Mingəçevirdə “Region Könüllülərinin İnkişaf Forumu” keçirilib

819

“Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilatçılığı, Mingəçevir Dövlət Universiteti, Mingəçevir şəhər Gənclər və İdman İdarəsi, Mingəçevir Regional ASAN Xidmət Mərkəzinin tərəfdaşlığı ilə “Region Könüllülərinin İnkişaf Forumu” keçirilib.

Forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin müstəqilliyi və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Forumda Mingəçevir Gənclər Evi, Mingəçevir Dövlət Universiteti, Mingəçevir şəhər Regional ASAN Xidmət Mərkəzi, “İşıqlı Gələcək” GİB, “Region Könüllüsü” Gənclər Hərəkatının könüllüləri, gənclər və media nümayəndələri iştirak ediblər. Forumun moderatoru “Region Könüllülərinin İnkişaf Forumu”nun təşkilində əsas məqsədin regionda könüllülər arasında şəbəkələşməni yaxşılaşdırmaq, könüllülərlə işi daha da təkmilləşdirmək olduğunu bildirib. Moderator öz çıxışında “Region Könüllüsü” Gənclər Hərəkatının yaradılması təşəbbüsü, qarşıya qoyulan məqsəd və vəzifələr, həmçinin hərəkata üzvlüklə bağlı əsas məqamları iştirakçıların diqqətinə çatdırıb.

Sonra isə “Region Könüllüsü” Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən və gələcəkdə keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı iştirakçıları məlumatlandırıb. Qeyd edək ki, “Region kölüllüsü” gənclər hərəkatı Mingəçevir Gənclər Evinin təşəbbüsü ilə bir qrup gənc tərəfindən formalaşdırılıb. Burada əsas məqsəd regionlarda könüllü fəaliyyətinin təbliğ edilməsi, yeni və daha fərqli layihələrin, təlim proqramlarının icra edilməsidir.

Daha sonra forum iştirakçıları 2 fevral – Gənclər Günü ilə əlaqədar Mingəçevir Gənclər Evi tərəfindən hazırlanan və gənclərin könüllü fəaliyyəti ilə yanaşı, xarici ölkələrdə yaşayan gənclərin Mingəçevir gənclərinə təbriklərini özündə birləşdirən videoroliki izləyiblər. Forum moderator və gənclər tərəfindən spikerlərə ünvanlanan sualların  cavablandırılması ilə davam edib.

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov 2020-ci ilin “Könüllülük ili” elan olunması ilə bağlı bütün könüllüləri təbrik edib, bu hadisəni könüllülərə və onların əməyinə verilən qiymət kimi dəyərləndirib. Öz könüllülük fəaliyyəti ilə bağlı məqamları iştirakçılarla bölüşən Şahin Bayramov gənclərə onlar üçün yaradılan imkanlardan maksimum şəkildə faydalanmağı tövsiyə edib.

           Daha sonra çıxış edən Mingəçevir Regional ASAN Xidmət Mərkəzinin direktoru Elxan Cəfərov könüllülərin seçimi zamanı nizam-intizamlı, məsuliyyətli, təşəbbüskar, diqqətcil, öyrənməyə həvəsli və inkişaf etməyi qarşısına məqsəd qoyan tələbə gənclərə üstünlük verdiklərini bildirib: “Könüllü fəaliyyət gənclərə gələcək karyera həyatındakı gözləntiləri bilməyə fürsət yaradır.”

Gənclərin sualını cavablandıran Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli könüllülərin fəaliyyətinin həm gənclər, həm də mərkəz üçün olduqca faydalı olduğunu söyləyib. Gənclərin dünyagörüşü, şəxsi inkişafına təkan verməklə yanaşı, könüllü əməyinin müəssisə əməkdaşlarının işini asanlaşdırdığını deyən Kamal Nəcəfli könüllülərin gün ərzində fərqli insanlarla ünsiyyətdə olduqlarını, bunun isə ünsiyyət bacarıqlarının formalaşmasına müsbət təsir göstərdiyini bildirib.

Sosial problemlərin həllində könüllü fəaliyyətin rolu ilə bağlı gənclərin sualını cavablandıran Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov könüllü fəaliyyətlə məşğul olan çox sayda gəncin işlə təmin olunduğunu bildirib. Çoxsaylı sosial layihələrdə iştirak edən gəncin bilik və bacarığını artırmaqla yanaşı, digər gənclərə də örnək olduqlarını qeyd edib: “Bu layihələr, eyni zamanda sosialyönümlü aksiyalar çərçivəsində uşaq evləri, əsəb dispanserini ziyarət etmək, şəhid ailələri ilə görüşüb, onlarla ünsiyyətdə olmaq və ətraf mühitin tullantılardan təmizlənməsində aktiv iştirak etmək gəncləri daha məsuliyyətli olmağa sövq edir”.

Daha sonra forum iştirakçılarının fikirləri dinlənilib. 2019-cu ilin ictimai fəaliyyətdə fərqlənən ən fəal gəncləri və gənclər təşkilatları fəxri fərmanlarla təltif ediliblər.

Sonda Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov forum iştirakçılarına öz təşəkkürünü bildirib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. Direktor forumun öz müsbət nəticələrini qısa zamanda göstərəcəyinə əmin olduğunu bildirib.  Forum xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

Esmira Hidayətova, Mingəçevir