Mingəçevirdə milli mətbuatımızın 142-ci ildönümü qeyd edilib

802

Mingəçevirdə milli mətbuatımızın 142-ci ildönümü münasibətilə tədbir keçirilib. “Kür” otelində təşkil olunan ziyafətdə  şəhər rəhbərliyi ilə yanaşı, hüquq-mühafizə orqanlarının, icra nümayəndələrinin, eləcə də bələdiyyə sədrləri iştirak ediblər. Təbrik nitqi ilə çıxış edən Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində ölkəmizdə jurnalistlər üçün hər cür şərait yaradılır, onların yaşayış şəraitini yaxşlaşdırmaq bu gün də diqqət mərkəzindədir: “Ölkəmizdə söz və mətbuat azadlığına, KİV-lərə yüksək səviyyədə diqqət və qayğı hələ ulu öndərin sağlığında da olub. Ulu öndər hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib. Bu gün də möhtərəm prezidentimiz bu missiyanı uğurla davam etdirir”.

Daha sonra “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, “Mingəçevir”qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, qəzetin əməkdaşı İsmayıl İmanzadə və digərləri mətbuatımızla bağlı fikirlərini bölüşüblər.

Ziyafət şən musiqi sədaları altında davam edib.

Tədbirdə iştirak edən jurnalistlər bizimlə söhbətlərində 22 iyul – Azərbaycan Milli Mətbuatının yaranmasının 142-ci ildönümündən söz açıblar.

 

“Mingəçevir” qəzetinin foto-müxbiri İslam Şirinov ömrünün 34 ilini bu sahədə keçirdiyini bildirib: “1983-cü ildə “Oqni Minqeçaur” qəzetində foto-müxbir kimi fəaliyyətə başlamışam. Şəhərin bütün tədbirlərindən fotolar lentə almışam. Qarabağ müharibəsi ilə bağlı şəkdiyim şəkilərdən hazırladığımız video-sujet – “Döyüşən Mingəçevir” hər şeyi deyir. Ancaq quru əmək haqqından başqa bu günə qədər bir qazancım olmayıb. Allah Prezidentimizin canını sağ eləsin, nə vaxtsa bizim də üzümüz gülər”.

 

Qəzetin digər əməkdaşı operator-dizayner vəzifəsində 10 ildən artıq çalışan Mübariz Həsənov da öz ürək sözlərini dilə gətirib: “Mən də mənzil alan jurnalistləri təbrik edirəm. Mən də çox istərdim ki, bölgə jurnalistikasına da diqqət ayrılsın bizim də mənzil şəraitimizin yaxşılaşdırılması gündəmdə olsun”.

 

“Mingəçevir işıqları” qəzetinin redaktor müavini Yeganə Nəbiyeva isə deyib: “Bəli, bu gün Bakıda fəaliyyət göstərən jurnalistlər mənzillə təmin olundular. İstərdik ki, növbə bölgə jurnalistlərinə də çatsın. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu region qəzetlərinə də diqqət ayırsın, yardımlar göstərsin. Regionlarda vəziyyət çox bərbaddır. Qəzet çıxarmaq üçün maliyyə vəsaiti yoxdur, abunəçilərin sayı getdikcə azalır. Jurnalistlərin qazancları ürəkaçan deyil. İstərdik ki, jurnalistlər təkcə mətbuat günündə yox, hər gün diqqət mərkəzində olsun”.

 

 

“Azərbaycan bələdiyyəsi” qəzetinin müxbiri İxtiyar Həsənli və “Mingəçevir” qəzetinin müxbiri Mətanət Məmmədova da həmkarlarını dəstəkləyib.

Esmira Hidayətova, Mingəçevir.