioritet məsələlərdən biridir: “Dövlətimizin başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması sahəsində xeyli işlər görülüb. Eyni zamanda gənclərin fəallığının artırılması məqsədyönlü layihə proqramlar həyata keçirilib. Biz də həmişə bu gənclərə dəstək olmuşuq”.

Gənclər Evinin direktoru Tural Kərimov isə öz çıxışında gənclərə daim dəstək olan ölkə Prezidentinə, şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova minnətdarlığını bildirib.

Tədbirin rəsmi hissəsindən sonra meydan gənclərə verilib. Şaxta babanın və Qar qızın şənliyə qatılması tədbiri daha rəngarəng edib.

Esmira Hidayətova, Mingəçevir