Mingəçevirdə sağlamlıq imkanları məhdud uşaqlarla bağlı tədbir keçirilib

507

“Mingəçevir şəhərində icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkili” mövzusunda tədbir keçirilib. Tədbirdə layihənin meneceri Mətanət Yusifova çıxış edərək bildirib: “Mingəçevir şəhərində icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkili” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihəmizin aktuallığını və əhəmiyyətini nəzərə alaraq göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına öz dərin minnətdarlığımı bildirmək istəyirəm! Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqlarla digər qəbildən olan uşaqların birgə icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkilindən, sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətin  göstərilməsinə könüllülərin cəlb edilməsindən, onların bilik və bacarıqlarının artırılmasından, sosial qanunvericiliklə bağlı sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin maarifləndirilməsindən, sosial işlə bağlı fəaliyyət göstərən region qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinin səmərəliliyinin artırılmasından ibarətdir.

 

Tədbirdə bildirilib ki, layihə 6 ay müddədinə Mingeçevir şəhərini əhatə edəcək. Məlumdur ki, ölkəmizdə 602.000 nəfər əlilliyi olan şəxs (ƏOŞ) yaşayır və onlardan 71.600 nəfərini 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar (SİMU) təşkil edir.  Mingəcevir şəhərində isə SİMU-nun sayı 1000 nəfərdən artıqdır. Qeyri-rəsmi məlumatlara görə isə onların sayı çoxdur və cəmiyyətdə formalaşmış sterotiplərlə bağlı belə uşaqlar sosial ünsiyyətdən məhrumdurlar. SİMU-nu  cəmiyyətin tam hüquqlu üzvü kimi qəbul edən və onların cəmiyyətə səmərəli şəkildə inteqrasiyasını özündə əks etdirən sosial yanaşma modelinin formalaşdırılması və mövcud qanunvericiliyə sirayət etməsi müasir dövrümüzün ən aktual məsələlərindən  biridir. SİMU-nun cəmiyyətə inteqrasiyasında isə ən əsas yeri onlara sosial  xidmətin göstərilməsi tutur. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının qanunu, xüsusilə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün keyfiyyətli sosial xidmətlərin təmin edilməsini mühüm bir vəzifə kimi qarşıya qoyur və bu baxımdan Mingəcevir şəhərində bu kateqoriyaya mənsub uşaqlar üçün sosial xidmətin daha səmərəli təşkili hazırki dövr üçün olduqca vacib və əhəmiyyətlidir.

 

QHT olaraq Mingəcevir şəhərində fəaliyyət göstərdiyimiz müddətdə apardığımız monitorinqlər göstərir ki, Mingəcevir Dövlət Universitetinin və təhsil müəssisələri tələbələrinin könüllülər qismində belə fəaliyyətlərə cəlb edilməsi olduqca müsbət nəticə verər. Eyni zamanda regionda sosial xidmət sahəsində fəaliyyət göstərən şəxslərə və könüllülərə SİM-də sosial işlə bağlı bilik və bacarıqlarını artırmaq üçün yeni innovativ metodlar əsasında təlimlərin təşkil edilməsidə bu sahədə fəaliyyətin səməriliyini artırardı.

Bu günkü tədbir göstərilən problemlərin həlli baxımından olduqca aktual və əhəmiyyətli olan bir mövzu – Mingəçevir şəhərində  icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkili ilə bağlıdır. Layihə çərçivəsində “Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiə mexanizmlərində icma əsaslı sosial inkişaf mərkəzlərinin rolu”,    “Sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmət göstərilməsinin formaları və mərhələləri” mövzusunda təlimlərin, həmçinin “sağlamlıq imkanları məhdud uşaqların yaradıcılıq potensialının artırılması onların cəmiyyətə inteqrasiyasının mühüm vasitəsi kimi” mövzusunda və rəsm bacarıqlarının artırılmasına dair tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Esmira Hidayətova, Mingəçevir