Mingəçevirdə peşə təmayüllü sinif fəaliyyət göstərəcək

121

 

Peşə təmayüllü siniflər 2019-2020-ci tədris ilində 14 şəhər və rayonda ümumilikdə 20 məktəbdə 420 şagirdlə fəaliyyətə başlamışdır.
2020-2021-ci tədris ilində 15 yeni sinif açılmaqla “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin əhatəsi daha da genişləndirilib. Hazırda layihə 28 şəhər və rayonda 35 məktəb, 55 sinif, 1187 şagird, 165 müəllim heyəti ilə tədris prosesini davam etdirir. Belə təmayüllü siniflərdən bir də Mingəçevir R.Mirabov adına 7 saylı tam orta məktəbdə bu ildən tətbiq edilir.

Peşəyə məktəbdən yaranan maraqla bağlı məktəbin direktoru Anar İsmayılov bizimlə söhbətində bildirdi ki, burada məqsəd təhsilalanların ümumi orta təhsil bazasında peşə təhsilinə hazırlanması, peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlarla təmin olunması yolu ilə əmək bazarına hazırlanmasıdır: ” Qeyd edim ki, ümumi təhsil aldıqları müddətdə peşə vərdişlərinə yiyələnmək şagirdlərə texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq,  sağlam həyat tərzi keçirmək və ətraf mühitə fəal inteqrasiya olmaq imkanı verir. Peşə təmayüllü sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də yiyələnəcəklər. Bu da onların əmək bazarında özlərinə rahat iş tapmalarına yardım edəcək. Bu səbəbdən də şagirdlərin peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması üçün ümumi təhsil müəssisələrində peşə təmayüllü siniflərin təşkili ciddi aktuallıq kəsb edir. Artıq valideynlər müraciət ediblər və saylı yerlərimiz qalıb. Hələ ki bu ildən 20-22 şagirddən ibarət  bir sinif fəaliyyət göstərəcək. Şagirdlər sadəcə  həftənin iki gününü peşəyə yiyələnəcklər. Peşə təmayüllü sinif həftənin 3 günü ümumtəhsil fənləri keçir, 2 gün isə layihə üzrə müxtəlif modullara yiyələnirlər. Hər peşə bir il tədris olunur. Ötən il məktəbimizdə  “STEAM” metodologiyası da tətbiq edilib”.

Anar İsmayılov məktəbin  builki nəticələrinin ürəkaçan olduğunu da vurğuladı. Bildirdi ki, bu il 11-ci sinifi 51 nəfər şagird bitirib. 30 şagird ali məktəbə sənəd verib. Onlardan 25 nəfəri ali məktəblərə qəbul olub. Təmayül siniflərdən 15 şagird ali məktəbə sənəd verib, 13 şagirdimiz ali məktəblərə qəbul olub. Şəhər üzrə ən yüksək bal nəticələrinə görə məktəbimiz  ikinci yerdə qərarlaşıb.

Yeni tədris ilinin başlanması münasibəti ilə təhsil işçilərini və şagirdləri təbrik edən direktor ənənəvi təhsilə qayıdışın əsas şərti təhsil işçilərinin vaksinasiyası ilə bağlıdır dedi. Bildirdi ki, onlar cari ilin yanvar ayından həyata keçirilən vaksinasiya prosesinə ilk qoşulanlardandır. Hazırda  işçilərinin 80 faizdən çoxu COVID-19 əleyhinə vaksinasiyadan keçib.

 

Esmira Hidayətova, Mingəçevir