Mingəçevirdə xocalıların iştirakı ilə anım mərasimi keçirilib

0
271

Mingəçevirdə Xocalı sakinləri ilə görüş keçirilib. Görüşdə şəhərdə məskunlaşmış Xocalı şəhid ailələri ilə yanaşı, təsərrüfat rəhbərləri, ictimaiyyət nümayəndələri də iştirak ediblər. Görüşü giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin baçısı İlham İsmayılov qeyd edib ki, xalqımızın qan yaddaşına yazılmış  Xocalı soyqırımından 28 il keçir. O bildirib ki, Azərbaycan tarixinin qanlı səhifələrindən olan bu soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca vəhşicəsinə qətlə yetirilib, 487 dinc sakini ağır yaralanıb, 1275 nəfər girov götürülüb.

Tədbirdə Mingəçevirdə məskunlaşmış xocalılar- Zahir Usubov, Baloğlan Allahyarov,  Süleyman Orucov şahidi olduqları həmin o gecənin dəhşətlərindən ürək ağrısı ilə danışıblar. Şəhər ictimaiyyəti nümayəndələrindən Qarabağ əlili Nizami Təhməzov, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov də çıxış edərək Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fikirlərini bölüşüblər.

Sonda Xocalıdan olan şəhid ailələrinə, əlillərə  ərzaq bağlamaları verilib.

Esmira Hidayətova, Mingəçevir