Mingəçevirdə “Təhlükəsiz yay”dan danışdılar

453

Mingəçevir 10 saylı tam orta məktəbinin Akt zalında Mingəçevir şəhər İcra Hakimiyyəti Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının təşəbbüsü ilə “Təhlükəsiz yay” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəblilərin yay tətilini və asudə vaxtlarını təhlükəsiz keçirilməsindən ətraflı söz açılıb.

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Tərlan xanım Əliyeva maarifləndirici tədbirin aktuallığından danışıb. Daha sonra “Azyaşlılar və internet” mövzusunda çıxış edən İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Firəngiz Həsənova artıq müasir texnologiyalarını yeniyetmə və gənclərin həyatının tam bir hissəsinə çevrildiyini bildirib: “Uşaqlar bütün kompyüter yeniliklərini – sosial şəbəkələri, onlayn oyunları, müxtəlif proqramları sürətlə əxz edir, onlara alışırlar. İlk baxışdan normal, hətta yaxşı işlərdir, daha mütərəqqi və son texnologiyalardan yararlanmağa çalışırsınız”. O həmçinin bununla bağlı bir məsələni xüsusi vurğulayıb: “Bəli, indi bütün uşaqlar sosial şəbəkələrdən istifadə edirlər. İnternetə qoşulmuş kompyüter isə nəzarətin olmadığı ailələrdə problemlər mənbəyinə çevrilə bilər və çevrilir də. Mən valideyinlərə üzümü tutub deyərdim ki, uşaqlarınızla ünsiyyəti azaltmayın. Azyaşlı internet istifadəçisinin virtual həyatı ilə maraqlanın. Uşaqlar daha çox kitabxanalardan istifadə etsələr, həm özləri üçün faydalı bir iş görmüş olarlar, həm də bu onların sağlamlığına daha yaxşı təsir edər”.

Tədbirdə Şəhər Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsin həkimi Məqbulə Xəlilova “Zədə alarkən neçə hərəkət etməli”, Mingəçevir sularda xilasetmə məntəqəsinin rəisi Rauf Abdullayev “Uşaqlar və çimərlik mövsümü” adlı mövzularda çıxışlar edib.

 

Tədbirdə Texniki humanitar liseyinin, 10 saylı və 9 saylı məktəbin şagirdləri, valideynlər və müəllim kollektivi iştirak edib.

Esmira Hidayətova, Mingəçevir