Mingəçevirdəki 3 saylı məktəb şəhid məzunlarını anıb

353

Müqəddəs şəhidlik zirvəsinə ucalan igidlərimizdən ikisi də Mingəçevir M.Hüseynzadə adına  3 saylı tam orta məktəbin məzunları olub. Bu gün məktəbin  şagird-pedaqoji kollektivinin iştirakı ilə onların, eləcdə də digər bütün şəhidlərimizin xatirəsi anılıb.

…Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edidikdən sonra məktəbin direktoru Gültəkin Quliyeva məktəbin iki vətənpərvər şəhidi haqqında məlumat verib. Bildirib ki, məktəbimizin iki şagirdi – Xankişiyev Fuad və Qurbanov Tərxan ömürlərinin ən gözəl çağlarında şəhidlik zirvəsinə ucalıb: ”Bu gün bizim üçün fəxr olardı ki, onlar da sinəsi medalla bəzədilmiş döyüşçü kimi tədbirimizdə iştirak edib təəssüratlaını şagirdlərlə bölüşərdilər. Amma onlar şəhidlik zirvəsinə ucalıblar.  Şəhidlik zirvəsinə ucalmaq  isə hər kəsə nəsib olmur. Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı vətəninin qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bizim borcumuzdur”.

Daha sonra şəhidlər haqqında videoçarx nümayiş olunub, şagirdlər şəhidlər haqqında şeirlər, musiqilər səsləndiriblər.

Tədbirdə Əfqanstan və I Qarabağ  müharibəsi əlili Elşən İbrahimov, I Qarabağ müharibəsi əlili Məhəmmədəli Ağazadə, məktəbin tarix müəllimi Hilal Qarayev, şəhidlərin döyüşçü  yoldaşları çıxış edərək öz ürək sözlərini bildiriblər. Şəhidlərin valideynləri – Sabiqə Xankişiyeva, Zabit Qurbanov isə övladlarının uşaqlıq illərindən, onların necə vətənpərvər kimi yetişmələrindən danışıblar.

 

Tədbir iştirakçıları Şəhidlər xiyabanını da ziyarət ediblər.

Qeyd edək ki, Fuad  Şöhrət oğlu Xankişiyev Prezidentin Sərəncamı ilə “Vətən uğrunda“, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Qurbanov Tərxan Zabit oğlu isə  “Vətən uğrunda” və “Xocavəndin azad edilməsinə görə”medallarına layiq görülüb.

Esmira Hidayətova, Mingəçevir