Mingəçevirdə səyyar görüşlər davam etdirilir

93

 

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə keçirdiyi səyyar görüşlər maraqla qarşılanır. Canlı diskusiyalar şəklində davam edən görüşlərdə aktivlik, fəallıq özünü göstərir. Sakinlər şəhər rəhbəri ilə birbaşa əlaqə yaratmaqla öz problemlərini dilə gətirir, onun həll edilməsinə səy göstərirlər.

Dünən 9  nömrəli tam orta məktəbin akt zalında  təşkil olunan səyyar görüş də bu baxımdan diqqəti cəlb edirdi. Qeyd edək ki,  görüşə əsasən məktəbə yaxın olan yaşayış binalarının sakinləri dəvətli idilər. Amma görüş başlanarkən məlum oldu ki, buraya şəhərin müxtəlif ərazilərində yaşayan sakinlər də gəlmişlər.

Bu görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov cənab Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasəti nəticəsində Vətənimizin gündən-günə inkişaf etdiyini diqqətə çatdırdı. Xüsusilə Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsindən sonra burada böyük quruculuq işlərinin aparıldığını, doğma Qarabağımıza yeni nəfəs gəldiyini vurğuladı.

İlham İsmayılov şəhərdə aparılan abadlıq-quruculuq işlərindən, yeni layihələrin icrasından da  danışdı.  Bildirdi ki, bütün bunlar şəhər sakinlərinin yaxından köməyi, diqqət və qayğısı, təklif və mülahizələri sayəsində mümkün olur: “Şəhər İcra Hakimiyyəti olaraq işlərimizi belə səyyar görüşlər zamanı irəli sürülən fikirlər, məsləhət və tövsiyyələr əsasında qururuq”.

Görüşdə sakinlər çıxış edərək onları narahat edən məsələlərə toxundular, bir sıra vacib problemlərin yerindəcə həll olunmasını istədilər. Xalq artisti, Prezident mükafatçısı, Mingəçevir Dövlət Dram Teatrının aparıxı aktrisası Ella xanım Yaqubova da sakinlər arasında idi. O, başçıya öz problemi ilə bağlı müraciət etdi. Bildirdi ki,  Mingəçevir Dövlət Dram Teatrında əmək müqaviləsinin vaxtının uzadılmasına, 75 illik yubileyinin qeyd edilməsinə və Azərbaycan Respublikası Prezidentinin Fərdi təqqüdünün verilməsinə köməklik göstərsin.

İcra Hakimiyyətinin başçısı sakinləri əmin etdi ki, qaldırılan  problemlər   nəzarətə götürülərək  və tezliklə həllini tapacaq.

Esmira Hidayətova, Mingəçevir