Mingəçevirdə narkomaniya ilə mübarizə mövzusunda növbəti tədbir keçirilib

212

 

Mingəçevir şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev orta məktəblərdə narkomaniya və digər zərərli vərdişlərə qarşı polis əməkdaşları ilə birgə məktəblərə gələrək bu mövzularla bağlı maarifləndirici tədbirlər keçirirlər. Məqsəd gələcəyimiz olan gənclərin  və yeniyetmələrin  diqqətini narkotik maddələrin insan sağlamlığına, onun maddi və mənəvi aləminə vurduğu zərərlərə yönəltmək və narkomaniya ilə mübarizədə hər kəsi daha aktiv olmağa səsləməkdi.

Belə tədbirlərdən biri də Mingəçevir 1 saylı tam orta məktəbin akt zalında keçirilib. Əvvəlcə məktəbin direktoru Əliyar Yusifov çıxış edərək məktəb haqqında məlumat verərək bildirib ki, 1 saylı məktəbdə 1397 şagrid təhsil alır. Daha sonra polis polkovniki Ədalət Əliyev    şagirdlərə ətraflı məlumat verərək qeyd edib ki, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. Polis rəisi  son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndirilməsi, dövlət orqanlarının bu sahədəki fəallığının xeyli artırdığını və sosial bəlaya qarşı aparılan mübarizədə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb.

Narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili, polis mayoru Emir Cavadov çıxışı zamanı narkomaniyanın törətdiyi fəsadlardan ətraflı məlumat verib.

Polis kapitanı Vasif Quliyev “Erkən nikah və onun törətdiyi fəsadlar”, müstəntiq Rəşad Əhmədov “Cinayət məsuliyyəti daşıyan və təhlükəli erkən nikah”, Xankişiyev Cahangir “Dini fanatizm, radiklizm, ekstremizmin mahiyyəti və təhlükələri” mövzularında çıxışlar ediblər.  YPX baş inspektoru, polis baş leytinantı Samir Sultanov isə yol hərəkəti qaydaları ilə yetkinlik yaşına çatmayanları ətraflı məlumatlandırıb.

Mingəçevir Təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə dəyəri ölçülməyəcək dərəcədə fəsadlar vurduğunu bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Tədbirin sonunda mövzu ilə əlaqədar şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Esmira Hidayətova, Mingəçevir