Mingəçevirdə şəhidin xatirə lövhəsinin açılışı keçirilib

152

Bu gün şəhid  Mirzəyev Elçin Maqsud oğlunun  yaşasaydı 36 yaşı olacaqdı. Bu münasibətlə yaşadığı Mingəçevir şəhəri Az.Dres qəsəbəsində xatirə lövhəsinin açılış mərasimi keçirilib. Mərasimin təşkilatçıları “Nur”dəstək qrupu əvvəlcə şəhid haqqında məlumat veriblər. Bildirilib ki, Elçin Mirzəyev 31 iyul 1985-ci ildə Tətər rayonunun Qərvənd kəndində dünyaya gəlib. 1991-ci ildə orta məktəbə gedib. 2002-ci ildə məktəbi bitirən Elçin Mingəçevir Tibb Kollecinin Ortopedik stomatologiya fakültəsinə daxil olur. Elə ailə quracağı xanımla – Günellə də bu təhsil ocağında tanış olur.

Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanır. Hərbidən qayıtdıqdan sonra təhsil aldığı ixtisas üzrə işləməyə başlayır. 2007-ci ildə ailə quran Elçin Mirzəyev 2014-cü ildə kəşfiyyatçı olaraq, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi fəaliyyət göstərir. Vətən müharibəsində döyüşlərdə yaralansa da təkrar döyüşə qayıdır. Şəhidimiz torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək Talış kənd və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edir. Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Onun 3 qız  övladı Vətənə əmanətdir!

Şəhidin həyat yoldaşı Günel xanım bizə verdiyi açıqlamasında bildirdi ki, Elçin Mirzəyev döyüşlərin ikinci günü, yəni sentyabrın 28-ində  Tərtər-Ağdərə istiqamətində qanlı döyüşlərdə yaralanıb: “5 gün Gəncə şəhər Hərbi Hospitalında müalicə aldıqdan sonra yenidən döyüş bölgəsinə, Tərtər-Ağdərə istiqamətinə, döyüşçü, hərbçi yoldaşlarının yanına qayıdıb və yenə də öndə döyüşənlərdən olub”. Günel xanım, həmçinin qeyd etdi ki, o, oktyabrın 8-ində bir günlüyə Mingəçevirə yanımıza  gəlib: “Ayın 10-unda  vatsapda yazdı ki, narahat olmayın, hər şey yaxşıdır, irəliyə doğru gedirk. Axşam Saat 12-nin yarısı olardı, mətbəxə keçərkən əlimdə nə vardısa, hamısı yerə töküldü və ani olaraq, əlim Göyə qalxdı, sanki dua edəcəyəm… Qeyri-ixtiyari olaraq, öz-özümə Elçinə halallıq verdim… Sən demə bu təsadüf deyilmiş, bir işarət imiş, həmin vaxt Elçin Şəhid olubmuş. Həmin gün sanki özümdə olmadım, eləcə ora-bura gedib-gəlirdim, yerimdə rahatlıq tapa bilmirdim… 11-i axşama qədər gözlədim, gördüm Elçindən xəbər çıxmır, adətən hər gün zəngləşir, ya da vatsaplaşırdıq. Qardaşına zəng etdim, dedim ki, dünəndən çox narahatam, Elçindən heç bir xəbər yoxdur. Və iki gün sonra, ayın 13-ündə xəbər aldıq ki, Elçin Şəhid olub… Elə həmin gün nəşini Yevlaxa gətirdik və onu Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn etdik. O günlər mənim üçün çox dəhşətli günlər idi. Heç cür özümə gələ, özümü ovuda bilmirdim.”

Günel xanım onu da bildirdi ki, bu gün şəhidin cənnətindəki ilk doğum günüdür.

Şəhidləri dəfəllərlə Mingəçevirə gələrək ziyarət edən Kamil Zeynall bu dəfə  də Elçinin xatirə löhvəsinin açılışında iştirak edib. Kamil qeyd edib ki, özümə borc bildim ki, bu gün şəhid qardaşımın ailəsinin yanında olum və lövhənin açılışında iştirak edim: ”Sevinirəm ki, şəhidlərin adları əbədiləşdirilir. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Qeyd edək ki, ölümündən sonra Elçin Mirzəyev  Prezidenti İlham Əliyevin sərəncamlarınna əsasən 3 medalla –“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”  “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Esmira Hidayətova, Mingəçevir