Mingəçevirdə Xocalı soyqırımı qurbanları yad edilib

566

Xocalı soyqırımından 25 il ötür… Mingəçevirlilər Xocalı soyqırımı qurbanlarını yad etmək üçün Şəhidlər xiyabanında Xocalı soqyırım abidəsinin önünə gələrək ziyarət ediblər. İctimayyət nümayəndələri abidənin önünə gül dəstələri düzüblər. Daha sonra şəhər İcra Hakimiyyətində tədbir keçirilib. Əvvəlcə vətənimizin müdafiəsi uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Xocalı dəhşətlərinin xalqımızın qan yadaşında silinməz izlər buraxdığını bildirib. O həmçinin vurğulayıb: “Ümummilli liderimiz Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib”.

Tədbirdə Xocalı İcra Hakimiyyətinin nümayəndəsi Göyüş Həsənov bildirib ki, təsadüf nəticəsində bizlər sağ qaldıq: “Amma o anları heç vaxt unuda bilməyəcəyik. Xatırlatmaq istərdim ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Biz bu faciəni heç vaxt unuda bilmərik. Amma təssüflə qeyd etmək istəyirəm ki, bu günkü bəzi şagirdlərimiz, hətta gənclərimiz Xocalıda 26 fevralda nələr baş verdiyini bilmirlər”. O daha sonra deyib: “Bütün xocalılar inanırlar ki, Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Cocuq Mərcanlıdan başlayan “Böyük Qayıdış” digər işğal olunmuş torpaqlarımızın azad olunması və abadlaşdırılması ilə başa çatacaq”.

Tədbirdə xocalı şəhid ailələri də çıxış edərək Xocalı soyqırımı zamanı baş verən dəhşətli anları yada salıblar, erməni quldurlarının vəhşiliklərindən danışıblar.

Tədbirin sonund Xocalıdan olan şəhid ailələrinə ərzaq bağlamaları paylanılıb.

Esmira Hidayətova, Mingəçevir.