Mingəçevirin Şəmsi

282

 

 Bu dəfəki müsahibimiz, tanınmış simalar, siyasətçilər və ya dünyaşöhrətli şəxsiyyətlər deyil. O, həm tələbə, həm idmançı, həm rəssam, həm də musiqiçidir.  Bu  gənc  mingəçevirli Şəms Soltanovadır.

Şəmsin hal-hazırda 17 yaşı var. Onun uşaqlıqdan idmana böyük həvəsi olub. Ona görə də o, 5 yaşından  kinq-boks üzrə əlbəyaxa idman növü ilə məşğul olub. Artıq 10 yaşında həmin idman üzrə  keçirilən yarışlarda birincilik qazanıb və çempionu adını alıb. Hazırda yenə də bu idman növü ilə məşğul olur.

Şəmsin bacarıqları bununla bitmir. O, həm də bədii gimnastika ilə məşğul olur. Şəms deyir ki, özünün butun bu sahələrə marağı olub. Hətta rəssamlıq fəaliyyəti ilə də məşğuldur. Şəms deyir ki,  bəzən parkda anamla gedəndə, gördüyüm bir ağacın rəngi, mənə çox müsbət təsir edir. Bəzən evə gəlirəm və o ağacın rəngi, duruşu, yarpaqları ağlımdan çıxmır. Hiss edirəm ki, o ağacı çəkmək istəyirəm: ”Amma hazırda rəsm mənim üçün sadəcə bir hobbidir. Rəssamlıq yeniliyi sevən sənətdir. Yeniliyin olması üçün fərqli düşüncə və fərqli iş olmalıdır. Düşünürəm ki, rəssamlıq sonu bilinməyən bir sənətdir. Bu sahədə həmişə öyrənməliyəm və yenə də öyrənirəm, bütün janrlarda çəkirəm.

Əslində  mənim ən böyük arzum idmançı olmaqdır. Çünki idmançı cəmiyyətə çox lazımdır, cəmiyyət də idmançıya. İdmançı olmaq hər bir vətəndaşa gərəkdir. Əslində mənə görə idmançı istədiyi şeyi edə bilər və istədiyi yerdə çalışa bilər.  Buna görə də çox düşünüb qərara gəldim ki, gözəl gələcək üçün gərək idmançı olum. Planlarım çoxdur, bütün bu sadaladıqlarımla yanaşı rəqs də öyrənirəm. Hətta Türkiyədə, Gürcüstanda rəqs üzrə festifallarda da iştirak etmişəm. Bununla yanaşı həm də fortepiano üzrə musiqi təhsili alıram və  Ağdam musiqi kollecinin 3 kurs şagirdiyəm”.

Şəms bizimlə söhbətində vurğuladı ki, 17 yaşı olmasına baxmayaraq öz üzərində daha yaxşı çalışıb gələcəkdə səfirlikdə işləmək arzusundadır. Buna görə də ali təhsilini davam etdirmək niyyətindədir.

Esmira Hidayətova, Mingəçevir