Mingəçevirdə Qurban bayramı belə qeyd edildi

155

 

Mingəçevirdэ şəhər İcra Hakimiyyəti başçısı aparatının təşkilatçılığı və Mingəçevir Bələdiyyəsinin dəstəyi ilə müqəddəs Qurban bayramı münasibəti ilə qurban kəsimi tədbiri həyata keçirilmişdir. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılov, aparatın məsul işçiləri, Mingəçevir şəhər polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev, şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyev və bələdiyyə üzvləri, YAP şəhər təşkilatının sədri Cavanşir Yusubov, şəhid ailələri və müharibə veteranları, eləcə də digər ictimai təşkilatların rəhbərləri, din xadimləri, mətbuat nümayəndələri iştirak etmişlər. Qurban kəsimi mərasimində din xadimi dua oxumuş, xoş arzularını çatdırmışdır. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov mərasimdə çıxış edərək Qurban bayramı haqqında fikrini bölüşmüş, ölkə rəhbəri cənab İlham Əliyevin Azərbaycan xalqına təbrikini mərasimdə iştirak edənlərin nəzərinə bir daha çatdırmış, mingəçevirlilərə ürək sözlərini bildirmiş, bayramlarını təbrik etmişdir.

Qeyd edək ki, şəhər sakinlərinə Qurban bayramı günündə 600 kiloqramadək ət paylanılmışdır. Onların arasında 251 şəhid ailəsi, 80 nəfər birinci Qarabağ əlili, 43 nəfər ikinci Qarabağ əlili, 20 nəfər Əfqanıstan veteranı, eləcə də digər imkansız ailə üzvləri vardır.

Daha sonra icra başçısı Qurban bayramı münasibəti ilə Mingəçevir Uşaq Nevroloji Sanatoriyasında olan kimsəsiz uşaqları da ziyarət edib. Qurban payından onlar üçün ləziz təamlar bişirilib və bu təamlardan onlarda dadıblar.

 

Esmira Hidayətova, Mingəçevir