Mingəçevirdə Zərifə xanım Əliyevanın 94 illiyi qeyd edilib

773

Zərifə xanım Əliyeva fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömürü, keçdiyi şərəfli həyat yolu ilə hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun əziz xatirəsi bizlərin qəlbində daim yaşayacaqdır. Bu fikirlər görkəmli oftalmoloq-alim, akademik, Əməkdar elm xadimi, professor Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi münasibətilə YAP Mingəçevir şəhər təşkilatında keçirilən konfransda səsləndirilib.

YAP Qadınlar Şurasının təşkilatçılığı ilə keçirilən tədbirdə Mingəçevir şəhər “Tələbə” poliklinikasının baş həkimi, YAP  şəhər təşkilatının İdarə Heyətinin üzvü, Qadınlar Şurasının sədri Nurcamal Məmmədova çıxış edərək akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edib. O qeyd edib ki, görkəmli alim Zərifə Əliyeva bütün ömrünü ölkəmizdə oftalmologiya sahəsinin inkişafına, peşə ilə əlaqədar sonradan əmələ gələn göz xəstəliklərinin müalicəsinə həsr edib. O, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərərkən müxtəlif istiqamətlərdə elmi araşdırmalar və tədqiqatlar aparıb, cərrahi əməliyyatlar həyata keçirib, gözdə qlaukoma xəstəliyinin diaqnostikası və müalicəsi baxımından bir neçə elmi-metodoloji fikirlər irəli sürüb, göz həkimlərinin təkmilləşdirilməsi üçün pedaqoji fəaliyyət göstərib.

Mingəçevir şəhər 10 saylı orta məktəbin direktoru Xumarə Mikayılova, Azərbaycan İstilik Elektrik Stansiyasının şöbə müdiri Cəmalə Mahmudova, Mingəçevir Dövlət Universitetinin müəllimi Aygün Qədirova və 13 saylı orta məktəbin direktoru Tünzalə Əfəndiyeva çıxış edərək Zərifə xanım Əliyevanın xatirəsinin həmişə ürəklərdə yaşayacağını, ömür yolunun və gördüyü fundamental işlərin heç vaxt unudulmayacağını bildiriblər. Vurğulanıb ki, Zərifə xanım istedadlı alim və bacarıqlı pedaqoq olmaqla yanaşı, eyni zamanda, qayğıkeş, xeyirxah və işgüzar qadın idi. O, bir prezidentin həyat yoldaşı, digər prezidentin isə anası olub.

Tədbirdə akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib, məktəblilər şeir söyləyiblər.

Esmira Hidayətova, Mingəçevir.