Mingəçevirdə “Narkomaniyaya yox deyək” tədbirləri davam etdirilir

65

 

 Mingəçevir şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev polis əməkdaşları ilə birgə orta məktəblərdə narkomaniya və digər zərərli vərdişlərə qarşı maarifləndirici tədbirləri davam etdirir. Bu məqsədlə polis əməkdaşları bu gün Mingəçevir 5 saylı tam orta məktəbdə olublar. Məqsəd  bəşəriyyətin ən böyük bəlalarından biri olan narkomaniyaya qarşı birgə mübarizəni davam etdirməkdir. Əvvəlcə məktəbin direktoru Sevinc Talıbova  zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq, polis əməkdaşlarına onlarla birgə maarifləndirici tədbirlərin keçirilməsinə görə minnətdarlıq bildirib.

Şöbə rəisi çıxışında  yeniyetmələri sağlam həyat tərzi keçirməyə, ətraf aləmin gözəlliklərindən – təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı bilik və bacarıqlar öyrənməyə çağırıb. Qeyd edib ki, bizi narahat edən məsələlər var, bu da narkomaniyadır və  ən əsası da narkomaniya gizli həyata keçirilir, sosial şəbəkələr üzərindən bu bəlanı gənclərimizə ötürürlər. Bu bəla getdikcə inkişaf edir, əgər statistikaya baxsaq birinci rübdə dövriyədən  1 ton 64 kq güclü təsiredici narkotik çıxarıldığını görərik: ”Bizə düşmən olan ölkələr marağındadır ki, Azərbaycanda narkotika sürətlə yayılsın. Şəxsi heyətimiz mütamadi olaraq  bu bəlaya qarşı mübarizə tədbirlərini gücləndirir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində  129 faktı aşkar ediblər. Eyni zamanda ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı da ciddi tədbirlər həyata keçirilir”.

Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov çıxışı zamanı narkomaniyanın törətdiyi fəsadlardan ətraflı məlumat verib.  Tədbir zamanı həmçinin slaydlar vasitəsi ilə şagirdlərə narkotik vasitələr göstərilib və onların təhlükələri ətraflı izah edilib.

Mingəçevir şəhər Təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev  ölkəmizdə narkomaniya əleyhinə aparılan mübarizə tədbirlərinə töhfə vermək məqsədilə orta məktəblərdə yeniyetmələr   arasında müvafiq maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verildiyini qeyd edib.

Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Esmira Hidayətova, Mingəçevir