Mingəçevirdə soyqırım qurbanları yad edilib

0
394

Bu gün YAP Mingəçevir şəhər təşkilatı Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birlikdə 31 Mart-Azərbaycanlıların soyqırımı günü münasibəti ilə tədbir keçirib.

 Tədbirdən əvvəl  soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə əklil qoyulub,  şəhid soydaşlarımızın xatirəsini ehtiramla yad edilib və ruhlarına dualar oxunub.

YAP Mingəçevir şəhər təşkilatının akt zalında  davam edən tədbir soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla başlayıb.

Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov tədbiri giriş sözü ilə açaraq, xalqımızın tarixən qarşılaşdığı çətinliklərdən söz açıb erməni millətçilərinin zaman-zaman Azərbaycan xalqına qarşı törətdikləri qanlı cinayətləri yada salıb. Bildirib ki, böyük Ermənistan yaratmaq kimi sərsəm xülya ilə yaşayan  daşnaklar təkcə 1918-ci ilin mart qırığınları zamanı on minlərlə azərbaycanlını qətlə yetirmişdir.  Azərbaycan xalqımızın qanlı səhifələrindən olan 31 mart soyqrımı ilə bağlı bu hadisələrin mahiyyətindən və buna siyasi, hüquqi qiymət verilməsindən danışaraq  İ.İsmayılov qeyd edib ki, təəssüf ki, bu soyqırımına Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələnə kimi heç bir siyasi hüquqi qiymət verilməmişdir.

Eyni zamanda bildirib ki, bu hadisələri ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra siyasi qiymət verilib. Məhz ümummilli lider Heydər Əliyev 1998-ci ildə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması haqda fərman imzalayıb.

Daha sonra konfransın gündəliyinə əsasən 10 saylı tam orta məktəbin tarix müəllimi Yeganə Bədəlova “1918-ci ilin mart hadisələri ermənilərin xalqımıza qarşı törətdiyi sıyqırımdır”, 3 saylı tam orta məktəbin tarix müəllimi Hilal Qarayev “1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası ermənilərin xalqımıza qarşı apardığı soyqırım siyasətinin  tərkib hissəsidir”, 11 saylı tam orta məktəbin tarix müəllimi Nurəddin Həsənov “Dağlıq Qarabağ və ona bitişik ətraf rayonların işğalı mənfur erməni siyasətinin növbəti mərhələsi kimi”, Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının baş müəllimi “Azərbaycan Respublikası  Prezidentinin 26.03.1998-ci il tarixli “Azərbaycanlıların sıyqırımı haqqında” fərmanı tarixən xalqımıza qarşı aparılan soyqırım siyasətinə verilən siyasi qiymətdir” mövzusunda geniş məruzə ilə çıxış edibilər.

Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, ölkəmizin və xarici dövlətlərin hər birində bu hadisələrin geniş formada təbliğ olunması və dünya ictimayətinə çatdırılması istiqamətində ardıcıl olaraq iş aparılmasına başlandığını və hazırda da ölkə rəhbəri Cənab İlham Əliyevin rəhbərliyi altında İnformasiya Kommunikasiya Texnologiyalarından istifadə etməklə  müasir dövr tələblərinə uyğun olaraq davam etdirildiyini bildirib. Bununla bərabər Prezidentimiz Cənab İlham Əliyevin rəhbərliyi ilə  ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım siyasətini dünyada daha da geniş miqyasda ifşa edildiyini bildirib.

İ.İsmayılov Azəbaycanlıların soyqırımı haqqında həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun çatdırılması üçün dövlətimizin və Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər haqqında da danışıb.

Tədbirdə şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Esmira Hidayətova, Mingəçevir