Mingəçevirdəki 10 saylı tam orta məktəbdə Aprel şəhidləri anılıb

0
898

Bu gün Mingəçevir 10 saylı tam orta məktəbdə Aprel döyüşlərində qəhrəmanlıq göstərib şəhid olan şəhidlərin valideynləri ilə məktəbin şagird-müəllim kollektivinin görüşü keçirilib. Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində Aprel şəhidlərinin şəkillərindən ibarət stendlərlə, onlar haqqında şagirdlərin yazdıqları inşalarla, həmçinin əl işləri ilə tanış olublar. Daha sonra tədbirə start verilib.

Himnimizin oxunmasından, şanlı üçrəngli bayrağımızın zala gətirilməsindəndən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Xumarə Mikayılova öz çıxışında bildirib ki, tarixə nəzər yetirərkən aydın olur ki, bütün müharibələrin gedişində bir dönüş nöqtəsi olub və bu dönüş nöqtələri savaşın müqəttaratında böyük rol oynayıb: “Məlum Aprel hadisələrini də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dönüş nöqtəsi kimi qiymətləndirsək, yəqin ki, yanılmarıq. Ordumuzun göstərdiyi şücaət belə deməyimizə tam əsas verir”.

“Aprel döyüşləri bizim şanlı qələbəmizdir”, – deyən Xumarə xanım həmçinin qeyd edib ki, Aprel döyüşlərində Mingəçevir 4 şəhid verib: “Həmin o 4 şəhid – Əhmədov Rüstəm Oruc oğlu, Qasımov Teymur Sabir oğlu, Adilzadə Adil Kamran oğlu, Tağıyev Rahim Qara oğlu, eləcə də digər şəhidlərimiz heç vaxt unudulmayacaq bir tarix yazıblar. Biz bu kimi tədbirlərlə onların adlarını yaşadırıq və gələcək nəsillərə çatdırırıq”. ayaraq gələck nəsillərin yaddaşlarına həkk edirik dedi Xumarə Mikayılova. Aprel döyüşləri bizim şanlı qələbəmizdir.

Bu çıxışın ardınca məktəblilərin hazırladıqları kompozisiya tədbir iştirakçılarına təqdim olunub. Şagirdlərin hazırladıqları kiçik səhnəciklər şəhid ailələrini bir anlıq o günlərə qaytarıb. Ailələr göz yaşları içərisində həmin anları bir daha yaşayıblar.

Aprel şəhidi Rahim Tağıyevin həyat yoldaşı Vüsalə xanım Tağıyeva bu gün burada yaşananlara görə məktəb rəhbərliyinə, şagirdlərə təşəkkürünü bildirib: “Biz belə tədbirlərdən güc alırıq. Biz şəhid ailələri, inanın ki, bir yerdə olanda sanki dərdimiz bir az da olsa unudur, təsəlli alırıq. 3-cü sinifdə oxuyan oğlum Nicat deyir ki, ana, kaş ki yenə mən balaca uşaq olardım, atam yenə bizimlə olaydı. Övladlarımızın hər sözü bizim ürəyimizə bir xəncər kimi saplanır. Yeri gəlmişkən, onu da deyim ki, şəhid ailələrinə dövlətimiz yetərincə diqqət və qayğı göstərir. Yəni bizlər unudulmuruq. Buna görə biz Prezidentimizə minnətdarlığımızı bildiririk”.

Tədbirdə Mingəçevir Şəhid Ailələri Müdafiə Cəmiyyətinin sədri, şəhid anası İranə Həsənova vurğulayıb ki, Mingəçevir Qarabağ savaşında 336 şəhid verib: “Biz əminik ki, onların və digər şəhidlərizin qanı yerdə qalmayacaq. Bir gün Ali Baş Komandanımızın göstərişi ilə düşmən tapdağı altında olan ərazilərimiz azad olunacaq. Məhz belə tədbirləri də həmin günə hazırlıq kimi dəyərləndirmək olar. Yeri gəlmişkən, əsgər forması geyinmiş dörd şagirdin şəhidlərimizin – Rahim, Rüstəm, Adil, Teymur adları ilə tədbirə qoşulmaları məni daha çox kövrəltdir”.

Tədbirin sonunda şəhid ailələri ilə şagirdlər xatirə şəkilləri çəkdiriblər.

Esmira Hidayətova, Mingəçevir.