Mingəçevirdə şəhid ailələrini ziyarət ənənəyə çevrilir

89

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhid ailələrini ziyarəti davam edir. Növbəti belə ziyarət noyabrın 30-da şəhidlərimiz Məmmədli Məhəmməd Murad oğlu və Allahverənov Telman Fazil oğlunun ailələrinə olunub. İlham İsmayılovla yanaşı şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri və İcra Hakimiyyətinin rəsmi şəxsləri də şəhid ailələrinin ziyarətində iştirak ediblər. Ziyarət zamanı şəhid ailələrinə İcra Hakimiyyəti adından ərzaq sovqatları təqdim olunub.
Ziyarət öncəsi, şəhər rəhbəri şəhidlərimizin xatirə lövhələrinə baxış keçirib, onların qarşısında ehtiramla baş əyib.
İcra hakimiyyətinin başçısı İlham İsmayılov şəhid ailələri ilə görüş zamanı qeyd edib ki, Azərbaycan torpaqlarının düşməndən azad edilməsi uğrunda Ali Baş Komandanın dəmir yumruğu ətrafında birləşərək canlarını fəda edən igidlərimizin qəhrəmanlıqları heç vaxt unudulmayacaq. Dövlətimiz və xalqımız hər zaman onların müqəddəs xatirəsini yaşadacaq.

Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısından söz açan İlham İsmayılov bildirib ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində bundan sonra da geniş tədbirlər görüləcək.
Şəhid ailələrinin üzvləri göstərilən diqqətdən məmnun olduqlarını dilə gətirməklə yanaşı, buna görə dövlət başçısı Prezident İlham Əliyevə təşəkkür ediblər.
Budəfəki görüşlərdə də İcra başçısı ənənəvi olaraq şəhid ailələrinin  sosial-məişət vəziyyətləri, qarşılaşdığı problemlərlə  maraqlanıb, eyni zamanda, müraciətlərini dinləyərək həlli ilə bağlı müvafiq göstərişlər verib. Şəhid Fazil Allahverənovun anası dövlətin diqqət və qayğısından razılığını bildirib.

Esmira Hidayətova, Mingəçevir