“Mingəçevirin hər axşamı ulduzlu bir səhər olur…”

577

Gecəsi gündüzündən, gündüzü gecəsindən gözəl olan, baharı qışından, qışı baharından maraqlı görünən, həm ürəyindəki, həm də ovcundakı nuru, işığı ölkənin hər yerinə paylayan Mingəçevir 67 yaşını qeyd edir.

67 il əvvəl bünövrəsi qoyulmuş bu şəhər çox qısa müddətdə ölkə sənayesinin inkişafına dəyərli töhfələr verib. Bu illər ərzində şəhər günü-gündən böyüdü, ilbəil dəyişdi və sonda əməyi keçən insanların sayəsində qocaman bir şəhər oldu. Əlbəttə, bu şəhərin ərsəyə gəlməsində onu quranların çox böyük zəhməti, əməyi olub. Bu gün böyük fəxrlə deyə bilərik ki, şəhər məhz zəhmətkeş insanların əməyi nəticəsində quruldu. Elə ona görə də indi də müasirliyi və yaşıllığı ilə digər bölgələrdən fərqlənir. 67-ci ildönümü ərəfəsində şəhərin qurucularından olan, əllərinin zəhməti ilə, alın təri ilə şəhərin qurulmasında əməyi olan Respublikanın Əməkdar mühəndisi Qəşəm İsmayılovla görüşüb, ötən illəri yada saldıq. Qeyd edək ki, Qəşəm müəllimin əməyi daim dövlət tərəfindən qiymətləndirilib. 35 il fasiləsiz Şəhər Sovetinin Deputatı və daimi deputat komissiyasının sədri olub. 34 il Şəhər Partiya Komitəsinin üzvü olub. 5 il şəhər Partiya Komitəsi bürosunun üzvü olub. 2 il də Mərkəzi Komitənin üzvü olub. Bütün bu göstəricilər nəzərə alınaraq 1968-ci ildə əməkdə fərqləndiyinə görə əmək medalı ilə təltif olunub. 1970-ci ildə Lenin Yubileyi medalı, Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyyətinin fəxri fərmanı, Əmək veteranı medalı, Şərəf nişanı ordeni və ən başlıcası cənab Prezident İlham Əliyevin fərmanı ilə Respublikanın Əməkdar mühəndisi adına layiq görülüb.

“İslamzadəni mingəçevirlilər indi də

xoş xatirələrlə xatırlayırlar”

Müsahibimiz bizimlə söhbətində ötən illəri xatırladı, öz dili ilə desək, bir daha illərin qanadında ötən illərə nəzər saldı: “Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra 1955-ci ildə oktyabr ayının 12-də Mingəçevirə Su Elektirik Stansiyasının (SES) tikintisinə usta kimi işləməyə gəlmişəm. Bir müddət işlədikdən sonra iş icrası vəzifəsinə təyin edilmişəm. SES bəndin tikintisində, ehtiyat kanalının tikintisində əməyim olub. O vaxt bəziləri elə bilirdi ki, 1954-cü ildə stansiya tikilib istifadəyə verilib, artıq iş qalmayıb. Amma iş çox idi, ehtiyyat kanalı tikilməli idi, bəndi səliqə-səhmana salmaq lazım idi. Bu işlərin hamısında çalışmışam. Həm də çalışdığım illərdə komsomol işində də fəal iştirak edirdim və 1957-ci ildə şəhər komsomol komitəsinin birinci katibi seçildim. Daha sonra şəhər icrayyə komitəsinin sədri vəzifəsinə təyin olundum. Daha sonralar isə təsərrüfat işlərində çalışdım. 38 il müəssisə rəhbəri olmuşam. Bənddə çalışarkən bir çox mütəxəssislərlə bir yerdə çalışmışam. Onların içərisində ən böyük mütəxəssis, ən böyük alim, ən böyük təşkilatçı İslamzadə idi. SES tikintisində böyük əməyi olan İslamzadəni mingəçevirlilər indi də xoş xatirələrlə xatırlayırlar. Məhz İslamzadənin əməyi sayəsində bu şəhər şəhər oldu. Çünki burada şəhər salmaq nəzərdə tutulmamışdı. Stansiyanın tikintisi başa çatdıqdan sonra inşaatçılar buradan getməli idilər. Kürün sahilində SES tikinti personalı üçün, sadəcə, kiçik qəsəbənin tikintisi nəzərdə tutulmuşdu. Lakin dövrünün uzaqgörən qurucusu, Mingəçevir SES-in ilk rəisi İslamzadə məhz burada yeni tikililərə rəvac verməklə, bu qəsəbəni inkişaf etdirdi. Çünki o, stansiyanın tikintisində çalışan 5000 nəfər mülki vətəndaşın sonrakı aqibəti barədə də düşünürdü. Elə buna görə də o, burada yeni bir sənaye şəhərinin salınmasında israrlı oldu. Onu da qeyd edim ki, o zaman stansiyada çalışanların əksəriyyəti öz yurdlarını tərk edib bura gəlmiş və on il burada çalışmışdılar”.

