Mingəçevirdə Müstəqilliyin bərpasının 30 illiyinə həsr olunmuş sərgi keçirilib

143

18 Oktyabr – Müstəqilliyin bərpasının 30 illiyi münasibətilə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində gənc istedadların  rəsmlərindən ibarət sərgi keçirilib. Sərgidə şəhərin Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Müstəqilliyimiz əbədidir” mövzusunda keçirilmiş müsabiqənin qaliblərinin rəsm əsərləri nümayiş olunub. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Milli Məclis sədrinin birinci müavini, Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli də gənc rəssamların əl işlərinin nümayiş olunduğu sərgidə iştirak ediblər.

Tədbir öncəsi,  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Mərkəzin önündə ucaldılmış ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsi önünə gül dəstələri qoyublar. Sonra, Uşaq-Gənclər İnkişaf Mərkəzinin yetirmələrinin ifasında Müstəqilliyin bərpasının 30 illiyinə həsr olunmuş əbədi-bədii kompozisiya səsləndirilib. İstedadlı uşaqların dilə gətirdiyi günün anlam və önəmini vurğulayan şeirlər tamaşaçılarda xoş ovqat yaradıb. Ardınca sərgiyə baxış keçirilib, baxış boyu qonaqlara hər bir əsər barədə ətraflı məlumat verilib. Sərgidə nümayiş olunan əsərlər onların böyük marağına səbəb olub.

 

Esmira Hidayətova, Mingəçevir