Mingəçevirin suvarma sistemi bərpa edilib

0
347

Mingəçevirdə içməli  su xətlərinin yenidən bərpasından sonra köhnə xətlər ləğv edilmişdi. Bu da şəhərin yaşıllığına böyük ziyan vururdu. Dəfələrlə şəhər sakinlərinin narazılığına səbəb olan bu problem artıq həllini tapıb. Bu barədə Mingəçevir Şəhər icra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinlərlə növbəti görüşdə məlumat verib.

Qeyd edək ki, səyyar görüş şəhərin 20 Yanvar küçəsi 18,19,20 ünvanındakı hündürmərtəbəli  binaların qarşısında keçirilib. Bina sakinləri şəhərdə  aparılan quruculuq-abadlıq işlərinə görə öz minnətdarlıqlarını bildiriblər. Onlar problemlərdən də söz açıblar. Sakinləri daha çox narahat edən problemlərdən ən başlıcası istilik sistemi ilə bağlı olub. Dİgər çıxış edən sakinlər ərazidə olan yarımçıq tikilidən, blokların təmirsizliyindən söz açıblar.

Başçı məhəllə sakinlərinin qaldırdıqları məsələləri dinlədikdən sonra bildirib ki, Mingəçevirdə 465 hündürmərtəbəli bina var. Onlardan 74-ü təmirsiz vəziyyətdədir. Bununla bağlı vəsait ayrılması üçün müraciət olunub. Yaxın vaxtlarda bu binalarda da təmir işləri aparılıcaq.

 İstilik sistemi ilə bağlı müraciətə aydınlıq gətirən icra başçısı vurğulayıb ki, şəhərdəki 19 qazanxanadan 2–si təmir edilib. Qalan 17 qazanxananın bərpası üçün danışıqlar aparılır.

İlham İsmayılov qeyd edib ki, son üç ayda Mingəçevir şəhərində yaşayış məhəllələrində abadlıq-quruculuq işləri aparılır. İndiyədək 10 məhəllədə bu işlər yekunlaşıb. Hazırda Naxçıvan küçəsindəki 42, Yadigar Mənsurov küçəsindəki 11, 13 və 15 nömrəli binaların kəsişdikləri məhəllədə də belə yenidənqurma işləri həyata keçirilir. Bu məhəllədə insanların məmnunluğunu təmin etmək üçün yaşıllıqlar salınır, oturacaqlar qoyulur və idman-əyləncə qurğuları quraşdırılır. Sakinlərin arzularını nəzərə alaraq adları çəkilən binaların dəhlizləri əsaslı təmir olunur, pilləkanlar rənglənir, dəhlizlərə yeni qapılar qoyulur, sınıq süşələr yeniləri ilə əvəz olunur. Eyni zamanda binaların fasadları qaydaya salınır.

 Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov  sakinlərin qaldırdıqları məsələlərin tezliklə mərhələ-mərhələ həll olunacağını bildirib.

Esmira Hidayətova, Mingəçevir