Mingəçevirdə yeni layihələr həyata keçiriləcək

0
523

Artıq Mingəçevirdə sakinlərlə görüşlər ənənə halını alıb. Bu dəfə şəhər  sakinləri ilə səyyar  görüş şəhərin 10 saylı məktəbinin akt zalında keçirilib. Görüşdə idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Görüşü açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkədə və Mingəçevirdə aparılan abadlıq-quruculuq işlərindən və keçirilən islahatlardan söz açıb. Bildirib ki, Mingəçevir şəhəri Avropa İttifaqı layihəsinə qoşulub. Son bir ildə Mingəçevirdə quruculuq-abadlıq işləri davam edir və 3 park salınıb: ”Mingəçevirdə binaların dam örtükləri yenilənib, yaşıllıqların suvarılması üçün köhnə su xətti artıq istifadəyə  verilib, binaların istilik sistemi ilə bağlı danışıqlar aparılır. 465 binadan 27 binada yenilənmə işləri görülüb. Yeni ildən Mingəçevirlə bağlı yeni planlar da həyata keçiriləcək”.

Şəhər sakini Sabir Qarayev görülən işlərə görə təşəkkürünü bildirib. O qeyd edib ki, yaşadığı A.Qurbani küçəsinin abadlaşması və orada salınan park sakinlərin rahatlığına xidmət edir. Halbuki uzun illər həmin ərazi zir-zibil içində olmuşdur.

 İranə Həsənova da Mingəçevirdə yaradılan səliq-səhmandan danışıb. Görüşdə çıxış edən digər sakinlər Texniki liseyin qarşısındakı avtomobillərin sıxlığının şagirdlər üçün yaratdığı təhlükədən, binaların kanalizasiya sisteminin nasazlığından, sahibsiz itlərin çoxalmasından, binanın eyvanlarının təhlükəli vəziyyətə düşməsindən və digər problemləri söz açıblar.

Bütün problemləri qeydiyyata alan başçı qaldırılan hər bir problemin həll olunacağını bildirib.

Esmira Hidayətova, Mingəçevir