Mingəçevirli Esmira xanıma məktub

516

Bu günlərdə saytların birində bir yazı diqqətimi cəlb etdi.
Yazının altında imzası da vardı: Esmira. Fikir məni götürdü: əcəba, bu mənim tanıdığım mingəçevirli Esmira xanımdır, yoxsa başqa bir Esmiradır? Lakin nə qədər götür-qoy etdimsə, dəqiqləşdirməkdə çətinlik çəkdim. Elə bu səbəbdən ona məktub yazıb, öyüd-nəsihət verməkdən vaz keçmək istədim. Lakin az sonra: “Bəlkə bu elə mənim tanıdığım Esmira xanımdır. Bir də başqa bir Esmira olsa nə olacaq ki? İşdi-şayəd birdən tanımadığım Esmira xanım olsa, ona yazdıqlarıma görə üzr istəyərəm”, – deyib klaviatura üzərində gəzişməyə başladım.

Ay Esmira xanım, ay rəhmətliyin nəvəsi, o nə yazıdır yazmısınız? Bu yazıdan sonra siz mingəçevirli məmurların arasına necə çıxacaqsınız? Onların üzünə necə baxacaqsınız? Məgər adam belə bir yazı yazanda dal-qabağını fikirləşməz, necə deyərlər, bir əl yeri qoymaz?

Vallah, ay xanım, görünür, siz qurd ürəyi yemisiniz. Yoxsa adi yeməklərlə qidalanıb belə yazı yazmaq əsla mümkün deyil (Deyirəm, ay xanım, bəlkə yediyiniz o qurd ürəyindən qalıb? Qalıbsa, mənə də göndərin, yeyib cəsarətlənim və çoxdan bəri yazmaq istədiyim bir məsələni mən də sizin kimi qabardım). O nədir, götürüb yazırsınız ki, bəs son günlər bizim Mingəçevir sakinləri “eManat” nağd ödəniş terminalları ilə su pulunu ödəyə bilmirlər. Elə buna görə də sakinlər cin atına miniblər. Halbuki “eManat” ödəmə terminalı vətəndaşlara kommunal xidmət, mobil rabitə, telefon, internet, kabel televiziyası, bank və digər ödənişləri tez, rahat və etibarlı şəkildə ödəmək imkanı yaratmalıdır. Buna səbəb həmin terminallarda yaranan problemlərdir ki, onlarla da bir kimsə maraqlanmır. Balam, maraqlanmır maraqlanmır da… Məgər buna görə bu sahəyə cavabdeh olanların iştahasına soğan doğramalısınız? Axı kim verib sizə bu səlahiyyəti? Üstəlik, ərz edirsiniz ki, camaatın şikayəti daş-divara kar eləyir, amma həmin cavabdeh şəxslərə kar eləmir. Pah, böyük bir iş olub, kar etmir, etmir də… Məgər hər belə xırda şeydən ötrü o boyda kişilərin xətrinə deyərlər?

Bir də, ay Esmira xanım, bir mənə deyin görüm, Mingəçevir Kürün sahilində yerləşmirmi, şəhərlə o çayın arası beş-on addımlıq deyilmi? Məgər camaat elə mindiyi cin atını Kürə sürüb, oradan vedrə-vedrə su daşısa, dünya dağılar? Odur ki, deyirəm, xanım, hər cür vəziyyətdən çıxış yolu var. Sadəcə, baş işlətmək lazımdır, baş…

Esmira xanım, bundan sonra bir söz deyəndə ehtiyatla, “pişim-pişim”lə deyin. Yoxsa siz baltanı dibindən vurursunuz e… Vallah, belə olmaz. Hə, lap az qala unudacaqdım. Bir də həmin yazınızda ərz edirsiniz ki, bəs poçt şöbələrindəki “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yerləşdirdiyi cihazlarda da belə problemlər yaşanmaqdadır. Ay xanım, iş olan yerdə səhv olar da…

Esmira xanım, siz elə bilirsiniz ki, belə problemlər yalnız Mingəçevirdə yaşanır? Vallah, digər yerlərdə də belə hallara rast gəlmək mümkündür. Amma gör heç bir nəfərin səsi çıxır? Siz də başlamısınız bağ belə, bostan belə. Sizə dost kimi məsləhət görürəm ki, vəzifə sahiblərinin ünvanına artıq-əskik danışıb, onları özünüzdən incitməyəsiniz. Zəmanə xarablaşıb e… düşər-düşməzi olar.

Məktubum sizə çatan kimi zibil qutusuna göndər ki, görən olmasın.

P.S. Elə bu yerdə yazdığım məktuba imzamı qoymaq istəyirdim ki, birdən yadıma düşdü ki, bəs təxminən 20 gündən sonra ölkəmizdə “Bakı-2015” I Avropa Oyunlarına start veriləcək. Və bu oyunların avarçəkmə yarışları Mingəçevirdə keçiriləcək. Kim bilir, bəlkə, həmin qonaqlardan kimsə bu terminalların xidmətindən istifadə etmək fikrinə düşəcək… Görəsən, yarışlarla bağlı bütün küçə və meydanlara, eləcə də müxtəlif obyektlərə əl gəzdirən rəhbərlik bu gün kiçik görünən bu kimi nöqsanları nə vaxt aradan qaldıracaq? Olmaya, rəhbərlik belə bir tənqidi Esmira xanımdan deyil, hansısa avropalı xanımdan eşitmək istəyir?