“Xalq şairi Səməd Vurğun

tez-tez gələrdi”

“Mingəçevirin quruculuğu çox çətin, ağır mərhələlərdən keçib”,-sözləri ilə söhbətini davam etdirən müsahibimiz dedi ki, dostları ilə hərdən parkda əyləşib ötən günləri yada salır: “Günü-gündən şəhərimiz abadlaşır, gözümüzün önündə böyüyür. Son bir neçə ildə daha sürətlə abadlaşan şəhər yeni görkəm alıb. Mingəçevir Şəhər İcra Hakimiyyətinə Niyazi Bayramov rəhbər təyin olunandan sonra, bu işlər daha geniş vüsət aldı. Biz bir qurucu kimi onun gördüyü işləri alqışlayırıq. Onu da demək istərdim ki, şərt qurub, yaratmaq deyil, şəhəri təmiz, səliqəli saxlamaq da elə onu qurmaq, sevmək deməkdir. Qurucu yoldaşlarımdan çoxu rəhmətə gedib, Allah onlara rəhmət etsin, qalanlarına da cansağlığı arzulayıram. Nə deyim, əməyimizin bəhrəsi nəticə verdi, respublikamız üçün böyük bir stansiyanı tikib təhfil verdik. Keyfiyyətli, fasiləsiz elektirik enerjisi ilə hər tərəf nura boyandı. Ona görə də o vaxtlar hər yerdə elektrik enerjisindən söz düşəndə “Mingəçevir işığı” deyirdilər. Mil, Muğan düzündə cadar-cadar olmuş torpaqlara can verildi, Şirvan kanalları çəkildi və beləliklə, Azərbaycan dünyaya səs saldı. Xalq şairi Səməd Vurğun SES tikintisinə tez-tez gələrdi. SES-in tikintisinə sevinənlərdən biri də Səməd Vurğun idi. Burada onun çoxlu çıxışları olurdu. “Muğam” poemasında da yazdı:

Mingəçevirin hər axşamı ulduzlu bir səhər olur,

Gözümüzün qabağında Mingəçevir şəhər olur”.

Bəli, Mingəçevir şəhər oldu”.

Səhər getməyə işin olsun…

Müsahibimiz son zamanlar şəhərdə işsizliklə bağlı olan problemdən də naraht olduğunu dilə gətirdi: “Bir qurucu kimi mənim də iradlarım var. Qurmuşuq, yaratmışıq kimin üçün – əlbəttə, insanlar üçün. Bu insanlarda bu şəhərdə yaşayıb yaratmaq üçün işləməlidirlər. İşləməlidirlər ki, yaşaya da bilsinlər. Hər kəs ali məktəbə daxil ola bilmir ki – hər kəs nəzərə alınmalıdır. Bizim vaxtımızda işlədiyimiz müəssisə işçilərinə ev də tikib verirdi. İndi sənaye müəssisələri azdır. Ona görə də gənclərimiz işsiz-gücsüz qalıblar. Amma bundan da çıxış yolu var. Şəhərimizdə sənaye müəssisələri açılsa, işsizlik problemi həll oluna bilər. Onu da deyim ki, Mingəçevirdə hazırda yalnız 3 sənaye müəssisəsi işləyir. İndi elə bir müəssisə yoxdur ki, ev tikə, gəncləri evlə təmin edə. İndiki zamanədə gənclərə həm iş yeri, həm də mənzil lazımdır. Nazim Hikmət demiş: səhər getməyə işin olsun, axşam evə gəlməyə də evin. Məncə, ən böyük xoşbəxtlik budur”.

Əziz qurucular, sizlər bu günkü nəsillərə bir məktəbsiniz, gənc nəsil sizdən nümunə götürməli, sizin iş təcrübənizdən yararlanmalıdır. Tikən, quran əlləriniz var olsun.

Esmira Hidayətova Mingəçevir