Mingəçevirdə şagirdlərin fənn olimpiadası keçirilib

514

Təhsil Nazirliyi tərəfindən martın 11-də Mingəçevir şəhərində bölgənin orta məktəb şagirdlərinin iştirakı ilə respublika fənn olimpiadalarının ikinci seçim mərhələsi təşkil olunub.

Mingəçevir şəhər 10 saylı tam orta məktəbdə keçirilən yarımfinal mərhələsində 6 şəhər və rayon üzrə 9, 10 və 11-ci sinif şagirdləri 8 fənn üzrə (riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat) biliklərini nümayiş etdirib.

Təhsil Nazirliyinin əməkdaşı Fuad Qarayev bildirib ki, hazırda Azərbaycanın 12 bölgəsində 6 min şagirdin iştirakı ilə fənn olimpiadalarının yarımfinal mərhələsi keçirilir: “Olimpiadaların birinci rayon (şəhər) mərhələsi bu ilin yanvarında ölkə üzrə 30 minə yaxın şagirdin iştirakı ilə reallaşıb. İkinci turun nəticələrinə əsasən aprel ayında respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək. Yarımfinalda hər fənn üzrə yüksək nəticə göstərən ən yaxşı 60 şagird, yəni 480 şagird olimpiadaların final mərhələsində iştirak etmək hüququ qazanacaq”.

Fuad Qarayev qeyd edib ki, respublika fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə fənlərə qarşı marağı artırmaq, onların bilik və bacarıqlarını nümayiş etdirmək üçün zəmin yaratmaq, istedadlı uşaqları aşkar etmək və onlarla məqsədyönlü iş görməkdir. “Son 3 ildə respublika fənn olimpiadalarının maksimum şəffaf, obyektiv və düzgün şəkildə keçirilməsi şagirdlərin olimpiadalara marağını artırıb. Belə ki, biz ilk dəfə bu olimpiadaları keçirəndə 22 minə yaxın şagird iştirak edirdisə, artıq bu il iştirakçı şagirdlərin sayı 30 minə çatıb. Olimpiadada iştirak edən şagirdlərin hamısına Təhsil Nazirliyinin sertifikatı təqdim edilir və final mərhələsində iştirak edən şagirdlərə diplomlar verilir”, – deyə o bildirib.

 

 

 

Esmira Hidayətova