Mingəçevirdə ümumşəhər Novruz şənliyi keçirilib

0
677

Mingəçevir ictimaiyyəti milli ruhumuzun aynası olan Novruz bayramını təntənə ilə qeyd edib. Şəhərin təhsil və mədəniyyət qurumları tərəfindən tərtib olunmuş bayram guşələri Səməd Vurğun meydanında toplaşan minlərlə insanın qəlbində xoş ovqat yaradıb.

 

Novruzun obrazlaşdırlmış rəmzləri, incəsənət xadimləri, idmançı və kəndirbazların iştirakı ilə əsl bayaram ab havası yaşanıb. Bayram tonqalı ətrafında coşqulu mahnı və rəqslər ifa olunub.

Ümumşəhər şənliyi Mingəçevir Turizm Kolleci üçün daha əlamətdar olub. Belə ki, kollec bu tədbirdə ən iri bayram guşəsi ilə təmsil olunub. Guşədə 100-dən çox eksponat, o cümlədən rəsm əsərləri, Novruz xonçaları, həmçinin baharın gəlişini və Novruzu tərənnüm edən çoxsaylı tərtibat vasitələri təqdim edilib. Milli geyimli pedaqoq və tələbələr, qədim əmək və məişət əşyalarının nümayişi də guşəni seyr edən tədbir iştirakçılarında unudulmaz təəssüratlar oyadıb.

Kollektivi ziyarət edən şəxslər arasında Mingəçevir şəhər icra hakimiyyəti başçısı Niyazi Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri və onları müşayiət edən şəxslərlə keçirilən görüş xüsusi olaraq diqqət mərkəzinə düşüb. Şəhər rəhbərliyini salamlayan Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov   kollecin son uğurları, şənlikdə təmsilıçilik guşəsi və eksponatlar barədə ətraflı məlumat verib. Onun müşayiəti ilə qonaqlar istedadlı tələbə gənclərin əl işlərindən ibarət rəsm və əl işləri sərgisinə və digər eksponatlara baxış keçirib.

Daha sonra milli geyimli tələbələr şəhər rəhbərliyinə və onu müşayiət edən şəxslərə kiçik musiqili bayram kompozisiyası nümayiş etdirib.

Kollec tələbələri tərəfindən nümayiş olunan xalq oyunları, əyləncəli xoruz döyüşü və digər bayram proqramı izləyənlərdə böyük maraq doğurub. İcra Hakimiyyəti başçısı Niyazi Bayramov görüb duyduğlarından məmnuniyyət hissi duyduğunu  bildirərək kollektivə Novruz bayramı münasibəti ilə ən xoş arzularını çatdırıb. Bir sözlə, kollektiv Mingəçevirdə keçirilən ümumşəhər tədbirində uzun müddət hafizələrdən silinməyəcək təəssüratlarla ayrılıb.

Qeyd edək ki, Mingəçevir Turizm Kollecinin kollektivi bayram tədbirində təkcə təmsilçiliklə kifayətlənməyib. Ayrı-ayrı fəal tələbələr şənliyin bədii proqramının hazırlıq prosesində və nümayişində ən fəal şəkildə istirak edib.

Esmira Hidayətova, Mingəçevir