Mingəçevirin problemləri həllini tapır

Bu gün respublikamızın şəhər və kəndlərində müşahidə edilən abadlıq-quruculuq işləri Mingəçevirdə  da özünü qabarıq şəkildə büruzə verir. Prezident İlham Əliyevin  imzaladığı Dövlət proqramlarından, Fərman və sərəncamlardan irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi şəhərin  uğurlarını şərtləndirən əsas məqamlardır. Şəhərdə artıq sakinlərlə icra başçısının görüşü ənənə halını alıb. Sakinlər də etiraf edirlər ki, illərlə yığılıb qalmış problemlərimiz həll olunur, narahatlıqlara son qoyulur.

Şəhər İcra Hakimiyyətinin növbəti səyyar görüşü şəhərin A.Məmmədov, Xətai, Nizami, Nərimanov kvartalının sakinləri ilə keçirilib. Bu dəfə sakinlərin görüşündə icra hakimiyyəti ilə bərabər Prezident Administirasiyasının məsul işçisi Vəfadar Bağırov da iştirak edib. Görüşü şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq sakinləri salamlayıb, onlara ölkə rəhbəri, möhtərəm Prezident İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər haqqında məlumat verib və Mingəçevirdə aparılan abadlıq-quruculuq işlərindən bəhs edib. Bildirib ki, ölkəmiz iqtisadi cəhətdən inkişaf etdikcə əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün cənab Prezident tərəfindən mühüm addımlar atılır, Sərəncamlar imzalanır. Bunun nəticəsidir ki, bu gün Mingəçevirdə səliqə-sahman göz oxşayır, yeniliklər özünü göstərir. Əhalinin işsiz təbəqələrinin işlə təmin olunması üçün əməli işlər görülür.

Başçı sakinlərə bildirib ki, yanvar ayından şəhərdə yeni abadlıq işlərinə start verilib. Bu işlər davam edir və davam etdiriləcək. Mingəçevirdə abadlaşmayan küçə qalmayacaq.

Başçı qeyd edib ki, Mingəçevirdə daha bir nümunəvi məhəllə yaradılır. N.Nərimanov küçəsindəki 10, 12, 14 saylı və Xəzər küçəsindəki 4 və 6 saylı binaların qarşısında abadlıq-quruculuq işləri davam edir. Belə ki, məhəllədə qurumuş ağaclar budanır, yeni ağac tingləri əkilir və suvarılır, binaların fasad hissələri, dəhlizləri əsaslı təmir edilir  və  uşaqlar üçün idman qurğuları  quraşdırılır.

Sonra  məhəllə sakinləri çıxış edərək ölkə başçısı  İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin vurğulayıblar ki, onların illərlə yığılıb qalmış problemləri Mingəçevirə İlham İsmayılov başçı təyin ediləndən sonra öz həllini tapmağa başlayıb. Məhəllə sakinləri mövcud problemləri də dilə gətiriblar.

Bütün problemləri dinləyən  icra başçısı əminliklə vurğulayıb ki, qaldırılan problemlər mərhələli şəkildə öz həllini tapacaq və buna heç kəsin şübhəsi olmasın.

Esmira Hidayətova, Mingəçevir