Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində Mingəçevirin Az.Dres qəsəbəsi ikinci gənclik illərini yaşayır. Belə ki, qəsəbə abadlaşır, məhəllələri yeni görkəmə salınır, parklar, səkilər salınır, nümunəvi məhəllələrin sayı artırılır. Sakinlər də bu diqqət və qayğıdan lazımınca bəhrələnirlər.
Bu günlərdə qəsəbədə daha bir nümunəvi məhəllə sakinlərin ixtiyarına verilib. Qəsəbənin F.Əzimov küçəsində abadlıq işləri aparılıb, yeni futbol meydançası salınıb, uşaqlar üçün əyləncə qurğuları, oturacaqlar, xeyir-şər mağaraları təmir edilib, küçəyə asfalt salınıb. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sözügedən məhəllədə sakinlərlə görüşüb. Başçı ölkə prezidenti İlham Əliyevin tapşırığı ilə bu cür səyyar görüşlərin keçirilməsini onların rifah halının yaxşılaşmasına yönəldiyini nəzərə çatdırıb. Bildirib ki, məqsədimiz sizləri narahat edən problemləri öyrənmək, onların həllini aidiyyatı qurumlarla birgə həll etməkdir.
Görüşdə məhəllə sakinləri açıq mikrafon qarşısına keçərək yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıq bildiriblər. Qeyd ediblər ki, artıq bir neçə ildir ki, qəsəbədə lazımı işlər görülür. Lakin problemlərimiz də var deyən sakinlər onları narahat edən istilik sisteminin olmamasından, binaların fasad hissələrinin bərbad vəziyyətindən, blokların natəmizliyindən, bəzi binaların zirzəmilərinin çirkab sularla dolu olmasından, həyətlərin işıqlanmamasından söz açıblar.
Bütün sadalanan problemləri dinləyən başçı onların həlli ilə bağlı müvafiq qurumlara tapşırıqlar verib.
Esmira Hidayətova, Mingəçevir