Azərbaycanda 44 günlük müharibə qələbə ilə başa çatdı. Bu, Vətən müharibəsində 2802 şəhid verdiyimiz – 2802 igid oğul itirdiyimiz üçün çox kədərlənirik. Ancaq əslində biz o oğulları itirməmişik, əksinə qazanmışıq. Bəli, Azərbaycan xalqının ölməz qəhrəmanları sırasına 2802 qəhrəman da əlavə olundu. Vətənin azadlığı naminə bir an belə tərəddüd etmədən öz həyatını qurban vermiş şəhidlərin içərisində Mingəçevirin igid oğulları da oldu. Onlar silaha sarılaraq Vətənimizin bütövlüyü uğrunda canından, qanından keçməyə hazır oldular. 44 günlük müharibədə Vətən uğrunda canlarından keçib şəhid olmaq mingəçevirli 50 gəncin taleyinə də yazılmışdı. Bu vətənpərvər oğulların qəbirlərinin 20 Yanvar ümumxalq hüzn gününə kimi abadlaşıdırılıb başa çatdırılması üçün Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov xüsusi tapşırıqlar verib. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan soydaşlarımızın xatirəsini əbədiləşdirmək məqsədilə Mingəçevir şəhərində salınmış Şəhidlər xiyabanında abadlıq işlərinə başlanılıb. Xiyabana yenə ağac və gül kolları əkiliməsi, çəmənlik salınması da diqqət mərkəzindədir.
Esmira Hidayətova